Dünyanın ən yaşlı qadını olduğu düşünülən Lin Şemu 122 yaşında vəfat edib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Fujian əyalətində yaşayan Şemunun yanvarın 1-də yuxuda öldüyü bildirilib.
Rəsmi məlumatlara görə, 18 iyun 1902-ci ildə anadan olan Lin Şemu 122 il 197 gün yaşayıb. Uzun ömrü boyu dünya tarixində iz qoyan bir çox hadisənin şahidi olan Şemu Titanik batarkən 10 yaşında olub.
Qing sülaləsinin Quanqxu dövründə anadan olan Şemu ABŞ prezidenti Teodor Ruzveltin və İngiltərənin baş naziri Lord Solsberinin rəhbərlik etdiyi bir dövrdə doğulub.
Yaxınları Şemunun həyatı boyu səhhətində ciddi problem olmadığını, qocalıqda yıxıldıqdan sonra yalnız görmə qabiliyyətini itirdiyini və ayaqlarını zədələdiyini bildiriblər.
Çində uzun ömür simvollarından birinə çevrilən Şemunun vəfatı yerli əhali və ailəsi tərəfindən böyük kədərlə qarşılanıb.