Niderlandın “Tvente” klubunun sol cinah müdafiəçisi Anass Salah-Eddine bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
Romalılar bu transferi 8,5 milyon avroya rəsmiləşdiriblər. 23 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmır.
Əslən Mərakeşdən olan Anass Salah-Eddine Niderlandda dünyaya göz açıb. “Alkmar”, “Ayaks” kimi klubların futbol akademiyasından keçmiş müdafiəçi 2023-cü ildən “Tvente”nin uğurları üçün çalışır. O, bu klubun heyətində meydana çıxdığı 52 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Anass Niderlandın U-15, U-16, U-17, U-18 və U-21 yığmalarında da oynayıb.
“Roma” Türkiyənin “Qalatasaray” klubunun mərkəz müdafiəçisi Viktor Nelssonla Avstriya “Zalsburq”unun dayaq yarımmüdafiəçisi Lukas Qurna-Duatı da heyətinə qatıb. “Canavarlar” bu iki oyunçunu cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüblər. Nelssonun yarım mövsümlük icarəsi üçün “Qalatasaray”a 500 min avro ödəmiş “Roma” Lukasın klubuna əlavə ödəniş etməyib.
Ölkəsinin “Nordsyelland” klubunun akademiyasında futbola başlamış Nelsson daha sonra “Kopenhagen”də çıxış edib. 2021-ci ilin avqustunda 7 milyon avro qarşılığında “Qalatasaray”a gəlmiş mərkəz müdafiəçisi İstanbul təmsilçisinin heyətində 144 oyuna çıxıb, 4 qol və 1 assistlə yadda qalıb. 2020-ci ilin noyabrında Danimarka millisində debüt etmiş futbolçu 16 oyun keçirdiyi yığmada məhsuldarlıq nümayiş etdirə bilməyib.
Lukas Qurna-Duat isə peşəkar karyerasına “Sent Etyen”də aşlayıb. 2022-ci ildən “Zalsburq”da olan 21 yaşlı fransalı futbolçu “Roma”dan öncə “Liferinq”də də icarədə olub. O, “Zalsburq”da 90 oyuna 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış yarımmüdafiəçiyə əsas millidə şans verilməyib.
“Roma” sol cinah müdafiəçisi Samuel Dalı da “Benfika”ya icarəyə verib. Portuqaliya klubu 21 yaşlı isveçli futbolçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. “Benfika” yarım mövsümlük icarə haqqı olaraq “Roma”ya 600 min avro ödəyib.
Xatırladaq ki, “Roma” Samuel Dalı 2024-cü ilin yayında “Yurqorden”dən 4,3 milyon avroya transfer edib. 21 yaşlı isveçli “canavarlar”ın heyətində cəmi 3 oyun keçirib.