RU

Sərxan Hacıyev İK qərarlarından danışdı: önə çıxan məqamlar

AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərarlarla bağlı fikirlərini bölüşüb.

Funksioner “CBC Sport”da yayımlanan “Bizim Futbol” verilişinin qonağı olub. O, proqramda öncə yeni baş katib Cahangir Fərəcullayevin təyinatından danışıb, ona uğurlar arzu edib. AFFA İnkişaf Strategiyası haqda fikirlərini bildirən Hacıyev layihədəki prioritet məsələnin Futbol Mərkəzinin yaradılması olduğunu deyib. Onun sözlərinə görə, Futbol Mərkəzinin bir əsas və 8 regionda kiçik mərkəzləri fəaliyyət göstərəcək. Bu, futbolun bölgələrə yayılması, rayonlarda inkişafı sürətləndirməyə hesablanıb.

Hacıyevin toxunduğu vacib məqamlardan biri də legioner limitinin ləğvidir. Vitse-prezident limitin olmamasının Azərbaycan çempionatında səviyyəni artıracağını qeyd edib:

“Legioner limitinin ləğvi, sözsüz, Azərbaycan Premyer Liqasının güclənməsinə səbəb olacaq. Biz də bunu gözləyirik. Yerli klublar güclənəcək və Avropada Azərbaycanı layiqincə təmsil edə biləcəklər. Yerli futbolçular da gücləndirilmiş çempionatda oynamaq şansı qazanacaq. Rəqabət artacaq, futbolçunun inkişafı üçün əlverişli şərait yaranacaq”.

Sərxan Hacıyev legioner limitinin tətbiqindəki bəzi kriteriyaları da açıqlayıb. Komandalar oyunlarda 23 nəfərlik sifariş ərizəsində 17 əcnəbini qeyd edə bilər. Hər komanda üçün 6 yerli oyunçunun olması şərtdir. Hacıyev yerli oyunçuların rəqabətədavamlılığını artırmaq, klubların onları oynatmaqda maraqlı olması üçün tətbiq edilən rüsumlara da toxunub. Funksioner ilk dəfə proqramda yerli oyunçulardan yaşı 21-23 olanlar üçün ikiqat bonuslar düşünüldüyünü açıqlayıb. Bu məsələ hələ rəsmiləşməsə də, növbəti İK iclasında müzakirə ediləcək.

Hacıyevin toxunduğu digər məsələlərdən biri isə komanda sayının artımı fonunda çempionatın formatının təşkilidir. Bununla bağlı müxtəlif versiyalar var, lakin hələ yekun qərar verilməyib. Sərxan Hacıyev qarşıdakı 2-3 həftə ərzində bu məsələ üzərində işləniləcəyini və İK-nın növbəti iclasında bununla bağlı qərarın veriləcəyini də əlavə edib.

Fevralın 3-də baş tutan iclasda ciddi qərarlar qəbul edilib. Strategiyanın təsdiqi, legioner limitinin ləğvi, komanda sayının artımı önə çıxan əsas üç məqamdır. 2025-2028-ci ili əhatə edən layihənin icrası daha önəmlidir. Hacıyev işlərə nəzarət üçün xüsusi komissiyanın – İşçi Qrupu, Komitə və s. kimi kiçik struktur planlarının da olduğunu bildirib.

Избранный
15
futbolpress.az

1Источники