RU

Həsən Əliyev küçəsi “Koroğlu” metrostansiyasına çatacaq

Yeni yol paytaxtın mərkəzinə rahatlıq gətirəcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata əsasən, Bakının Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisinə başlanılıb. Yeni yolun Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel layihələndirilərək inşa edilməsi planlaşdırılıb.

Avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi – Müzəffər Nərimanov küçəsinədək hissəsi 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3,9 kilometr təşkil edəcək. Layihəyə əsasən, avtomobil yolunda ümumi uzunluğu 2210 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidi tikiləcək.

Yeni yolun layihəsi Xəlil Rza Ulutürk küçəsi ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsindən başlayaraq “Ulduz” metrostansiyasının yaxınlığından keçir və Ələsgər Qayıbov küçəsindən 1240 metrlik tunel vasitəsilə mövcud metro və dəmir yolu xətlərinin altından Əliyar Əliyev küçəsinədək uzanır.

Layihə çərçivəsində “Ulduz” metrostansiyasından Ələsgər Qayıbov küçəsi istiqamətində, Bakmil metrostansiyası yaxınlığında və Əliyar Əliyev küçələrində mobilizasiya-demobilizasiya işləri yerinə yetirilib, tikinti altına düşən maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, müəyyən hissələrdə yararsız qruntun qazılaraq kənarlaşdırılması və rekultivasiya işləri, həmçinin zəruri ərazilərdə dəmir-beton svayların vurulması yerinə yetirilir, layihənin 3-cü kilometrlik hissəsində yeralti piyada keçidi inşa edilir.

Layihəyə uyğun olaraq Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında da tikinti işlərinə start verilib. Bununla əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Artıq tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmiş məbləğdə təzminat ödənilməklə söküntü işlərinə də başlanılıb. Yeni inşa edilən yolboyu tikinti altına düşən digər maneələrin (yaşayış, qeyri-yaşayış və torpaq sahələri) qiymətləndirməsi işləri həyata keçirilib və sənədləri hazırlanaraq təzminat ödənilməsi üçün aidiyyəti üzrə təqdim edilib.

Dövlət əhəmiyyətli yeni infrastruktur layihəsinin icrası zamanı ətraf mühitə və yaşıllıqlara təsirlərin maksimum dərəcədə azaldılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birlikdə monitorinqlər aparılır, movcud vəziyyət qiymətləndirilir.

Mütəxəssislərlə birgə həyata keçirilən fəaliyyət nəticəsində yaşıllıqlara dəyən ziyanın minimuma endirilməsi, uyğun ərazilərə yaşıllıqların köçürülməsi, təbiətə dəyən ziyanın bərpa dəyərinin ödənilməsi və əvvəlki həcmindən daha çox sayda yeni yaşıllıq zolaqlarının salınması üçün plan-proqram işlənib hazırlanır.

Избранный
6
xalqqazeti.az

1Источники