RU

Bir mövsümdə əriyən şöhrət... - YAZI

“Qarabağ” ümumilikdə zəif keçirdiyi avrokubok mövsümünü srağagün biabırçı şəkildə bitirdi. Əvvəlki oyunlarda nəticəyə görə narahatlıq, daha dəqiqi, qələbəyə ehtiyac var idi, futbolçular meydana təzyiq altında çıxırdı. Amma bu dəfə hansısa gərginlik yox idi, futbolçular kefi istəyən kimi oynaya bilərdilər. Və yenə heç nə alınmadı.

İlk yarı ilə bağlı pis nəsə deməyə adamın dili gəlməz, bizimkilər çətinliklə müdafiə olunur, ara-sıra rəqib qapısı önündə də görünürdülər. 2-ci hissə isə qorxunc filmlərə bənzədi. Ardıcıl 3-cü oyunda “Qarabağ”ın məğlubiyyətinin əsası künc zərbəsi ilə qoyuldu. Nə qədər əcaib görünsə də, ağdamlıların qapısına hər künc zərbəsi təyin olunanda Azərbaycan futbol ictimaiyyətini əsməcə tutur. Futbolçular meydanda, məşqçi korpusu öz yerində, biz də ekran qarşısında əsirik ki, ay aman, bu dəqiqə qol olacaq. Futbolçular sanki standart vəziyyətlər zamanı necə müdafiə olunmağı unudublar, hər kəs özfəaliyyətlə məşğul olur, ya qapıçı topa uğursuz şəkildə çıxır, ya da qalan oyunçular havaya kəllə atır. Ekran arxasından bütün bunlar o qədər idbar görünür ki...

Bu məqamda statistikaya müraciət etmək bəlkə də o qədər yerinə düşmür. Amma “Qarabağ” avrokubok mövsümündə cəmi 4 qələbə qazanıb ki, bunun da ikisi “Linkoln” üzərində olub. Əminliklə deyə bilərəm ki, “Qarabağ” camiə şəklində ötən yazdakı parlaq oyunların gətirdiyi şöhrətin altında əzildi, aylar ötdükcə özünə çəki-düzən verə bilmədi. Nə baş məşqçi hər avrokubok oyununa sonuncu şans kimi baxdı, nə də futbolçular. Hətta yolun əvvəlində bəzi uğursuzluqları qol vəziyyətlərinin boşa verilməsi ilə əlaqələndirirdiksə, yolun sonunda nəticə ilə yanaşı, oyun da itdi. 10 məğlubiyyətdən beşi böyükhesablı oldu ki, bu da ardıcıl 11 il avrokubokların qrupuna vəsiqə qazanan komandaya başucalığı gətirmir. Elə bu məqamın üzərində də ayrıca dayanmağa dəyər. Sirr deyil ki, Azərbaycan futbol tarixini yenidən yazan, ümidsizliyə qərq olan azərbaycanlı azarkeşləri yenidən futbol eşqi ilə bir bayraq altına toplayan şəxs məhz Qurban Qurbanovdu. Odu qardaşım odu, buna şəkk-şübhə etmək vicdansızlıq və nakişilik olardı. Yaşım hər nə qədər irəliləsə də, avrokubok oyunlarından sonra stadionu suyu süzülə-süzülə tərk etdiyim günləri əsla unutmamışam.

Güman edirəm ki, yüzminlərlə azərbaycanlı azarkeş də həmin yaşantısını və təəssüratını unutmayıb. Amma futbolun dili nəticədi. Dünənki xidmətlərinə görə çox sağ ol, bu gün yenidən meydanda güc qoymalısan. Bu qədər tərifdən sonra artıq etiraf etməyin vaxtıdı: “Qarabağ” və Qurban Qurbanov ötən 11 ildə Avropa meydanlarında parlaq çıxış hesabına qazandığı nüfuzu, imici, şöhrəti son mövsümdə çox xərclədi, azarkeşləri hədsiz məyus etdi və onları yenidən məlum dönəmə qaytardı. İndi “Qarabağ”da həm oyun, həm sistem, hətta bəlkə idarəçilik böhranı da var. Qurban bəy və ətrafı bu böhranı mümkün qədər tez arxada qoymalıdı. Azərbaycanda zaman-zaman bəlli bir səviyyəyə yüksələn, sonra da çox asanlıqla futbol səhnəsindən silinən çox komanda görmüşük. Təbii, “Qarabağ” hələ belə təhlükədən uzaqdı. Amma son avrokubok mövsümündə yaşananlar artıq klubun gələcəyi ilə bağlı daha ağıllı və məntiqli qərarlar verilməsini zərurətə çevirib. Bu gün hələ geç deyil, sabah isə gec ola bilər. Futbolda şan-söhrət də, nüfuz da, tarix də nəticələrlə ölçülür. Bu qədər uğurlu qrafik cızan komandanın hər şeyi qısa zamanda əldən verməsinə göz yummaq, biganə qalmaq olmaz.

Qurban Qurbanov, söz sizdədi!

HUŞƏNG

Избранный
18
football-plus.az

1Источники