“Bununla bağlı nə şərh verim? Bu yersiz bir hərəkətdir. O, söz deyib, onun özündən soruşun. Mən onun sözlərinə nə şərh verə bilərəm?” Bunu “Yeni Sabah”a 82 saylı İmişli-Saatlı seçki dairəsini təmsil edən deputat Səyyad Salahov (Aran) Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Siyavuş Novruzovun İmişlidə baş verən hadisələrlə bağlı çıxışına münasibət bildirərkən deyib.
Bu lakonik cavabdan əvvəl İmişlidən deputat seçilmiş Razi Nurullayev S.Novruzovun çıxışına kəskin rəy bildirib.
“Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik. Amma Siyavuş Novruzovun bugünkü çıxışında “İmişli deputatları ilə söhbət etmişəm, onlar mənə deyib” fikri tam olaraq kökündən yanlış idi.
Sözünüzü demək istəyirsinizsə, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın. Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm! Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum” – deyə R.Nurullayev bildirib.
Razi Nurullayevin sosial şəbəkədə onun haqqında yazdıqlarına cavab olaraq Siyavuş Novruzov Yenicag.az-a açıqlama verib və deyib:: “Razi kimdir, mənim haqqımda nəsə desin, yazsın. Heç oxumamışam. Əşi nə danışır, danışsın da. Mənə qlobal məsələlər haqqında sual verin. Razinin nə dediyi, nə yazdığı mənə maraqlı deyil. Onun haqqımda nəsə yazdığını eşitmişəm, oxumamışam, vecimə də deyil. Elə belə də yazın. Mənə qlobal, vacib məsələlər haqqında soruşun, Razi haqqında yox!”
Siyavuş Novruzovun açıqlamasına İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev də münasibət bildirib. M.Quliyev "Yeni Sabah"a açıqlamasında bildirib ki, hadisələr baş verən saatda icra başçısı Elçin Rzayev, rayonun prokuroru, polis rəisi, bir sözlə, hamı axıra kimi orada olub: “Hadisələr baş verən saatda icra başçısı Elçin Rzayev, rayonun prokuroru, polis rəisi, bir sözlə, hamı axıra kimi orada olub. Elçin Rzayevin özü xəstəxanada yaralıların yanında olub. Hətta bununla bağlı video və fotolar da var”.
Xatırladaq ki, yanvarın 18-də İmişlidə baş vermiş hadisəyə dair çıxışında Siyavuş Novruzov İmişlidən olan hər iki deputata eyhamla bildirib: “Hadisə baş verib və mən İmişlinin hər iki deputatı ilə söhbət etdim. İcra başçısı rayon mərkəzindən 3 kilometr aralıdadır, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı? Prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı. Bu – xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orada öldürəcəkdilər?.. Çıx camaatın qarşısına, camaatı başa sal. Niyə camaatdan kənar qaçırsız? Nəyə görə?
Dövlət əmlakına ziyan vurduğuna, əsəblərini idarə edə bilmədiklərinə görə 18 nəfər həbs edildi. Mən xahiş edirəm ki, onları bağışlasın, cavan uşaqlardır. Amma belə hərəkətlərdə rayon hüquq-mühafizə orqanları insanların qabağında olmalıdır. Əgər onun üzü yoxdursa camaatın qabağına çıxmağa, onda gedib ərizəsini yazıb çıxsın evinə getsin”.
ZÜMRÜD