RU

Həkimlərin reklamı qadağan olunsunmu?..

Image

Azərbaycanda həkim reklamının qadağan olunması təklif edilib. Bunu Milli Məclisin yaz sessiyasının ilk iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Musa Quliyev bildirib ki, bir sıra televiziya kanallarının şou proqramlarında tibbi xidmətlərin, ayrı-ayrı həkimlərin və klinikaların heç bir reklam normalarına uyğun olmayan reklam edilməsi göz önündədir: 

“Reklam edilməsi bir tərəfə, görürsən ki, şou proqramların sponsorluğunu da həkimlər edir. Bunun da olduqca mənfi nəticələri ortaya çıxır. Biz tibb sektorunda xidmətlərin reklamına qarşı deyilik, ancaq reklamın müəyyən çərçivələri, normaları var. O cümlədən tibbi deontologiya və tibbi etika da gözlənilməlidir. Son dövrlərdə bir çox ölüm, ağırlaşma hallarının baş verməsində, xüsusilə plastik cərrahiyə, bədən şəkilləndirmə, mədə kiçiltmə əməliyyatlarında yaşanan hallarda bu reklamların, şou proqramların mənfi təsiri var. Bunların çoxunun tibbi göstərişi də yoxdur. Ümumiyyətlə, həkimlərin şəxs olaraq reklam edilməsi dünyanın heç bir ölkəsinin reklam praktikasında yoxdur”.

Qeyd edək ki, qanunvericiliyə görə, həkimlərin efirdə reklamına məhdudiyyət yoxdur. Ancaq telekanallarda yayımlanan şou verilişlərdə filankəsin bir nömrəli həkim kimi reklam olunması ictimaiyyət arasında narazılığa səbəb olur.

Adil Qeybulla: “Şou verilişlərində həkimlərin reklam olunması etikaya uyğun deyil”

Professor Adil Qeybulla “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, həkim reklamları qadağan olunmalıdır: “Həkimin reklam olunmasını dələduzluq hesab edirəm. Həkim hər hansı yeni metodologiya barəsində xəstələrə bəzi məlumatlar verə bilər ki, bunlar bizdə həyata keçirilir. Yoxsa çıxıb şou verilişdə oturub bir nömrəli həkim, iki nömrəli həkim kimi görsənmək biabırçılıqdır. Həkimi ixtisas üzrə həkimlərin sırasından ayırıb xüsusi bir mərtəbəyə qoymaq biabırçılıqdır. Həkim öz fəaliyyətilə bağlı məlumat verə bilər, çıxış edə və mətbuatda da öz yeni üsullarını yaza bilər. Burada heç bir problem yoxdur. Amma mən düşünürəm ki, şou verilişlərində həkimlərin reklam olunması etikaya uyğun deyil”.

Pərvanə Mustafayava: “Həkimlərin reklamı etik qaydalar əsasında aparılmalıdır”

Həkim ekspert Pərvanə Mustafayeva isə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, həkimlərin reklamı etik qaydalar əsasında aparılmalıdır: “Həkimləri fərqləndirərək daha yaxşı həkim kimi təqdim etmək düzgün deyil. O reklam sayəsində həkim xəstə axtarışına çıxır. Ancaq xəstə həkim axtarışına çıxmalıdır. Mən demirəm həkimlər televiziyaya çıxmasın. Çıxsınlar, ancaq millətin ailə problemlərini, müğənniləri müzakirə etməsin, tibbi verilişlərdə öz ixtisasları üzrə danışsınlar”.

Günel CƏLİLOVA 





Избранный
16
baki-xeber.com

1Источники