RU

Coğrafiyadan yüksək bal toplayan müəllim: "Sertifikasiyanın müsahibəsi asan olur"

Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinə 2021-ci ildə başlanılıb. Həmin il alman, fransız, ingilis dili, coğrafiya, təsviri-incəsənət müəllimiyi, eləcə də fiziki tərbiyə və ibtidai sinif müəllimliyi ixtisasları üzrə müəllimlər imtahanda iştirak ediblər. Ən yüksək nəticəni də xarici dillər, coğrafiya və təsviri incəsənət müəllimləri göstərib.

 

AzEdu.az Təhsil Portalı sertifikatlaşdırmadan uğurla keçmiş, “Örnək müəllim”lərdən proseslə əlaqədar açıqlamalar alır.

154303

Müsahibimiz Elman Dünyamalıyev Sədərək kənd 2 nömrəli tam orta məktəbin Coğrafiya müəllimidir.

 

O, sertifikasiyanın test imtahanı mərhələsindən 54, müsahibədən isə maksimum - 40 olmaqla, ümumi 94 bal toplayıb.

 

Elman müəllim qeyd edib ki, o, uzun müddət sertifikasiyaya hazırlaşmayıb:

 

“İmtahana fasilələrlə, az müddət hazırlaşmalı oldum. Məktəbdə dərs hissə müdiri kimi də fəaliyyət göstərdiyimdən vaxtım bir qədər məhdud idi. Vaxt tapdıqca yalnız kurikulum üzərində çalışırdım. İxtisasımla bağlı hər hansısa narahatlığım olmayıb. Mən hələ orta məktəbdən coğrafiyanı yaxşı oxuyurdum. Qəbul imtahanında da həmin fəndən maksimum bal toplamışdım.

 

Sertifikasiya olmamışdan əvvəl də tədris etdiyim fənni daha dərindən mənimsəmək üçün öz üzərimdə çalışırdım. Müəllimliyi layiqincə yerinə yetirmək üçün ixtisasımı ən mükəmməl formada bilmək hədəfim olub. Buna görə də sertifikasiyada kurikuluma hazırlaşdım. Fasilələrlə 2 ay olmaqla 20 sualdan 15-nə düzgün cavab yazdım. Hazırlıq zamanı daha çox internet resurslarına, test vəsaitlərinə müraciət etdim".

 

Müsahibimiz sertifikasiya suallarının çətinlik dərəcəsinə də nəzər salıb:

 

“Deyirlər ki, “insan bilmədiyinin cahilidir”. Əgər bilirsənsə, o sənin üçün çətin deyil. Ən asan sualı belə, unutmusansa, xatırlamırsansa, o sənə çətin görünəcək. Zənnimcə, 5 il əvvələ görə suallar normal səviyyədə idi".

 

Naxçıvan üzrə Coğrafiya müəllimlərinin sertifikatlaşdırması prosesindən  94 bal toplamış “Örnək müəllim” digər ərazilərdə sertifikasiyaya buraxılacaq müəllimlərə tövsiyələr verib:

 

“Mən şagirdlərimə, eləcə də qəbul imtahanına hazırlaşan abituriyentlərə bildirirəm ki, bir məsələni daha yaxşı anlamağın yolu onu dərk etmək, başa dümşməkdir. Əzbərləməyə çalışmaq, əzbərçilik, unutmağa şərait yaratmaqdır. Başa düşülməyən hər bir sual stress anında unudulacaq. Anlamaq üçün də sual vermək lazımdır. Cümlədə hansısa bir aydın olmayan məqam varsa, mütləq o araşdırılmalıdır. “Niyə məhz elə deyil, belədir?”, “Filan şey niyə yoxdur?”, “Niyə var, niyə yoxdur?”, - deyə insan özündən soruşmalıdır. Sualları dərk etdikdən sonra unutmaq mümkün olmur.

 

Əgər test mərhələsinə bu qayda ilə hazırlaşıb, mövzuya hakimsənsə, biliyini müsahibə mərhələsində də istənilən formada təqdim edə bilərsən. Müsahibədə metodu, baxış bucağını dəyişə, bir mövzunu bir neçə aspektdən izah edə bilərsən. Fikrimcə, müsahibə mərhələsi daha asandır".

 

“Stressin yaranma səbəbi özünə inamsızlıqdır”,- deyə E.Dünyamalıyev qeyd edib:

 

“Atalar deyir ki, “Qorxunun əcələ faydası yoxdur”. Stress yaşamaq nəticələri daha da pis etməkdən başqa heç nəyə yaramır. Fikirləşmək lazımdır. Ən pis halda nə ola bilər ki? İmtahan gedişatında maksimum kəsilmək, qeyri-məqbul nəticə göstərmək olur. Bu isə son deyil, əksinə təcrübədir. İnsan uduzduqca qazanır. Növbəti il daha yaxşı nəticə göstərmək mümkündür, təki insan özü istəsin və bacarsın”.

Избранный
30
azedu.az

1Источники