Potensial təhdidlər durmadan artır və bu artıq müasir dövrün qaçılmaz sosial-siyasi həqiqətidir. Dünyada baş verən hadisələr, müşahidə olunan tendensiyalar deməyə əsas verir ki, təhdidlərdən heç kəs sığortalanmayıb. İnternet texnologiyalarının inkişafı sayəsində “suveren sərhədlər” anlayışı tədricən abstraktlaşır. Milli və mədəni identiklik anlayışları da zamanla arxaizmə çevrilir və öz ictimai-siyasi aktuallığını itirirlər. Virtual reallıq bizim ənənəvi mədəni dəyərlər sistemimizi deformasiyaya uğradır. Fərqli tendensiyaların təsiri altında milli adət-ənənələr ögeyləşir və “dəbdən düşürlər”.
Bəli, bunları etiraf etmək olduqca çətindir, ancaqbiz bunu müəyyən mənada və zamanında etməliyik ki, böyük faciələr yaşanmadan arzuolunmaz tendensiyaların qarşısını ala bilək. Hər bir fərd bu cəmiyyətin parçası olaraq əlindən gələni etməlidir ki, dövlət və müstəqillik üçün təhdid yarada biləcək halların qarşısı alınsın. Qeyd olunanlar müstəvisində “vətəndaş məsuliyyəti” və “peşəkarlıq” kimi amillər xüsusi olaraq aktuallaşır. Mövcud məsələlərdə zəifliyin göstərilməsi və ya boşluğun yaranması yolverilməzdir.
İnternet və internet texnologiyaları bu gün bütün sahələrə nüfuz edir. Bu mənada siyasət sahəsi də heç də istisna təşkil etmir. “Hibrid müharibələr” ifadəsi artıq leksikonumuzun ayrılmaz hissəsidir. Bir zamanlar, ötən əsrin səksəninci illərində Hollivudun “ulduz müharibələri” filmlərində baş verənlər təsəvvür belə edə bilmədiyimiz dərəcədə bizdən uzaq görünərdi. Bu gün isə internet texnologiyaları vasitəsilə həmin müharibələr reallaşdırılır, insanların ideoloji baxışlarına və dəyərlər sisteminə təsir edilir və təhlükəli olan yanlış stereotiplər formalaşdırılır. Təsadüfi deyil ki, milli təhlükəsizliyin təmin olunması məsələsində hibrid təhlükələrin payı durmadan artır. Bu mənada təqdirəlayiq haldır ki, Milli Məclisdə “Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı” müvəqqəti komissiya yaradılıbdır.
Bəli, öz virtual mahiyyətinə rəğmən hibrid müharibələr hər bir ölkənin suverenliyinə real təhdid yaratmaq iqtidarındadır. İnternet artıq təkcə əyləncə arealı deyil, o həm də real təhdid mənbəyidir. Sözügedən həqiqət internetdən imtina etmək anlamına gətirmir. Biz mütləq olaraq qlobal tendensiyaların təsirinə rəğmən bacarmalıyıq ki, yönəldilən ölkəyə çevrilməyək. Çünki qlobal internet texnologiyalarının strateji hədəfi məhz budur: suveren ölkələri yönəldilən ölkələrə çevirmək.
Bir anlıq stereotiplərdən uzaq dayanaraq, obyektiv düşünsək və dünyada formalaşan real mənzərəni görə bilsək onun fərqində ola bilərik ki, internet bu gün sanki “dünya dinlərindən” birinə çevrilib. Son rəsmi statistikaya görə, dünyada 5 milyarddan artıq internet istifadəçisi var. Bu dinin “müqəddəs evi” sayılan internetin qapıları isə istisnasız və fasiləsiz olaraq hamı üçün açıqdır. Üzvlərinin sayı 5 milyard nəfərə çatmış hər-hansı bir dini təriqəti tanıyırsınızmı? Odur ki, düşünməyə dəyər. Təəccüblü deyil ki, son dövrlərdə müstəqil dövlətlər üçün ən böyük təhdidlər məhz ideoloji müstəvidə yaranır. İnternet vasitəsilə tirajlanan ideoloji “xütbələr” ənənəvi dəyərlər sistemini məhv edir və konkret cəmiyyətlərdə inkarçılıq mədəniyyəti yayır.
Proseslər elə səpkidə cərəyan edir ki, internet vasitəsilə dünyada qlobal miqyaslı muzdlu ordu formalaşdırılır. Sıravi internet istifadəçisi olaraq özümüzün xəbərimiz olmadan belə həmin bu ordunun üzvünə çevrilmiş və hansısa “cəbhədə” iştirak etmiş oluruq. 5 milyard internet istifadəçisinin hər biri dolayısilə internetin “muzdlu işçisidir”. Mahiyyətindən və təyinatından asılı olmayaraq hər birimizin internetdəki fəallığı “internet” üçün pul qazandırır. Bu bəsit həqiqəti unutmayaq. İnternet məkanındakı fəaliyyətimiz distant (onlayn) formada işini görən muzdlu işçinin işinə bənzəyir.
Dərinliklərə daha çox nüfuz etmək imkanlarını isə internet məhz siyasi münasibətlər müstəvisində qazanır. Təsadüfi deyil ki, həqiqəti təhrif edərək reallığı inkar edən radikal təfəkkür sahibləri internetin məhz kütləvi tendensiyaları yaratmaq potensialınadaha çox müraciət edirlər. Elə ona görə də vaxtaşırı siyasi münasibətlər müstəvisində müxtəlif eybəcərliklərlə rastlaşırıq.
Demaqogiya, ucuz populizm və şöhrətpərəstlik sosial şəbəkə istifadəçilərinin virtual “şəkər” xəstəliyinə çevrilibdir. İllər keçdikcə bu “xəstəlik” daha da kəskinləşir. Əlçatan internet vasitəsilə cəmiyyətdə yanlış sosial stereotiplər formalaşdırılır, müxtəlif manipulyasiyalar həyata keçirilir, qərəzli məlumatlar tirajlanaraq həqiqət təhrif olunur, milli identiklik məfhumunun dəyəri ucuzlaşdırılır, nihilist mədəniyyəti isə sürətlə yayılır. Əlbəttə ki, qeyd olunan tendensiyaların yaranması istənilən ölkənin siyasi sistemi üçün real təhdidlərin meydana gəlməsinə səbəb ola bilər.