RU

Julio Romao “Ferentsvaroş”a keçdi - Rəsmi

Azərbaycan çempionu “Qarabağ”ın Braziliyadan olan dayaq yarımmüdafiəçisi Julio Romao Ağdam klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Buna futbolçunun Macarıstanın “Ferentsvaroş” klubuna keçməsi səbəb olub. Belə ki, ötən gün “Ferentsvaroş”dan sabiq futbolçusu Kadi Borges Malinovskini transfer etmiş “Qarabağ” onun əvəzində Julio Romaonu Macarıstan klubuna göndərib.

Artıq “Ferentsvaroş” da Julio Romaonun transferini açıqlayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti barədə məlumat verilmir.

Romao transfer rəsmiləşdikdən sonra Ağdam təmsilçisi ilə vidalaşıb. Braziliyalı yarımmüdafiəçi “Qarabağ”ın mətbuat xidmətinə açıqlamasında Azərbaycan xalqına və kluba təşəkkür edib:

“Hamını salamlayıram. Artıq sağollaşmaq vaxtı gəlib çatdı. Burada keçirdiyim hər an üçün hər kəsə təşəkkür edirəm. “Qarabağ”a hər şeyin ən yaxşısını arzulayıram. Həmişə sizi dəstəkləyəcəyəm. Çox sağ ol, “Qarabağ”! Çox sağ ol, Azərbaycan!”

Xatırladaq ki, “Qarabağ” Julio Romaonu 2022-ci ilin iyul ayında Portuqaliyanın “Santa Klara” klubundan 350 min avroya transfer etmişdi. Həmin vaxt tərəflər 4 illik müqaviləyə imza atmışdılar. Bir sözlə, braziliyalı oyunçunun Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi mövcud idi.

Julio Romao “Qarabağ”da çıxış etdiyi müddət ərzində 120 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə isə Azərbaycan Kubokunun qalibi olub.

Избранный
6
arena.az

1Источники