Avropa Şurası Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılmasının hüquqi əsasları barədə razılığa gəlib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, əgər tribunal yaradılarsa, o, Beynəlxalq Cinayət Məhkəməsindən müstəqil olacaq.
Təcavüz cinayəti başqa bir dövlətə qarşı müharibənin başlamasından ibarət olan beynəlxalq cinayətlərin ayrıca kateqoriyasıdır. Münaqişənin həm sıravi iştirakçılarının, həm də hər iki tərəfin komandirlərinin məsuliyyətə cəlb oluna biləcəyi hərbi cinayətlərdən və insanlığa qarşı cinayətlərdən fərqli olaraq, təcavüz cinayəti yalnız hücum qərarı verən ölkənin ən yüksək rəhbərliyinə aid edilə bilər. Beləliklə, tribunalın yaradılması barədə qərar qəbul edilərsə, onun işi ilk növbədə Rusiya prezidenti Vladimir Putinə aid olacaq.
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib ki, Putinin Ukraynaya hücum və onun suverenliyini pozmaq qərarı ilə təcavüz cinayəti törətdiyinə şübhə etmir.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen də Rusiyanın hərəkətlərinin beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bildirib:
“Rusiya BMT Nizamnaməsini pozaraq, Ukraynanın sərhədlərindən tanklarla keçməyə qərar verəndə ən ağır cinayətlərdən birini - təcavüz cinayətini törətdi. İndi ədalət gəlir”.