RU

“MEDİA-nın təşkil etdiyi “Media könüllüləri” proqramında iştirak etməklə biz həm də bir ailə olmağı öyrəndik”- Zahid Məmmədli

Image

Medianın İnkişafı Agentliyinin (MEDİA) 2024-cü ilin oktyabr ayından cari ilin yanvar ayınadək müddəti əhatə edən yeddinci könüllülük proqramı uğurla başa çatıb. 

Proqramı uğurla başa vuran və  sertifikata layiq görülən gənclərdən biri Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi Zahid Məmmədlidir. “Bakı-Xəbər” qəzeti redaksiyasının qonağı olan Zahid MEDİA-nın həyata keçirdiyi “Media könüllüləri” proqramında iştirakı, burda öyrəndikləri, qazandığı təcrübə barədə fikirlərini bizimlə bölüşdü.

- Zahid, Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media könüllüləri” proqramına necə qoşuldun? 

- “Media könüllüləri” proqramı barədə birinci kursun əvvəllərində dostlarımdan eşitmişdim. Onlar məsləhət görmüşdülər ki, jurnalistika fakültəsində oxuyursansa bu proqrama qoşul, bu sənin gələcək jurnalistika faəliyyətində böyük rol oynayacaq. Mən də qeydiyyatın açılmağını gözləyirdim. Bir il əvvəl təxminən bu vaxtlar qeydiyyat başladı, motivasiya məktubu yazdım və müsahibəyə dəvət olundum. Müsahibə mərhələsindən keçəndən sonra artıq media könüllüsü seçildim.

- Media könüllüsü kimi hansı tədbirlərə qatıldın? 

- Müxtəlif təlimlərdə, tədbirlərdə iştirak etdim və üç ay müddətində öz aktivliyimi qoruyaraq birinci dərəcəli sertifikatla mükafatlandırıldım.  

- Üç aylıq proqram çərçivəsində nələri öyrənə bildin ki, məhz onlar sənin gələcək peşə fəaliyyətində və həyatında mühüm rol oynayacaq?

- Media könüllüsü seçiləndən sonra əsas məqsədim jurnalistika üzrə praktikamın daha da genişləndirilməsi idi. Məsələn, universitetdə öyrəndiyimiz nəzəri bilikləri Media Agentliyinin “Media könüllüləri” proqramı çərçivəsində hər həftə  təşkil etdiyi təlimlərdə yoxlayırdıq, öz üzərimizdə işləyirdik və jurnalistika sahəsində inkişaf edirdik. Həmçinin media könüllüsü olaraq da yaxşı dostlar, möhkəm sirdaşlar qazandıq, ünsiyyət bacarıqlarımız da artıb. Ünsiyyət bacarığı jurnalist üçün əsasdır. Medianın İnkişafı Agentliyi (MEDİA) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsində qalib olduq. Bu ünsiyyətcillik, komanda ilə birgə işləmək bacarığı və sair kimi keyfiyyətlər media könüllüsü olaraq qatıldığımı təlimlərdə bizə vaxtında öyrədilmişdi. Biz keçirilən tədbirlərdə iştirak edərək başqa sahələrdə fəaliyyət göstərən könüllü dostlar da qazandıq. Başqa sahələrdən fərqli olaraq, media sahəsində könüllü olmaq ürəyimə daha çox yatır. Bir fikir də bildirmək istəyirəm ki, 2024-cü ildə Alidə Məmmədova və mən “İlin könüllüsü” seçilmişik. Biz öz aktivliyimizi media könüllüsü olaraq göstərdiyimizə görə bunu qazanmışıq.

- “Media könüllüləri” proqramı barədə ürəkdolusu danışırsan. Bəs təkliflərin nədir? 

- Səhv etmirəmsə, bu, yeddinci könüllülük proqramı idi. Media könüllüsü olaraq onu deyə bilərəm, rəhbərliklə könüllülər arasında elə bir bağ formalaşıb ki, sanki bir ailəyik və bir-birimizə dəyər veririk, arxalanırıq.  MEDİA-nın təşkil etdiyi “Media könüllüləri” proqramında iştirak etməklə biz həm də bir ailə olmağı öyrəndik.

Təkliflərə gəlincə, belə də davam edilsin, sükanı belə saxlasınlar. Həqiqətən də çox gözəl şəkildə bu proqram həyata keçirilib. İndiyə qədər heç bir narazılığım olmayıb. Bu proqram bütün cəhətlərdən bizim üçün çox faydalıdır. 

- Bəs dərslərinizlə bu işləri necə çatdırırsınız? Könüllü olmaq dərslərinizə hər hansı bir maneə törətmir ki?

- Qətiyyən, mane törətmir. Bizdən dərs qrafiki soruşulur və təlimlər də həftə sonlarına salınırdı ki, hər kəs təlimdə iştirak edə bilsin. Həm dərsimizdən qalmadıq, həm də təlimlərdə iştirak etdik.  

Məsələn, qayıb almışıqsa MEDİA universitet rəhbərliyinə məktub göndərərək bu qayıbın üzürlü səbəbdən olduğunu bildirir və  silinməsi üçün bizə dəstək göstərir. 

- Bəs yaşıdlarına nə tövsiyə edərdin?

- Hər bir gəncə demək istəyirəm ki, media könüllüsü olmaq ixtisasa baxmır. Bunu təcrübəmdən bilirəm. Mənim könüllülü yoldaşım vardı, ADA Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində oxuyurdu, amma media könüllüsü idi. O, bu işdə həqiqətən, çox aktiv iştirak etdi və səhv etmirəmsə, birinci dərəcəli sertifikat aldı.  Deyim ki, artıq “Media könüllüləri” proqramına növbəti qeydiyyat başlayıb. Həvəsi olanlar, gerçək ailə mühiti görmək istəyən gənclər “Media könüllüləri” proqramına qoşulsalar peşman olmazlar.

İradə SARIYEVA






Избранный
35
baki-xeber.com

1Источники