“Bitcoin” (BTC) son günlərdə ABŞ-nin Çin, Meksika və Kanada ilə bağlı gömrük vergiləri ilə əlaqəli xəbərlərindən təsirlənərək dalğalanma nümayiş etdirir.
Bu çərçivədə “Bitcoin”, Kanada və Meksikanın ABŞ-nin gömrük vergilərinə cavab olaraq tədbirlər görməsindən sonra 91 000 dollara qədər gerilədi. Lakin Trampın Meksikaya tətbiq edilən gömrük vergilərini dayandıraraq bir suveren investisiya fondu elan etməsi ilə "BTC" 100 000 dollar həddini aşdı.
Bununla yanaşı, Çinin yenidən başlayan ticarət gərginliyi “Bitcoin”in qiymətini 98 000 dollara endirdi. Analitiklər bildirirlər ki, ticarət müharibəsi qorxuları və ənənəvi bazarlardakı dəyişkənlik “Bitcoin”in qısa müddətdə 90 000 dolların altına enməsinə səbəb ola bilər.
“Bitcoin” 90 000 dolların altına düşə bilər!
“Bitget Research”ün baş analitiki Rayan Li Çinin gömrük vergisi qərarının “Bitcoin” kimi riskli aktivlərdə daha böyük dalğalanmalara və qiymət azalmasına yol aça biləcəyini bildirib.
Bu çərçivədə “Bitcoin”in 90 000 dolların altına enmə ehtimalı olduğunu qeyd edən Rayan Li bunları deyib: “Artan gərginlik ənənəvi bazarlara mənfi təsir göstərə və investorları inflyasiyaya və valyuta dəyərsizləşməsinə qarşı müdafiə vasitəsi kimi ‘Bitcoin’ə yönləndirə bilər. Lakin iqtisadi qeyri-müəyyənlik nəticəsində baş verə biləcək daha genişmiqyaslı bazar satışları ‘Bitcoin’in qısa müddətdə düzəlişə məruz qalaraq 90 000 dolların altına enməsinə səbəb ola bilər.”
Li, əsas faktorun ABŞ-nin pul siyasəti olacağını vurğulayaraq belə əlavə edib: “Əgər FED iqtisadi təzyiqləri tarazlaşdırmaq üçün faiz dərəcələrini aşağı salsa, bu, likvidliyin artmasına və ‘Bitcoin’in qiymətində yüksəlişə səbəb ola bilər. Lakin bu arada ‘Bitcoin’in daha da ucuzlaşmaması üçün 97 000 dolların üzərində qalması vacibdir.”
Bundan əlavə, “DFG” investisiya şirkətinin qurucusu və baş direktoru Ceyms Vo ABŞ və Çin kimi iri iqtisadi güclərin idxal tariflərini artırmasının tarixi olaraq bazar çöküşlərinə səbəb olduğunu qeyd edib.
Bu enişin “Bitcoin”ə də təsir edəcəyini bildirən Vo deyib: “Bu vəziyyət ‘Bitcoin’, səhmlər və əmtəələr də daxil olmaqla, geniş bazarda mənfi təsir yarada bilər. "BTC" qısa müddətdə 90 000 dolların altına qədər geriləyə biləcək daha genişmiqyaslı bir düzəlişlə qarşılaşa bilər.”
Vo əlavə edib ki, qısamüddətli düşüşlər baş versə də, mümkün bir ticarət müharibəsi ABŞ dollarının dəyər itirməsini sürətləndirə bilər. Bu isə inflyasiyanı artıraraq, ABŞ dolları nominallı aktivlərdən daha çox “Bitcoin” kimi alternativlərə qlobal tələbi artıra bilər.
Rəhim