Gürcüstanın ümumi ixracında Azərbaycanın payı 11%-dən çoxdur.
FED.az xəbər verir ki, bunu ölkənin Milli Statistika Xidmətinin (Sakstat) icraçı direktoru Qoqita Todadze deyib.
O, Azərbaycanın Gürcüstan üçün əsas ticarət tərəfdaşlarından biri olduğunu bildirib.
Q.Todadzenin sözlərinə görə, 2024-cü ildə Gürcüstandan Azərbaycana təxminən 724 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib, bu, əvvəlki illə müqayisədə 16% azalma deməkdir. Bu, ilk növbədə, Gürcüstandan Azərbaycana ixracın təxminən 45%-ni təşkil edən avtomobil ixracının 34% azalması ilə bağlıdır. İxrac olunan digər əsas məhsullar arasında siqaret və tütün məmulatları (7% pay), tibbi məhsullar və mineral sular yer alır.
İcraçı direktor əlavə edib ki, eyni zamanda, Azərbaycandan Gürcüstana idxalda da azalma müşahidə olunub. Belə ki, Azərbaycandan Gürcüstana daxil olan malların təxminən 57%-ni neft və neft məhsulları, 10-12%-ni isə sement və tikinti materialları təşkil edir.
"2024-cü ildə Azərbaycandan Gürcüstana idxal təxminən 584 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 11% azalma deməkdir. İdxaldakı azalma, əsasən, neft və neft məhsulları idxalının 20% azalması ilə əlaqədardır", - Todadze bildirib.
Onun sözlərinə görə, Azərbaycanla ticarət komponentləri üzrə əməkdaşlıq davam edir. (Report)