RU

Bankların ölkəyə daha bir ziyankarlığı- 14,7 milyardın yalnız 1,7 milyard manatı...

Image

Vahid Məhərrəmov: "Fermerlər də yüksək faiz dərəcələrinə görə biznes kreditlərindən yararlanmaqda o qədər maraqlı deyillər"

Mərkəzi Bankın məlumatına görə, ötən il Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 786 milyon manata çatıb. Bu göstərici əvvəlki il ilə müqayisədə 263,1 milyon manat və ya 17,3% çoxdur. 

Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən kənd təsərrüfatı sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 523 milyon manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14 milyard 787 milyon manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,6 milyard manat olub.

Doğrudan da bu durumda olan aqrar sahəyə biznes kreditlərinin yalnız 10%-nin ayrılması çox aşağı göstəricidir. Nəyə görə banklar aqrar sahəyə bu qədər ehtinasız yanaşır və nəticədə kənd təsərrüfatına kredit az ayrılır? Hazırda ölkə əhalisinin kənd təsərrüfatı mənşəli ərzaq məhsullarına olan tələbatının yalnız  40-50%-i yerli istehsal hesabına ödənilir. Qalan tələbat isə idxal hesabına qarşılanır.

Bakı-xeber.com saytına açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, bu yalnız bankların iradəsindən asılı olan məsələ deyil: "Birincisi, banklar hesab edir ki, kənd təsərrüfatı risq göstəriciləri yüksək olan sahədir. Bu doğrudan da belədir. Ona görə də banklar tərəddüd edir və girov tələbi qoyurlar. Amma aqrar sahənin risqli olması bizə haqq qazandırmır ki, biz onu inkişaf etdirməyək. Risqlər nəzərə alınmalı, eyni zamanda, aqrar sığortanın bütün aqrar sahəyə yayılması təmin etməliyik. Bu gün Aqrar Şığorta Fondu kənd təsərrüfatını dövlət vəsaiti ilə və güzəştli şəkildə sığortalayır. Bu prosesi genişləndirmək lazımdır ki, aqrar sahədə risqlər aradan qaldırılsın və bununla da bankların tərəddüdünə son qoyulsun.

Digər tərəfdən, fermerlər özləri də yüksək faiz dərəcələrinə görə biznes kreditlərindən yararlanmaqda o qədər də maraqlı deyillər. Çünki faiz dərəcələri olduqca yüksəkdir. Bu faiz dərəcələri yarıbayarı endirilməlidir. Postsovet məkanında kənd təsərrüfatına ən aşağı kerdit faizləri Rusiyadadır - 1%-dən 5%-dək. Gürcüstanda 9%, Ermənistanda 10%, Azərbaycanda isə bu göstərici 12-13% təşkil edir. Göründüyü kimi, bu ölkələrdə kənd təsərrüfatının inkişafi, demək olar ki, kredit faizlərinə uyğundur. Yəni hansı ölkədə faiz dərəcələri aşağıdırsa, orada kənd təsərrüfatı daha çox inkişaf edib. Yəni aqrar sahədə kredit həcminin az olmasının bir səbəbi də faiz dərəcələrinin yüksək olmasıdır.

Digər tərəfdən, araşdırsanız görərsiniz ki, verilən 1,7 milyard manat krediti alanlar da sadə fermerlər deyil. Bu kreditləri əsasən oliqarx məmurlar və aqroparklar alır. Sadə fermerin bu yüksək faiz dərəcəsinə malik kreditləri almağa belə əli çatmır".

Ekspertin vurğuladığı kimi, Beyləqan rayonundan bir fermerlə söhbətimiz zamanı məlum oldu ki, onun geniş heyvandarlıq təsərrüfatı var. Bank işçiləri təsərrüfata baxış keçirərək ona deyiblər ki, sənə biznes krediti düşür. Gəlib təsərrüfatı lentə alıblar, bütün sənədləşmə işi gedib. Lakin sonda fermerə bildiriblər ki, oğlunun bankda krediti olduğuna görə sənin təsərrüfatına kredit verilməsindən imtina edilib.

Sonradan fermerə təsadüf nəticəsində bəlli olub ki, onun təsərrüfatında aparılan çəkiliş əsasında başqa bir vətəndaşa kredit verilib. Yəni banklarımız da "biznes "krediti" adı altında alver edirlər.

Akif NƏSİRLİ





Избранный
14
baki-xeber.com

1Источники