Olaylar.az xəbər verir ki, bu fikri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci sədr müavini Svetlana Jurova səsləndirib. O, bu sözlərlə Polşanın Ukrayna üzrə müzakirələrə qatılmaq istəyinə münasibət bildirib.
Bundan əvvəl Polşa Prezidenti Andjey Duda Varşavanın danışıqlar masasına dəvət edilməli olduğunu bəyan etmişdi.
"Bu məsələni ilk növbədə Rusiya və Ukrayna həll etməlidir. ABŞ-dan yan keçmək mümkün deyil, çünki Ukrayna onsuz qərar verə bilmir. Biz birbaşa danışıqlara hazır idik, lakin bilirik ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu qanunvericilik səviyyəsində qadağan edib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın təklif etdiyi iddia edilən şərtlərdən biri məhz danışıqların bərpası və Ukraynanın qoyduğu məhdudiyyətlərin aradan qaldırılması idi", - deyə Jurova bildirib.
Deputat əlavə edib ki, Zelenski müsahibələrində danışıqlarda Avropa ölkələrinin də iştirak etməsində israr edib. Onun sözlərinə görə, Rusiya bəzi Avropa ölkələri ilə sərhədləri olduğu üçün bu məsələyə müsbət yanaşa bilər.
"Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq edən və sərhədləri bağlayan ölkələr məhz həmin dövlətlərdir. Lakin əgər biz mehriban qonşuluq münasibətlərinin bərpasından danışırıqsa, bu məsələ dolayısı ilə Ukrayna ilə bağlıdır. Nə vaxtsa bu ölkələrlə əlaqələri bərpa etmək lazım gələcək. Polşa, Finlandiya kimi sərhəd qonşularımızla münasibətlər istər-istəməz bərpa olunmalıdır. Ona görə də bu kontekstdə danışıqlar mümkündür", - deyə Jurova vurğulayıb.
Bundan əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu bəyan etmişdi ki, NATO Ukraynadakı münaqişəni süni şəkildə dondurmaq niyyətindədir və bunu guya münaqişənin həlli üçün dialoqa başlamaq cəhdi kimi təqdim edir.