RU

Güzəştli kredit özəl sektoru irəli aparır

Sahibkarlığın İnkişafı Fondunun (SİF) 2024-cü ildə güzəştli kreditlə təmin etdiyi sahibkarlıq subyektlərinin sayı 5 min 722-yə (2023-cü illə müqayisədə 74,7 faiz çox) çatıb. Verilən kreditin məbləği isə 28 faiz yüksələrək 248,1 milyon manat təşkil edib.

Hesabat ilində SİF-in vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə sənaye, kənd təsərrüfatı, logistika, anbar komplekslərinin yaradılması, turizm, balıqçılıq və akvakultura, kütləvi informasiya vasitələrinin inkişafı, tibb, təhsil və xidmət layihələri prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Fondun verdiyi ümumi güzəştli kredit məbləğinin 53,3 faizi kənd təsərrüfatı, 38,1 faizi sənaye məhsullarının istehsalı və emalı (o cümlədən, aqrar emal), 6,1 faizi xidmət, 2,1 faizi turizm və 0,4 faizi isə balıqçılıq sahələrinə yönəldilib.

Fondun məlumatına görə, SİF-in 2024-cü ildə güzəştli kredit ilə gerçəkləşdirdiyi layihələrin 94,7 faizi, verilmiş güzəştli kredit məbləğinin isə 72 faizi və ya 179 milyon manatı regionların payına düşüb.

Məlumata görə, son illərdə güzəştli kreditlər regionlarda sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi dinamikanın artmasına böyük töhfə verib. Bundan başqa, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dayanıqlığının və inkişafının reallaşdırılması üçün onların güzəştli maliyyə resurslarına çıxışı mühüm önəm daşıyıb. Dövlətin bu sahədə gerçəkləşdirdiyi dəstək mexanizmləri belə sahibkarlar üçün əlverişli maliyyələşmə imkanları yaradıb və onların biznes fəaliyyətlərinin genişləndirməsini şərtləndirib. Xatırladaq ki, hesabat ili ərzində fondun maliyyələşdirdiyi layihələrin 99,8 faizi, ayrılan güzəştli kredit məbləğinin isə 93,4 faizi məhz mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

Yeri gəlmişkən, burada bir məqamı da xatırladaq. Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafı diqqətdə saxlanılıb. Bu ərazilərdə özəl sektorun tərəqqisi məqsədilə infrastrukturun qurulmasına xüsusi önəm verilir. Belə ki, işğaldan azad olunan torpaqlarda investisiya mühitinin qurulması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. Qarabağ və Şərqi Zəngəzur elektrik enerjisi ilə tam təmin olunub. Bu iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Nəqliyyat infrastukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastukturu ilə birləşdirilib.

Region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan –Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yolunun (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının, subartezian quyularının, hidroqovşaqların və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılıb.

Belə bir şəraitdə, əlbəttə ki, iş adamlarının fəaliyyətində səmərəlik də yüksəlib. Sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması da unudulmayıb. Məsələn, sözügedən fond tərəfindən 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərindəki sahibkarların zəmanət – subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib.

Məlumata görə, bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalının sosial-iqtisadi, mədəni inkişafına əhəmiyyətli təsir göstərib.

Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə “Elektron kredit və zəmanət” informasiya sistemi sahibkarların istifadəsinə verilib. Bununla da onlara heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanı yaradılıb.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə icra olunan 3 layihə üzrə fonddan, ümumilikdə, 8,1 milyon manat güzəştli kredit əldə olunub.

Ötən il işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılıb. Belə ki, fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90 faizədək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi ilə 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılması və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddətinin tətbiq edilməsi qərara alınıb.

Günay QULİYEVA,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri

Sahibkarlar üçün iqtisadi baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq çox səmərəlidir. Təkcə ona görə yox ki, orada qurulan infrastruktur müasir dövrün tələblərinə cavab verməklə ən müasir texnologiyalar vasitəsilə həyata keçirilir, həm də dövlət həmin ərazilərdə sahibkarlıq mühitinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə edir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli Qanununa əsasən, Vergi Məcəlləsinə yeni “XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” əlavə olunub.

Əlavə olunmuş müddəalar həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş güzəştləri əhatə edir. Bu güzəştlərə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. Digər əsas müddəa həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarını (payçılarını) dividend gəlirlərinə görə 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsidir.

Əlavə olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən təsdiqlənən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilir. Digər tərəfdən geniş turizm potensialına malik həmin ərazilərə turist axınını stimullaşdırmaq məqsədilə ora səfər edən fiziki şəxslər mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödədikləri ƏDV-nin 30 faizi, nağd qaydada ödədikləri ƏDV-nin isə 5 faizini geri ala bilərlər.

Избранный
2
1
xalqqazeti.az

4Источники