Xaqani Cəfərli: "Financial Times"ın məlumatı Rusiya kəşfiyyatının xüsusi əməliyyatı ola bilər"
Ukraynaya hücum edənə qədər Rusiya Avropanın qaz bazarının 40 faizinə nəzarət edirdi. Avropa və Amerikanın Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində bu həcm 190-210 milyard kubmetrdən 50 milyard kubmetrə qədər azaldıldı.
Bu ilin yanvar ayının 1-dən etibarən isə Avropaya Ukrayna üzərindən qaz nəqli dayandırıldı. Bu kəmər vasitəsilə ildə Avropaya 15 milyard kubmetr rus qazı nəql edilirdi. Deməli, Rusiyadan Avropaya sözügedən kəmərin bağlanması ilə ixracatın 35 milyard kubmetrə düşəcəyi gözlənilir. Yəni Rusiyanın maliyyə imkanları bir qədər də məhdudlaşacaq.
Lakin Avropa İttifaqı rəsmiləri Ukraynadakı münaqişənin həlli ilə bağlı mümkün sazişin bir hissəsi kimi Rusiyadan qaz tədarükünün bərpasını müzakirə etməyə başlayıblar.
“Financial Times” məlumatlı mənbələrə istinadən yazır ki, təşəbbüsün tərəfdarlarının iddialarına görə, belə bir addım Avropada yüksək enerji qiymətlərini aşağı sala, Moskvanı danışıqlara sövq edə və hər iki tərəfə atəşkəsə əməl etməyə əsas verə bilər.
Qeyd edilir ki, hətta ilkin mərhələdə bu məsələ Avropa İttifaqı daxilində Ukraynayönlü ölkələrin sərt reaksiyasına səbəb olub. Nəşrin üç mənbəsinin məlumatına görə, Almaniya və Macarıstandan bəzi rəsmilər təşəbbüsü açıq dəstəkləyir.
Digər tərəfdən, hesab edilir ki, belə bir addım Brüssel rəsmilərinin, Şərqi Avropa ölkələrinin diplomatlarının və ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçılarının narazılığına səbəb olub.
Bu məlumat hələ rəsmi təsdiqini tapmayıb, amma bu nə dərəcədə səmərəli taktikadır ki, Rusiyadan Avropaya qaz nəqli bərpa edilsə Kerml Ukrayna ilə bağlı mövqeyində yumşalaraq sülh danışıqlarına gələcək, bu məsələdə ədalətli və obyektiv mövqe tutacaq, işğal və ilhaq etdiyi ərazilərdən geri çəkiləcək və sülh sazişi imzalayacaq?
İkincisi, “Financial Times”ın bu qeyri-rəsmi məlumatının doğrulma ehtimalı nə qədər ola bilər?
Baki-xeber.com saytına məsələ ilə bağlı münasibət bildirən siyasi şərhçi Xaqani Cəfərli bildirdi ki, Ukraynaya qarşı genişmiqyaslı müharibədən öncə Rusiya Avropaya ildə 190-210 milyard kubmetr qaz ixrac edərək, illik qaz təlabatı 510 milyard kubmetr olan Avropa enerji bazarında təxminən 40 faiz paya sahib idi: "Bəzi ölkələr ehtiyac duyduqları qazın 90 faizini Rusiyadan alırdılar. “Şimal axını-2” qaz kəməri bu həcmin daha da artırılmasını təmin etməli idi. Rusiya Avropa bazarını nəzarətində saxlamaq üçün Qətər qazını Suriya üzərindən daşıyacaq qaz kəmərinin qarşısını aldı.
Qərbin sanksiyaları nəticəsində Rusiyanın Avropaya qaz ixracatı minimum səviyyəyə, ötən əsrin 70-ci illəri səviyyəsinə düşüb. Lakin Avropanın bəzi ölkələri Rusiya qazından imtina etmək istəmirlər. Buna görə də Ukraynada sülh müqaviləsi imzalandıqdan sonra Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasını istəyirlər. Lakin Rusiyanın əvvəlki mövqelərini qazanması mümkün deyil. ABŞ və Qətər Avropa enerji bazarında möhkəmlənməyə çalışırlar. Aralıq dənizində qaz yataqlarının istismarına başlayan ölkələr də hasil edəcəkləri qazı Avropaya satmaq niyətindədirlər. Mərkəzi Asiya ölkələri də Avropa bazarına can atırlar. Belə bir vaxtda Rusiyanın əvvəlki mövqelərini əldə etməsi mümkün deyil.
İkincisi də, Rusiya Avropanı o qədər qorxudub ki, Qərbin aparıcı dövlətləri Rusiyanın bir daha enerji bazarlarında söz sahibi olmasına imkan verməyəcəklər. Putin elə bir səhvə yol verib ki, Taleyranın ifadəsi desək, cinayətdən də pisdir. Bu səhvi Rusiya uzun illər, bəlkə də əbədilik düzəldə bilməyəcək. Üstəlik, Putin və imperiya keçmişindən qopa bilməyən Rusiyanın belə “səhv”lərdən çox edəcəyi ehtimalını da nəzərə alanda, Rusiyanın bundan sonra enerji nəhənginə çevrilməsi mümkün görünmür. “Financial Times”ın məlumatı isə Rusiya kəşfiyyatının xüsusi əməliyyatı ola bilər".
Dəniz NƏSİRLİ