RU

Şagirdlərdə stressin azaldılması: Ailə, məktəb və cəmiyyətin rolu

Məktəbdəki stress, təhsil yükü, sosial təzyiqlər və zorakılıq kimi faktorlardan qaynaqlanır və uşaqların psixoloji vəziyyətinə təsir edir.

Məktəb uşaqların inkişafı üçün vacib bir mühit olsa da, bəzən stress mənbəyi də ola bilər. Uşaqlar məktəbdə qarşılaşdıqları müxtəlif çətinliklər, təhsil tələbləri və sosial təzyiqlər səbəbindən stresli hiss edə bilərlər. Məktəbdəki stress həm emosional, həm də fiziki problemlərə yol aça bilər.

Operativ Media məktəblərdə stressin yaranma səbəblərini araşdırıb.

Məktəbdə stressin səbəbləri:

Təhsil yükü: Çətin dərslər, imtahanlar, layihələr və digər təhsil tələbləri uşaqlar üçün çox yorucu ola bilər. Bu, xüsusilə yüksək gözləntilər və nəticələr üzərində təzyiq yaradırsa, stressi artırır.

Sosial təzyiqlər: Sinif yoldaşları ilə münasibətlər, sosial qruplara uyğunlaşma, yoldaşlar arasında münaqişələr və ya zorakılıq uşaqların psixoloji vəziyyətini təsir edə bilər. 

Məktəbin dəyişməsi: Yeni bir məktəbə getmək və ya sinif dəyişmək, uşağın sosial çevrəsində və məktəb həyatında yeniliklər yaratmaq uşağa stress yarada bilər. Xüsusilə yeni müəllimlər, yeni dərslər və yeni dostluq əlaqələri qurmaq uşağın rahatlığını poza bilər.

Zorakılıq və ya bullinq: Məktəbdə zorakılığa məruz qalan, təhqir olunan və ya sosial təcrid edilən uşaqlar ciddi stress yaşayırlar. Bu, həm emosional, həm də fiziki problemlərə yol açır.

Özünə inamsızlıq: Uşağın məktəbdə özünü qeyri-kafi və ya uğursuz hiss etməsi, qiymətlərdəki aşağı nəticələr və ya uğursuzluqlar, uşağın stress səviyyəsini artırır.

Ailənin gözləntiləri: Ailənin yüksək akademik tələbləri və gözləntiləri, uşağın özünü təzyiq altında hiss etməsinə səbəb ola bilər. Bu, xüsusilə "mükəmməllik" istəyən ailələrdə daha çox müşahidə olunur.

Məktəb stresinin əlamətləri:

Emosional əlamətlər: Uşaqlarda narahatlıq, qəzəb, qorxu, əsəbilik və depressivlik artar.

Fiziki əlamətlər: Baş ağrısı, mədə ağrısı, yuxusuzluq, yemək pozuntuları və digər fiziki əlamətlər meydana çıxa bilər.

Davranış dəyişiklikləri: Uşağın sinifə getməkdən qaçması, məktəbdən qaçmaq istəməsi, həddindən artıq təxirə salması və ya sinifdə diqqətini cəmləməməsi.

Sosial təcrid: Uşaqlar məktəbdə özlərini tək hiss edə bilər, sosial qruplardan xaric ola bilər və ya sosial münasibətlərdə çətinlik çəkə bilərlər.


Məktəbdə stressi idarə etmək:


Ailə dəstəyi: Uşağa dəstək olmaq və ondan düzgün ünsiyyət qurmaq çox vacibdir. Onların hisslərini dinləmək və müzakirə etmək stressi azalda bilər.

Məktəbin dəstəyi: Müəllimlərlə yaxın əməkdaşlıq edərək, uşağın məktəb həyatında yaşadığı çətinliklər barədə danışmaq. Uşağın sinifdə və məktəbdə daha yaxşı dəstək görməsi üçün müvafiq tədbirlər almaq.

Zamanın idarə edilməsi: Uşağa düzgün vaxt idarə etmə bacarıqları öyrətmək və təhsil yükünü düzgün bölüşdürməsinə kömək etmək, imtahanlar və tapşırıqlarla bağlı stressi azalda bilər.

Stressi azaldan fəaliyyətlər: İdman, musiqi, sənət və ya başqa hobbilər uşağın stressini azaltmağa kömək edə bilər. Stressi rahatlamaq üçün uşağa müxtəlif fəaliyyətlər təklif etmək faydalıdır.

Pozitiv təşviq: Uşağın uğurlarını və kiçik nailiyyətlərini qeyd etmək, ona güvən və özünə inam yaratmağa kömək edir.

Psixoloji dəstək: Əgər məktəb stresinin təsirləri dərinləşərsə, psixoloq və ya məktəb məsləhətçisi ilə görüşmək faydalı ola bilər.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Azərbaycanda məktəblərdə zorakılığa qarşı görülən tədbirlərdən danışıb.




Deputat bildirib ki, Azərbaycanda məktəblərdə zorakılıq halları demək olar ki, mövcud deyil:

"Azərbaycanda demək olar ki, məktəblərdə şagirdlərə qarşı zorakılıq halları mövcud deyil və bullinq halları da olduqca nadirdir. Bu sahədə məktəb rəhbərlikləri ciddi tədbirlər görür və uşaqların sağlam inkişafı üçün zəruri addımlar atılır. Azərbaycan məktəblərində belə bir kütləvi zorakılıq və bullinq prosesi yoxdur, bu, faktiki olaraq qeyri-mümkündür. Təbii ki, zaman-zaman istisna hallarla qarşılaşmaq mümkündür, lakin bu hallar geniş yayılmır və kütləvi xarakter daşımır.

Məktəb rəhbərliyi ilə valideynlər arasında sıx əlaqələr qurulub və bu münasibətlər sağlam bir şəkildə təşkil olunub. Bu da uşaqların psixoloji və fiziki cəhətdən sağlam böyümələrinə şərait yaradır. Digər ölkələrlə müqayisədə Azərbaycanda bu məsələlər daha nizamlı şəkildə tənzimlənir və ciddi problemlər mövcud deyil.

Hər bir tərəf bu məsələlərdə məsuliyyət daşıyır: valideynlər, məktəb rəhbərliyi, şagirdlər və ümumilikdə cəmiyyət. Eyni zamanda, media da bu məsələlərə qarşı daha həssas və diqqətli yanaşmalıdır".


Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, şagirdlərin stress hallarının azaldılması üçün bir çox tədbirlər görülür:





"Hazırda ölkəmizdə Elm və Təhsil Nazirliyi, o cümlədən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən şagirdlərin ümumi davranış qaydaları, psixoloji dəstək və müəyyən profilaktik istiqamətlər üzrə müxtəlif söhbətlər aparılır. Əlbəttə ki, şagirdlərin stress hallarının azaldılması üçün bir sıra tədbirlər görülür. Təkcə Elm və Təhsil Nazirliyi deyil, bəzi qeyri-hökumət təşkilatları da sosial-psixoloji yönümdə şagirdlərlə söhbətlər aparır, valideynlərə müəyyən informasiyalar təqdim edir. Bəzi qurumlarla qarşılıqlı əməkdaşlıq əsasında valideynlərlə görüşlər keçirilir. Bu görüşlərdə valideynlərə uşaqların üzləşdikləri müxtəlif problemlərin necə təsir göstərəcəyini və onların aradan qaldırılması üçün hansı addımların atılması barədə məlumat verilir.

Məsələn, Səhiyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində paytaxt və bölgə məktəblərində belə tədbirlər həyata keçirilib. Bu tədbirlərdə şagirdlərin psixoloji davranışları, şagirdlərlə ünsiyyət məsələləri, şagirdlərin kənara çıxma hallarının qarşısının alınması, mobil telefonlar və müasir texnoloji alətlərin istifadəsinin müsbət və mənfi tərəfləri barədə söhbətlər aparılıb. Yəni, bu istiqamətdə işlər davamlı olaraq görülür və əməli addımlar atılır. Gələcəkdə də bu işlərin davam etdirilməsi vacibdir, çünki hazırda texnologiya əsrində yaşayırıq və texnologiya gündən-günə inkişaf edir. Nəticədə, şagirdlər daha çox müasir texnoloji alətlərdən istifadə edirlər və bu zaman aqressiv davranışlar və müəyyən sosial görüntülərin təsiri altına düşə bilirlər.

Bu səbəbdən düşünürəm ki, bu istiqamətdə daha çox işlər görülməlidir. Təhsil tələbləri, sosial təzyiqlər, dərsin ağırlığı və s. kimi məsələlər də önəmlidir. Bu mərhələdə həm valideynlər, həm də təhsil müəssisələri və müvafiq şəxslər prosesin müsbət istiqamətində, yəni şagirdlərin xeyrinə olan tədbirlər almalıdırlar. Hazırda təhsil müəssisələrində psixoloqların sayı kifayət qədər deyil. Mən düşünürəm ki, psixoloqların ştat üzrə sayının artırılması vacibdir".
 

Məsələ ilə bağlı Operativ Media-ya danışan psixoloq Nizami Orucov bildirib ki, uşaqlarda stress səbəbi ana bətnindəki inkşaf dinamikasından bilavasitə aslıdır:


"İnkşafın ilk anından başlayaraq, doğumdan sonraki ətraf mühitin həm fiziki, həm enerji baxımından uşağa təsiri stress amillərinə daxildir. Çünki bir insan dünyaya gələndə stressin nə olduğunu bilərək gəlmir. Stress bətndaxili inkşaf və doğumdan sonraki inkşaf dövrlərində gedişatdan, sağlamlıq aslı olaraq yaranma potensialına malikdir. Diskomfortluq, qeyri - sağlam ailə mühiti, xəstəlik halları, ana - atanın toksik münasibəti uşaqda stress probleminin başlanğıcını qoyan səbəblərdəndir. Yəni qısaca desək, stress ailədən, böyüdüyümüz mühitdən, keçirdiyimiz körpəlikdən çox aslıdır. Bunun təsiri isə yuxarı yaşlarda özünü daha açıq şəkildə biruzə verə bilər".

Psixoloq bildirib ki, uşaq ailədə qeyri - sağlam münasibətlər içərisində olarsa, ya da məktəbdə toksik, zərərli davranış, münasibət növlərinə şahid olarsa, bu şəxsiyyətdə boşluqlara, yanlışları özünə doğru kimi qəbul etdirməyə gətirib çıxara bilər: "Neqativ halların, uşağın beyni tərəfindən standart olaraq qəbul edilməsi ehtimalı yüksəkdir. Çünki uşaqlıq dövrü şəxsiyyətə çevrilmənin təməlinin qoyulduğu, təsir amillərinin yüksək dərəcədə olduğu bir dövrdür. Bu dövrdə uşaq bir çox suallarına, həyatla bağlı qaranlıq qalan nüanslara cavab tapır. Bu cür intensiv inkşaf dövründə, sağlam olmayan, toksik halların əhatəsində olan uşaq boşluqlarla, stress, qayğı, bağlanma kimi psixoloji problemlər yaşaya bilər".

Uşaqlarda stressin əlamətləri necə hiss oluna bilər? 

Nizami Orucovun sözlərinə görə, 2 yaşına qədər uşaqlarda stress əsəbilik, ağlama hallarının çoxluğu, yeməkdən imtina kimi özünü biruzə verə bilər: "2 - 5 yaş aralığında stress yüksək əsəbilik, aqressiya, hiperaktivlik ilə özünü biruzə verə bilər. Daha yuxarı yaşlarda isə özünə qapanma, daha az sosiallaşma, ünsiyyətlə özünü göstərə bilər. Valideynlər bu kimi halları bəzən uşağın dəcəlliyi, öz xarakteristikası ilə qarışdırırlar, etinasız yanaşırlar. Ya da “uşaqda nə stress? Stress etməsinə səbəb yoxdur!” - kimi sərt şəkildə yanaşmalar apararaq, uşaqlarının keçirdiyi hissləri görməzdən gəlirlər. Amma bu irəli yaşlarda özünü şəxsiyyətdə yaranacaq ciddi problemlərlə göstərəcək və həm uşaq üçün, həm ailə üçün çətin olacaqdır".

Psixoloq uşaqlarda stressin idarə edilməsi və mübarizə üsulları barədə də danışıb:

"Yaşdan aslı olaraq mübarizə üsulları dəyişir. Amma əsas ortaq üsul sağlam ünsiyyət, münasibətlərin formalaşdırılması, ailə mühitindəki problemlərin bərpasıdır. Çox kiçik yaşdaki uşaqlarda stressi azaltmaq, idarə etmək üçün onlarla oyun oynamaq, zaman keçirmək, ünsiyyəti canlı tutmaq lazımdır. Yuxarı yaşlarda isə əsas faktor ünsiyyət və anlayışdır. Dəstəyin hiss etdirilməsi, düzgün, sağlam münasibət və ünsiyyət çox vacibdir. Əgər bunlar da təsirini göstərə bilməzsə, o zaman mütləq professional psixoloji dəstək alınmalıdır".


Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunun təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.

Избранный
13
operativmedia.az

1Источники