RU

NQ: “Ermənistan ABŞ-ın dəstəyindən məhrum ola bilər”

Paşinyan Ağ Evin yeni sahibinə yanaşmalar axtarır

Rusiyanin “Nezavisimaya qazeta” qəzetində Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-a son səfəri barədə məqalə dərc olunub. Məqaləni qısa ixtisarla təqdim edirik.

Ermənistanın baş naziri Nikol Paşinyan 5-ci illik Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində və Milli Dua Səhər yeməyində iştirak etmək üçün Vaşinqtona işgüzar səfərə gəlib. Paşinyanın ABŞ prezidenti Donald Trampla danışıqları planlaşdırılmasa da, bu səfər təkcə Ermənistanın imici üçün deyil, həm də şəxsən baş nazir üçün vacib idi.

Amerikanın paytaxtında Nikol Paşinyana diaspor tərəfindən o qədər də isti münasibət göstərilməyib. Xüsusilə, narahat ermənilər Ermənistanın uğursuzluqlarında onun günahkar olduğunu bildirən plakat asıblar. Ancaq evə qayıdarkən baş nazir daha pis ittihamlar eşidib, buna görə də səlahiyyətlilər hadisəyə əhəmiyyət verməyiblər.

Üstəlik, erməni icması ilə görüşdə Paşinyan qurduğu yeni Ermənistanla bağlı xəttini davam etdirəcəyini bildirib. “Hazırda ideoloji transformasiya gedir. Məncə, belə bir fikir var idi ki, Ermənistan ali məqsədlərə dəstəkdir... Onlar, məncə, tarixi keçmişlə bağlıdır. İndi ideologiya belə dəyişir: Ermənistanın özü ən yüksək milli məqsəddir və ondan yüksək heç nə ola bilməz”. 

Eyni zamanda, Paşinyan vurğulayıb ki, bu, təkcə onun deyil, bütün xalqın qərarıdır. “Ermənistana mövcud olmaq şansı verən yeganə şey bu ideologiyadır. Bütün bunlara 44 günlük müharibədə məğlubiyyət və onun səbəblərinə görə gəldik. Məncə, bu gün biz bu məğlubiyyətdən keçərək müstəqil, suveren dövlətə sahib olmaq imkanı əldə etdik. Uzun müddət düşündüm və qurbanların əbəs olmadığı qənaətinə gəldim. Onlar Ermənistanın suverenliyi naminə idilər və indi biz sadəcə olaraq bu qurbanlar bahasına alınmış fürsətdən istifadə etməyə diqqət yetirməliyik”, - deyə baş nazir fikrini yekunlaşdırıb.

Paşinyan onu da bildirib ki, İrəvan Cənubi Qafqazda sülhün bərqərar olması üçün ABŞ-ın köməyinə ümid edir. “ABŞ nöqteyi-nəzərindən Ermənistanı dəstəkləməyin ən effektiv yolunun nə olduğunu soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin ABŞ siyasi elitasının prioritetləri siyahısına daxil edilməsi çox vacib olardı”, - o qeyd edib. 

Eyni zamanda, Paşinyan ölkəsinin demokratiyaya can atdığını vurğulayıb. “Biz demokratiyanı dərinləşdirməyə və onu institusional əsaslara oturtmağa çalışırıq ki, o, hakim qüvvələrin siyasi iradəsindən asılı olmasın. “Hazırda Ermənistanın demokratik yoluna əngəl törətməyə cəhdlər edilən yalnız bir alət var – müharibə, eskalasiya və münaqişə aləti”, - deyə baş nazir əlavə edib.

Bununla belə, Ermənistanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bəyan edib ki, İrəvanla Vaşinqton arasında yanvarda imzalanmış strateji əməkdaşlıq sənədi ABŞ-ın sükanı arxasında kimin olmasından və ya Amerika siyasətindəki digər proseslərdən asılı deyil. Xüsusilə, Ermənistan hakimiyyəti iki ölkə arasında tərəfdaşlığın indi “daha ​​əlverişli və daha mütərəqqi mövqedən” inkişaf edəcəyini gözləyir. 

Ancaq indiyə qədər Trampın ilk qərarları Ermənistana narahatlıqdan başqa bir şey gətirməyib. Xüsusilə, Ağ Ev Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyəti Amerikanın milli maraqlarına cavab vermədiyi üçün bağlandığını elan edib.

“Bu, Ermənistan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından və Trampın hakimiyyətə gəlişindən sonra ilk səfərdir. Bu, ona görə vacibdir ki, ABŞ-dakı erməni icmasının nümayəndələri ilə ünsiyyət qurmaq, həmçinin Ağ Evin yeni administrasiyasının nümayəndələri ilə əlaqə yaratmaq üçün potensial imkan var. Beləliklə, xarici siyasətin diversifikasiyası kontekstində maksimum proqram bu yaxınlarda imzalanmış sənəd əsasında strateji Ermənistan-Amerika münasibətlərinin fəal şəkildə dərinləşdirilməsidir. “Ən azı, Trampın demokratlardan miras aldığı eyni xartiya çərçivəsində təmaslar və ikitərəfli əməkdaşlıq”, - Orbeli Mərkəzinin eksperti Conni Melikyan Paşinyanın planlarını belə izah edib.

Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikayelyan Paşinyanın Vaşinqtona səfərində ciddi perspektiv görmür. “İrəvanın Amerika hakimiyyətinin nümayəndələri ilə heç bir rəsmi görüş elan etmədiyini nəzərə alsaq, səfər adi diplomatik məntiqə uyğun gəlmir. Ümumiyyətlə, Trampın Cənubi Qafqazda nə edəcəyi, hansı strategiyalarla razılaşdığı və s. barədə heç bir anlayış yoxdur. Eyni zamanda, Paşinyan hökumətinə lazımdır ki, ABŞ rəhbəri heç olmasa sələfi Cozef Bayden Administrasiyasının üzərinə götürdüyü öhdəlikləri təsdiq etsin”, – Mikaelyan hesab edir.

Onun sözlərinə görə, İrəvanın Qərbə yönləndirilməsi, hətta “Dünyanın kəsişməsi” Vaşinqtonun birbaşa iştirakı ilə yaradılmış layihələrdir. Lakin Paşinyan bütün bunları demokratlarla müzakirə edib və onun Trampın komandası ilə heç bir əlaqəsi yoxdur.

"Nəticədə, uğursuz bir təsadüf nəticəsində məlum ola bilər ki, Paşinyan amerikalılarla birlikdə başladı, ancaq təkbaşına bitirəcək…Ukrayna kimi”, – Mikaelyan bildirib.

Tərcümə etdi:

S.ELAY

XQ

Избранный
3
1
xalqqazeti.az

2Источники