RU

Çinlə Orta Asiya ölkələri arasında ticarət dövriyyəsi artıb

Yazını böyüt
Yazını kiçilt

2024-cü ildə Orta Asiya ölkələrinin Çinlə ümumi ticarət dövriyyəsi 94,8 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,4 milyard dollar çoxdur.

Hafta.az-ın yazdığına görə,  bu barədə Çin Xalq Respublikası Baş Gömrük İdarəsinin məlumatında deyilir.

Qazaxıstan Çinlə ticarət dövriyyəsində region ölkələri arasında lider olaraq bütün iqtisadi əməliyyatların 46 faizdən çoxunu - 43,8 milyard dollarlıq hissəsini özündə cəmləyir.

Digər bölgə respublikaları ilə ticari əməkdaşlıq aşağıdakı kimidir:

Qırğızıstan 22,7 milyard dollar (24 faiz), Özbəkistan 13,7 milyard dollar (14,5 faiz), Türkmənistan 10,6 milyard dollar (11 faiz) və Tacikistan 3,8 milyard dollar (4 faiz).

Çinin Qazaxıstanla ticarət dövriyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə 2,8 milyard dollar, Qırğızıstanla 2,9 milyard dollar, Türkmənistanla 57 milyon dollar, Tacikistanla 65 milyon dollar və Özbəkistanda 260 milyon dollar artıb.

Bu arada, Tacikistanın statistika agentliyinin məlumatına görə, 2024-cü ildə Tacikistan - Çin ikitərəfli ticarət dövriyyəsinin ümumi həcmi təxminən 1 milyard 956 milyon dollar təşkil edib ki, bu da Çin statistikasından 50 faiz azdır.

Çin və digər region ölkələrinin məlumatları arasında da fərqlər var. Belə ki, Özbəkistan və Çin statistikası arasında fərq təqribən 10 faiz, Qazaxıstanda 32 faiz, Qırğızıstanda isə 4 dəfədir.

Qırğızıstanda Çinlə məlumat fərqi tranzit yüklərin uçotunun xüsusiyyətləri ilə bağlıdır.

“Çindən göndərilən bütün yüklər Qırğızıstana ixrac elan edilib. Bununla belə, onların əhəmiyyətli bir hissəsi tranzitlə başqa dövlətlərə göndərilir ki, bu da statistik uyğunsuzluğa gətirib çıxarır”, - Qırğızıstan Ticarət və Sənaye Palatasının Nəqliyyat və Logistika Komitəsinin rəhbəri Azamat Cumabekov deyib.

Tacikistanın gömrük departamenti daha əvvəl də Çinlə ticarət dövriyyəsi üzrə statistik məlumatların uyğunsuzluğunu izah etmişdi - ölkələr müxtəlif metodologiyalardan və fərqli gömrük uçotu qaydalarından istifadə edirlər.

“Keçmiş sovet ölkələri arasında müvafiq razılaşma ilə təsdiqlənən metodologiyadan, Çində isə tamam başqa metodologiyadan istifadə olunur”, - deyə Tacikistan gömrükçüləri bildiriblər.

Bundan əlavə, qeyd edilib ki, Tacikistanda müxtəlif obyektlərin tikintisi üçün Çin tikinti şirkətləri tərəfindən gətirilən bütün avadanlıqlar Çin statistikasında ixrac kimi təsnif edilir, lakin Tacikistan statistikasında idxal kimi qeydə alınmır.

Belə tədarüklər müvəqqəti idxal statusuna malikdir və bu statusda olan bütün mallar statistikada idxal kimi nəzərə alınmır.

Избранный
30
hafta.az

1Источники