Bakı, 4 fevral, AZƏRTAC
Əlcəzairin “Əl Hərir” xəbər portalında “Azərbaycanın turizm potensialı” sərlövhəli material dərc edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Əlcəzairdəki səfirliyindən məlumat verilib.
Məqalədə qeyd olunub ki, indi turizm təkcə qabaqcıl dünya ölkələrində deyil, eyni zamanda, Azərbaycanda da əlavə iş yerləri yaradan amillərdən biridir: “Turizm yol və mehmanxana infrastrukturlarının inkişafını sürətləndirir, regionlarda və kəndlərdə xalq sənətinin və milli mədəniyyətlərin qorunmasına güclü təsir göstərir.
Turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir. Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir”.
Yazıda ölkə turizminin inkişafı istiqamətində ötən illər ərzində bir sıra mühüm addımların atıldığı vurğulanıb: “Müvafiq infrastruktur yaradılıb, bazarın bu və ya digər iştirakçılarının fəaliyyəti üzrə, eləcə də xarici vətəndaşların ölkəyə daxil olması istiqamətində vacib qərarlar qəbul edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il aprelin 20-də Dövlət Turizm Agentliyi yaradılıb. Bununla da dövlət başçısı tərəfindən Azərbaycanın yeni turizm sənayesinin inkişaf etdirilməsinə cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanının əsası qoyulub”.
Məqalədə bildirilib ki, Azərbaycan turizmin qədim tarixi ənənələri ilə zəngin olan bir ölkədir: “Bu gün Azərbaycan dünya mədəniyyətinin ən gözəl incilərini, tarixi arxeoloji abidələri, arxitektura nümunələrini, müxtəlif dini dünyagörüşləri, milli adət-ənənələri və mədəniyyətləri özündə birləşdirən unikal bir turizm ölkəsidir. İstər təbiəti, istər abidələri, istər mədəni irsi, istər insanları, istərsə də müasir istirahət və əyləncə kompleksləri ilə ölkəmiz qabaqcıl turizm ölkələrindən heç nə ilə geri qalmır.
Qeyd olunub ki, Azərbaycanın bir çox turizm növləri üzrə potensialı var və həmin potensialın reallaşdırılması üçün dövlətin, eləcə də özəl sektorun davamlı dəstəyi vacib faktorlardandır. Mədəni turizm regionların mədəni irsini, əhalisinin həyat tərzini, tarixini, incəsənətini, memarlığını, dinini və s. əhatə edən turizm növü kimi müəyyən olunur. Ölkənin mədəni turizm potensialına Bakıda incəsənət qalereyaları, milli musiqi növü - muğam, yaxşı inkişaf etmiş dünya caz musiqisi, milli və xarici rəqslər, ləziz dada malik zəngin mətbəx, bütün fərqli dini və dünyəvi görüşlərə tolerant yanaşma nümunə kimi göstərilə bilər.
Azərbaycanda həm də müasir müalicə imkanları olan müalicəvi turizm də mövcuddur. Ölkədə isti və mineral bulaqların sayı minlərlədir və bunlardan İstisu, Turşsu, Badamlı, Qalaaltı, Şıxburnu, Suraxanı suları ən tanınmış müalicəvi su mənbələrindəndir. Eləcə də Azərbaycanın ən mühüm kurort resurslarından biri Naftalan neftidir. İşgüzar və idman turizmi də ölkəmizdə ən geniş yayılmış turizm növlərindən biridir. Hazırda bu turizm növlərinin inkişafı məqsədilə daha çox ölkə ərazisində mövcud mehmanxanaların imkanlarından istifadə edilir.
Yazıda vurğulanır ki, dağ və qış turizm növləri Azərbaycanda perspektivli sahələrdəndir. Belə ki, Azərbaycanın dağlıq ərazilərində turizmdən istifadə imkanları mövcuddur. Ölkə ərazisində dağ və qış turizminin inkişafı istiqamətində atılmış məqsədyönlü addımlar nəticəsində dağların yamacları turizm məkanı kimi inkişaf etdirilib. Belə ki, bu gün “Şahdağ” Turizm Mərkəzi QSC və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi məşhur istirahət mərkəzlərinə çevrilib. Həmçinin ölkə zəngin flora və faunası ilə böyük ekoturizm potensialına malikdir. Çünki 11 iqlim tipindən 9-unun müşahidə olunduğu Azərbaycan ərazisi 4100-dən çox müxtəlif bitki çeşidinin vətənidir.