RU

Lənkəranın istedadlı gəncləri robot yarışlarında kubok qazanıblar – komanda üzvləri ilə söhbət

“STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “VEX Robotics” yarışlarının “VEX IQ” kateqoriyası üzrə “JosephCUP 2025” adlı Respublika turniri keçirilib. Tədbirdə Azərbaycanın 19 fərqli regionundan 50-dən çox komanda iştirak edib, ümumilikdə, 300-dən çox şagird mübarizə aparıb. İştirak edən komandalar təhsil aldıqları məktəbləri təmsil edərək həm fərdi bacarıqlarını nümayiş etdirib, həm də komanda ruhunu ön plana çıxarıb. Yarışda Lənkəran STEAM Mərkəzində hazırlaşan Lənkəran şəhər 6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin şagirdlərindən ibarət URP komandası 2-ci yeri və “Excellence” kubokunu qazanıb.

AZƏRTAC xəbər verir ki, Lənkəran STEAM Mərkəzinin koordinatoru Maya Ağayevanın rəhbərliyi ilə URP komandası - Musa Camalov, Rəşid Ramazanzadə, Banu Camalova və Ülvi Əliyev əvvəlcədən hazırlanmış robotları ilə xüsusi tapşırıqları yerinə yetirərək həm texniki biliklərini, həm də strateji düşüncə qabiliyyətlərini nümayiş etdiriblər. Müsabiqə zamanı iştirakçılar yarış meydanında tapşırıqları yerinə yetirib, robotun dizaynı, mühəndislik prosesləri və proqramlaşdırma bacarıqlarını münsiflər heyətinə təqdim ediblər.

Komandanın kapitanı Musa Camalov deyir ki, bu uğur onları yeni nailiyyətlərə həvəsləndirir: “Bundan əvvəl SAF24 Beynəlxalq yarışına qatılmışdıq. Bu yarışda “Best of Best” kubokunu qazanaraq çempion olmuşduq. Bizim komandanın bütün üzvlərində bu həvəs uşaq yaşlarından başlayıb. Məktəbimizdə olan avadanlıqlar sayəsində bu sahəyə marağımız daha da artıb. Hazırda robot yarışlarına qatılırıq və çəkdiyimiz əziyyətin bəhrəsini görürük”.

6 nömrəli texniki-riyaziyyat təmayüllü liseyin 10-cu sinif şagirdi olan URP komandasının üzvü Ülvi Əliyev də yarışdan danışır. O, komandanın tərkibində robotu idarə edən iki nəfərdən biri olub. “Bizə 1 dəqiqə vaxt verilmişdi. Bu vaxtın 30 saniyəsində birinci sürücü robotu idarə edərək, sahə içərisindəki topları yığdı və təyin olunmuş yerə atdı. 30 saniyə bitdikdən sonra idarəetmə ikinci sürücüyə keçdi. O da robotu 30 saniyə ərzində idarə edir. Vaxt bitdikdən sonra hakimlər tərəfindən təyin olunmuş yerə nə qədər top atılıbsa, hesablandı və komanda ilə bölüşüldü. Nəticədə kuboka layiq görüldük”, - deyə Ü.Əliyev bildirir.

Banu Camalova da bu komandanın üzvüdür. O, təəssüratlarını bölüşərək deyir: “Mən yarışa hazırlaşarkən mühəndislik dəftəri düzəltdim və burada robotun necə ərsəyə gəldiyini, işlədiyini qeyd etmişdim. Bu komandanın üzvü olmaq mənə çox şey qazandırdı. Çünki exniki biliklərimi artırdım və robotun necə işlədiyini öyrəndim”.

Turnir beynəlxalq "VEX Robotics" yarışının standartlarına uyğun təşkil olunub və “VEX IQ” kateqoriyası üzrə müxtəlif tapşırıqları və robotların proqramlaşdırılmasını əhatə edib. Lənkəran STEAM Mərkəzinin koordinatoru Maya Ağayeva əldə olunan uğurdan danışarkən bildirir ki, komandanın kapitanı Musa Camalov həm də “Excellence” yarışında hakim kimi iştirak edəcək. Bunun özü də böyük uğurdur: “Biz bu mərkəzdə şagirlərin və müəllimlərin təlimləri ilə məşğul oluruq. Müəllim və şagirdlər burada müxtəlif modullar üzrə təlimlər alır. Şagirdlərimiz bu təlimlərdən yararlanaraq müxtəlif yarışlarda iştirak edirlər. Lənkəran STEAM Mərkəzində nəinki Lənkəran rayonu, hətta Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlardan da şagirdlər təlimlərə cəlb olunur. Burada şagirdlər öz bacarıqlarını üzə çıxarır, müxtəlif yarışlarda iştirak edib uğur qazanırlar”.

Qeyd edək ki, “JosephCUP 2025” adlı Respublika turnirinin əsas məqsədi Azərbaycan gənclərinin mühəndislik, robot texnologiyaları və rəqəmsal bacarıqlar sahəsində bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Избранный
3
xalqqazeti.az

1Источники