RU

"Zəngəzur dəhlizi açılmalıdır" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI

"Ermənistan Azərbaycan arasındakı sülh sazişi təqvimdən daha çox Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsindən asılıdır. Ermənistanın üzərinə sülh müqaviləsinin bağlanması ilə bağlı həllini gözləyən öhdəlikləri var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, Ermənistanın üzərinə düşən öhdəliklərdən birincisi Azərbaycana qarşı rəsmi dövlət səviyyəsində, konstitusional səviyyədə işğalçı mövqeyindən imtina etməlidir: "İkinci məsələ isə Azərbaycanla şərti sərhəddə faktiki Avropa İttifaqı müşahidə missiyasının götürülməsi, ATƏT-in Minsk qrupunun buraxılması və çox vacib məsələ olan Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərində duran öhdəliklərdir. Bu məsələlər 2024-cü ildə də həll oluna bilərdi.

Xatırlatmaq istəyirəm ki, 2020-ci il ikinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan 5 baza prinsipi ilə Ermənistana sülh sazişinin bağlanması ilə bağlı təklif irəli sürmüşdür. Bu ötən dövr ərzində sülh sazişi bağlanmayıbsa bu Ermənistanın öhdəlikləri yerinə yetirməməsinə görədir. Digər tərəfdən Ermənistanın hərəkətlərində sülhə xidmət etməyən addımlar görsənir. Şərti sərhəddə xəndəklərin qazılması, şərti sərhəd boyunca muharibə xarakterli addımların atılması, şərti sərhəd boyunca dırnaqarası müşahidə şurasının iştirak etməsi və onların Azərbaycana qarşı binokl siyasətinin həyata keçirməsi Ermənistanın sülhə xidmət etməyən addımlarının bariz nümunəsidir. Digər bir məsələdə ondan ibarətdir ki, Ermənistan istər Hindistan, istərsə də Fransa və Avropa ölkələri tərəfindən vurucu, dağıdıcı silahlarla təmin olunur. Bu da yenə qeyd etmək istəyirəm ki, sülhə doğru atılan addım deyil. Əksinə sülh müqaviləsini uzaqlaşdıran növbəti müharibə, növbəti gərginlik ehtimalını artıran addımlardır. Təbii ki, bunlarla bağlı Azərbaycan lazımi tədbirləri görür. Ancaq hərb məsələsinə gəldikdə isə 2020-ci il Vətən müharibəsi, ardınca anti-terror əməliyyatları zamanı Azərbaycan öz dövlətinin və hərbisinin qüdrətini göstərdi.

Zəngəzur dəhlizi məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, Zəngəzur dəhlizi strateji məsələdir. Zəngəzur dəhlizi açılmalıdır. Bu Azərbaycan, Ermənistan və bütün regionu təhlükəsizliyinin təminatı məsələsidir. Bununla bağlı eyni zamanda Ermənistan, Azərbaycan və Rusiya arasında 10 noyabr bəyanatına uyğun olaraq 10-cu bəndinə əsasən Ermənistan öz üzərinə komunkatsiya xətlərinin açılması ilə bağlı öhdəlik götürmüşdü. Bunlardan nöqteyi-nəzərdən Zəngəzur dəhlizi açılmalıdır. Çünki Bakıdan və digər bölgələrimizdən Naxçıvana gedişi təmin etmək lazımdır".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
6
sia.az

1Источники