RU

“Reuters”: Tramp ilə Putin arasında görüş Səudiyyə Ərəbistanı və ya BƏƏ-də keçirilə bilər

Bakı, 3 fevral, AZƏRTAC

Aparılan müzakirələrdən məlumatı olan iki rus diplomatının “Reuters” agentliyinə verdiyi məlumata görə, Rusiya Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş üçün potensial məkan kimi görür.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Tramp Ukraynadakı müharibəni ən qısa zamanda bitirəcəyini və Putinlə görüşə hazır olduğunu bildirib. Putin, öz növbəsində, Trampı dövlət başçısı vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, Ukrayna və enerji məsələlərini müzakirə etmək üçün onunla görüşməyə hazır olduğunu deyib.

“Reuters” yazır ki, vəziyyətin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən rus mənbələrinə görə, son həftələrdə yüksəkvəzifəli Rusiya rəsmiləri həm Səudiyyə Ərəbistanına, həm də BƏƏ-yə səfərlər ediblər.

Onlardan biri qeyd edib ki, bəzi diplomatlar və kəşfiyyat rəsmiləri həm Krallığın, həm də BƏƏ-nin ABŞ-la sıx hərbi və təhlükəsizlik əlaqələri səbəbindən Rusiyada hələ də bu ideyaya qarşı bəzi tərəddüdlər olduğu qənaətindədir.

Səudiyyə Ərəbistanı və BƏƏ rəsmiləri məsələni şərh etmək istəməyib. Kreml də şərh verməkdən imtina edib. Amma məlumdur ki, həm Trampın, həm də Putinin Səudiyyə Ərəbistanı və BƏƏ hökmdarları ilə dostluq münasibətləri mövcuddur.

Tramp bazar günü deyib ki, onun administrasiyasının müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşləri və danışıqları planlaşdırılıb. Kremlin sözçüsü Dmitri Peskov bu açıqlama ilə bağlı sualı cavablandırarkən deyib ki, təmaslar planlaşdırılıb.

Избранный
56
50
azertag.az

10Источники