RU

Andrey Radu “İnter”dən birdəfəlik ayrıldı - “Venesiya”ya görə

Futbol üzrə Rumıniya millisinin və “İnter”in qapıçısı Andrey Yonut Radu bundan sonra “Venesiya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Milan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

25 yaşlı qolkiper yeni klubu ilə bu mövsümün sonunadək anlaşıb. Keçidin detalları açıqlanmır.

Andrey Radu 2013-cü ildən “İnter”in sıralarında idi. Lakin o, Milan təmsilçisində heç vaxt əsas heyət üzvü ola bilməyib. Klubun əsas komandasında cəmi 5 oyun keçirmiş qolkiper, daha çox digər klublarda icarədə olub. Belə ki, o, “Avellino”, “Cenoa”, “Parma”, “Kremoneze”, “Oser” və “Bornmut”da icarə əsasında forma geyinib.

Rumıniyanın U-21 yığmasında 17 oyun keçirmiş Radu, əsas millidə cəmi 4 matça çıxıb.

“İnter” mərkəz müdafiəçisi Alessandro Fontanarosanı da “Karrareze”yə icarəyə verib. 21 yaşlı italyan futbolçu cari mövsümün sonunadək icarədə olacaq.

“Sampdoriya” və “Empoli”nin futbol akademiyalarından da keçiş Alessandro Fontanarosa 2022-ci ildən “İnter”in sıralarındadır. O, daha öncə “Kozentsa” və “Recana”da da icarədə olub. İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış müdafiəçiyə əsas millidə debüt etmək qismət olmayıb.

“Venesiya” Yonut Radudan başqa Praqa “Slaviya”sından Daniel Filanı da transfer edib. Bu keçidə görə Çexiya klubuna 4 milyon avro ödəmiş A Seriyası təmsilçisi çexiyalı hücumçu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb.

Daha öncə “Zbroyovka Brno”, “Mlada Boleslav”, “Teplitse”də də oynamış Daniel Fila 2022-ci ildən “Slaviya”da çıxış edirdi. 22 yaşlı forvard Praqa klubunun heyətində meydana çıxdığı 25 oyuna 3 qol və 2 assistlə yadda qalıb. Çexiyanın U-18 və U-21 yığmalarında oynamış futbolçuya əsas millidə ehtiyac duyulmayıb.

“Venesiya” finlandiyalı hücumçusu Yoel Pohyanpalonu da “Palermo”ya satıb. Klub bu satışdan 4,75 milyon avro qazanıb. 30 yaşlı fin forvard isə yeni klubu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb.

“Klubi 04”, HJK, “Aalen”, “Fortuna”, “Bayer”, “Hamburq”, “Union Berlin”, “Rizəspor” kimi klublarda da oynamış Pohyanpalo 2022-ci ildən oynadığı “Venesiya”da 96 oyuna 48 qol və 12 assistlə yadda qalıb. O, Finlandiya yığmasında 77 oyuna 16 qol vurub.

Избранный
10
arena.az

1Источники