Xəbər verdiyimiz kimi, Suraxanı rayonunun Hövsan yolunda, Duzlu göl ərazisində acınacaqlı vəziyyət yaranıb.
Qalaqlanmış zibillər, baxımsızlıq və ekoloji fəlakətə çevrilmiş ərazinin görünütləri Modern.az-da paylaşılıb və müvafiq qurumlara - Suraxanı Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər aidiyyatı qurumlara çağırış edilib.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova saytımızın sorğusuna cavab olaraq bildirib ki, Suraxanı rayonu Hövsan yolunda, Duzlu göl ərazisində tullantıların atılaraq qalaqlandığı ərazi hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənir.
"Ərazinin nəzarətdə saxlanılması ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə və Hövsan bələdiyyəsinə müraciət olunub", - açıqlamada deyilir.
Suraxanı Rayon İcra Hakimiyyətinə zənglərimiz və mesajlarımız ilə cavabsız qalıb...
Mail AĞAXANOV