![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/usaid-biden.webp)
Azər Həsrət: “Yəqin ki, USAİD-in ermənilərə qulluqçuluq edən rəhbər şəxsləri də daxil olmaqla bəziləri ciddi cəza alacaqlar”
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) uzun illərdir ki, dünyanın ayrı-ayrı bölgələrində qarışdırıcılıqla məşğul olub, müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə müdaxilə etməyə çalışıb.
Samanta Pauerin rəhbərliyi ilə fəaliyyət göstərən USAİD yanlış və qərəzli siyasət yürüdüb, eyni zamanda müxtəlif ölkələrdə rəngli inqilablara sponsorluq edib. Gizlin deyil ki, bu qurum beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi göstərib, bununla da müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verib və beynəlxalq dezinformasiya kampaniyaları təşkil edib.
Bundan əlavə, 1970-ci illərdə ABŞ-da dünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsi işi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAİD-ə keçib və bugünə qədər bu təcrübə davam edir. USAİD müxtəlif yollarla hələ də ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyir.
USAİD-də Nyu-Yorkun meri və prezident D.Trampın kibertəhülkəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verməsi, bu qurumun Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi göstərməsi,
Soros tərəfindən maliyyələşən prokurorlar qrupuna 27 mln. dollar ayırması, bu vəsaitlər müqabilində hansı vətəndaşlar və siyasətçilərin təqib olunmasına dair istiqamətlər verməsi, USAİD-in xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsi faktları aşkarlanıb. Eyni zamanda USAID-nin keçmiş rəhbəri C.Gilligan bəyan etmişdi ki, təşkilatın bütün bölmələrində və istiqamətlərində MKİ-nin agentləri fəaliyyət göstərir.
USAİD-nin Misir, Ukraynada və s. inqilablarda rolunun olması, Gürcüstanda destruktiv fəaliyyət göstərməsi, onun rəhbəri Samanta Pauerin R.Vardanyanla əməkdaşlığının olması, S.Pauerin və USAİD-nin faktiki Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərməsi, işğal dövründə Qarabağda minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərməsi faktdır.
Onu da yada salaq ki, Prezident İlham Əliyev keçən il dekabrın ortasında Kiselyova müsahibəsində qeyd etmişdi ki, onun fikrincə, Tramp USAİD-i qadağan edə bilər. Heç bir ay keçmədi, Azərbaycan Prezidentinin proqnozu özünü doğrultdu.
Müstəqil siyasət yeritdiyinə görə Azərbaycanın daim USAİD tərəfindən maliyyələşdirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşməsi halları baş verib, bu təzyiqlər isə heç zaman Azərbaycanı müstəqil xarici siyasət yürütmək yolundan döndərməyib, dövlətimiz öz yolu ilə gedib.
O da vurğulanmalıdır ki, USAİD adlı qurum Co Bayden administasiyası dövründə daha geniş qol-budaq atıb və uzantıları Cənubi Qafqaza qədər gəlib çatıb. Bizim ölkədə ziyanlı fəaliyyət göstərməyə çalışan və dövlətimizin daxili işlərinə qarışmaq niyyətində olan USAİD-ə imkan verilmədi, əli boşa çıxdığı üçün Azərbaycanla bağlı dezinformasiyalar yaymağa başladı.
ABŞ-ın yeni hökuməti USAİD-in fəaliyyətini araşdırmağa başlayıb və qurumun fəaliyyəti dayandırılıb. Hətta USAİD-in Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb. Agentliyin Vaşinqtondakı Ronald Reyqan binasında yerləşən baş qərargahından quruma aid lövhənin çıxarıldığı qeyd olunur.
Milyarder İlon Maskın rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) agentliyin məxfi məlumatlarının olduğu bütün kompüter sistemlərini nəzarətə götürüb.
ABŞ Konqresinin Tədqiqat Xidmətinin məlumatına görə, ötən il USAID təxminən 40 milyard dollar məbləğində vəsaitə sərəncam verib.
Qeyd edək ki, bundan əvvəl İ.Mask təşkilatın ləğvi prosesinin başlandığını bəyan edib.
Son məlumata görə, yoxlamalar, araşdırmalar başa çatana qədər USAID-in rəhbəri dəyişib, Samanta Pauer postundan uzaqlaşdırılıb. Yoxlama bitənə, nəticələr elan olunana qədər bu quruma rəhbərlik ABŞ-ın yeni dövlət katibi Marko Rubioya tapşırılıb. O, həm də bu quruma müvəqqəti rəhbərlik edəcək.
“USAİD adlı qurum Amerika vətəndaşlarının pulları hesabına dağıdıcı, zərərli fəlaiyyətlərlə məşğul olub”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dağıdıcı, pozucu fəaliyyəti barədə Azərbaycanda hamı bilir: “Yəni biz bu haqda kifayət qədər məlumatlıyıq. Özəlliklə də son dönəmlərdə USAİD-in rəhbəri olmuş Samanta Pauerin ayrıca ermənilərə rəğbəti və antiazərbaycan mövqeyi bizdə təəccüb doğurmurdu. Bu qurumun fəaliyyəti həqiqətən də ona yönəlmişdi ki, yeni demokratiyalar dünyada yavaş-yavaş öz yerini tumağa çalışan dövlətlərə mənfi təsirləri gücləndirsin. Bunun üçün ABŞ vətəndaşlarının vergi hesabına ödədiyi pulları öz çirkin məqsədləri üçün istifadə edirdilər. Bu məsələ ilə bağlı ABŞ prezidenti Donald Tramp zaman-zaman həyəcan təbili çalırdı. Yanvarın 20-də and içib vəzifəsinə başlamazdan əvvəl də artıq bu siqnalları verirdi. Hazırda Dövlət İdarəçiliyinin Effektivliyi Departamentinin rəhbəri vəzifəsində olan iş adamı İlon Mask araşdırmalara başlayıb. Maraqlıdır ki, onun araşdırmalarına ilk andan əngəllər törətmək üçün cəhdlər edilib. Bundan sonra Tramp dövlət katibi Mark Rubionu USAİD-in müvəqqəti rəhbəri təyin edərək araşdırmalara davam edib. Ortaya çıxan səhnə, görüntülər dəhşətlidir. Bəlli olur ki, birincisi, bu qurum həqiqətən də maliyyə şəffaflığına malik deyil, ikincisi, pullar hara gəldi, necə gəldi, kimə gəldi xərclənib, üçüncüsu isə, USAİD adlı qurum Amerika vətəndaşlarının pulları hesabına dağıdıcı, zərərli fəlaiyyətlərlə məşğul olub”.
A.Həsrət qeyd etdi ki, Azərbaycanda biz bunu öz üzərimizdə hiss etmişik, dövlətimiz vaxtında onun qarşısını almaq üçün addımlar atıb, amma heç də bütün dövlətlər bizim kimi bu məsələdə şanslı deyillər. “Bir sıra ölkələrdə məhz bu USAİD-in də birbaşa iştirakı ilə inqilablar olub, daxili təlatümlərə rəvac verilib, xalqlar bədbəxtliyə sürüklənib. Belə örnəklər sırasında Gürcüstanı, Ukraynanı, “Ərəb baharına” tuş gəlmiş ərəb ölkələrini göstərə bilərik. Yəni USAİD digər bənzər qurumlarla birlikdə bu ölkələrdə daxili təlatümlərə rəvac verib. Halbuki, ABŞ-ın beynəlxalq inkişafa dəstəyinin məqsədi bu deyil. Bu həqiqətən də dəstək olmalı idi. Təəssüflər olsun ki, dəstək əvəzinə bu cür dağıdıcı fəlaiyyətlə məşğul olublar. Təbiidir ki, indiki mərhələdə proses davam edəcək. Yəqin ki, USAİD-in ermənilərə qulluqçuluq edən rəhbər şəxsləri də daxil olmaqla bəziləri ciddi cəza alacaqlar” - deyə A.Həsrət bildirdi.
İradə SARIYEVA