RU

Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...

Bu gün, 09:23

Avropa Məhkəməsində ölkəmizdən gedən 1968 ərizə baxılmasını gözləyir; hüquqşünas: “Həmin qərarlara diqqət yetirsək, orada yerli məhkəmənin ədalətli araşdırma aparmaq hüququnu pozduğu qeyd olunur”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2024-cü ildə Azərbaycandan göndərilmiş 76 ərizəyə mahiyyəti üzrə baxaraq 39 qərar çıxarıb və onların 38-də ən az bir pozuntu müəyyən edib. Məhkəmənin yanvarın 31-də yaydığı 2024-cü il üzrə hesabatına əsasən, ötən il Azərbaycanla bağlı çıxarılmış qərarlarda ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu aşkarlanıb. Mülkiyyət hüququ, işgəncə və pis rəftara məruz qalmamaq hüququ, ifadə azadlığı, həmçinin toplaşmaq və birləşmək azadlığı Azərbaycanda digər ən çox pozulan hüquqlar sırasındadır. Avropa Məhkəməsi 2024-cü ildə ümumilikdə mahiyyəti üzrə 1102 qərar qəbul edib. Azərbaycan barəsində çıxarılan qərarların sayına (39) görə Avropa Şurasına üzv ölkələr arasında altıncı sırada yer alıb.
Məhkəmə Rusiyaya qarşı 302, Ukraynaya qarşı 158, Türkiyəyə qarşı 73, Rumıniya və İtaliyaya qarşı 58, Macarıstana qarşı isə 51 qərar çıxarıb. Cənubi Qafqaz ölkələrindən Gürcüstan və Ermənistan barəsində isə müvafiq olaraq 18 və 16 qərar elan edilib. Digər tərəfdən, Azərbaycandan göndərilən şikayətlərin sayında ardıcıl ikinci ildir artım qeydə alınıb. Ötən il Azərbaycandan göndərilmiş 600 ərizə qəbul edilib. 2023-cü ildə bu rəqəm 438, 2022-ci ildə isə 389 olmuşdu. Hazırda Azərbaycandan göndərilmiş 1968 ərizə baxılmasını gözləyir və ölkə bu baxımdan Avropa Şurasına üzv ölkələr sırasında 8-ci yerdədir. 2024-cü ilin statistikasına əsasən, AİHM qarşısında baxılmasını gözləyən ümumilikdə 60 mindən bir qədər çox ərizə var. Bu, son beş ildə ən aşağı rəqəmdir. Azərbaycandan Avropa Məhkəməsinə şikayətlərdə artımın səbəbi nədir?
Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ
Qulamhüseyn Əlibəyli
“Yeni Müsavat”a danışan hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Avropa Məhkəməsinə müraciət hər bir vətəndaşın beynəlxalq normalarla tanınan fundamental hüququdur: “Şikayət edənlər yerli məhkəmələrin ədalətsiz qərarından narazı qaldığı üçün bu addımı atırlar. Bu vəziyyətdən sui-istifadə halları da mümkündür. Amma deməliyəm ki, Azərbaycanın məhkəmə sisteminə ictimai etimad azdır və vətəndaşlar Avropa İnsan Hüquqları Məhkəməsinə güvənirlər. Bu, həm siyasi xarakterli, həm də digər işlər üzrə olur”. Mütəxəssis həmçinin hakimlərin iş çoxluğundan vaxt tapmadıqlarına görə materiallarla tam tanış ola bilmədiklərini, araşdırılmasını öz köməkçilərinə tapşırdıqlarını söyləyir: “Azərbaycanda "telefon hüququ" deyilən anlayış var. Yəni vəzifədən istifadə edərək hakimlərə təsir göstərirlər. Ona görə də məhkəmə qərarlarında tərəflərdən birinin qaldırdığı vəsatət təmin olunur. Məsələn, cinayət işlərində istintaq orqanlarının gəldiyi nəticələr cümlə-cümlə məhkəmə qərarlarına köçürülür. Bu da narazılıq doğurur. Məhkəmə baxışı zamanı hakimin tərəflərdən birinə üstünlük verməsi halları olur. Ümumiyyətlə, belə hallarda hakim özünü tərəflərdən birinin nümayəndəsi kimi aparır. Bundan əlavə, müdafiə tərəfinin qoyduğu məsələlər araşdırılmır. Bütün bunlar bizim məhkəmə sisteminin bəlasıdır. Konkret tapşırıq olmasa da, bəzən hakimlərin istintaq orqanlarından çəkindiyini görmək olar. Çünki onların iradəsinin əleyhinə getmək istəmirlər. Bu da qapalı dairə yaradır. Nəticədə qanunsuz həbslər aparılır".
Hüquqşünas hesab edir ki, bu mənada, Avropa Məhkəməsinin qərarlarına diqqət yetirsək, orada yerli məhkəmənin ədalətli araşdırma aparmaq hüququnu pozduğu qeyd olunur: “Çünki məhkəmə iclaslarında tələsik iş aparılır, basmaqəlib ifadələrlə qərarlar qəbul olunur. Qərarlar bir-birinə uyğun gəlir, bəzi yerlərdə ad-soyad dəyişir, oxşar qərarlar verilir. Fərq bundadır ki, Avropa Məhkəməsi beynəlxalq doktrinaya söykənir, bizdə isə məhkəmə daxili hüquqa əsaslanır. O nöqteyi-nəzərdən, bir çox hallarda dövlət və ictimai maraqlar adı ilə istəmədən  vətəndaşların hüquqları pozulur. Fikrimcə, hakimlərin peşəkarlıq səviyyəsini artırmaq lazımdır, düzdür, təlimlər keçirlər, amma onların işinin ağırlığını azaltmaq lazımdır. Habelə, əgər Avropa Məhkəməsində Azərbaycan dövləti cərimə olunursa, yerli məhkəmədə qərarı çıxaran hakim ödənişdə iştirak etməlidir. Yəni cərimə işə baxan hakimin maaşından tutulmalıdır. Bu, hakimlərin işə diqqətlə baxmasına gətirib çıxaracaq. Təəssüflər ki, Avropa Məhkəməsində belə qərarlar hələ çox olacaq”.
Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə bildirir ki, Avropa Məhkəməsinə daha çox siyasi işlər üzrə şikayətlər gedir: “Paralel olaraq, mülkiyyət hüquqlarının pozulması, həbs qərarları, seçki pozuntuları, medianın azadlıqlarına məhdudiyyətlə bağlı şikayətlər göndərilir. Təbii ki, yerli məhkəmələrin qərarları buna səbəb yaradır. Hətta müxtəlif cinayət işləri, sosial hüquqların pozulması ilə əlaqədar ərizələr də yazılır. Avropa Məhkəməsinin çıxardığı qərarlar isə sonda dövlətə zərər vurur. Çünki təzminat ödəmək məcburiyyətində qalır. Ona görə yaxşı olar ki, məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilsin, hakimlərə təsirlər azaldılsın. Bundan başqa, qeyri-siyasi məsələlər haqda olan şikayətlər var ki, hakimlərin çıxardığı əsassız qərarlar hökumətin cərimələnməsinə səbəb olur. Bu zaman təzminatın ödənilməsi hakimin üzərinə qoyulmalıdır ki, məsuliyyətini dərk etsin”.
X.Teyyublu təklif edir ki, bu istiqamətdə dəyirmi masa qurulsun, hakimiyyət orqanlarının nümayəndələri, vəkillər, hüquq müdafiəçiləri, hakimlər müzakirələr aparsınlar: “Çünki hakimlərin çıxardığı qərarlar yekunda dövlətə zərər vurur. Yerli instansiyalar vəsatətləri təmin etmir, Ali Məhkəmə də qərarı dəyişmir, vətəndaş məcbur qalır ki, haqqını Avropada bərpa etsin. Ona görə vəkillər şikayətlər göndərir. Hətta adi sosial və ya əmlak məsələsi ilə bağlı qərarlar olur, yəni siyasi motiv daşımır. Halbuki bu şikayətlərin sayını azaltmaq mümkündür. Ümumiyyətlə, Avropa Məhkəməsinə gedən şikayətlərin artması Azərbaycanın başını uca etmir. Biz qalib ölkəyik, işğala və separatizmə son qoymuşuq, insan hüquqlarının qorunması istiqamətində də bu zəfərə uyğun addımlar atmalıyıq”.  
Избранный
8
1
Reportyor.tv

2Источники