Lənkəranda 4 kiloqram narkotiklə tutulan dostlara hökm oxunub. Onlar İran vətəndaşının dediyi yerdən narkotik vasitəni götürdükdən sonra saxlanılıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər instagram sosial şəbəkəsində tanış olduqları Fərhad adlı şəxsin göstərişi ilə Balıqçılar qəsəbəsində Balıqçılar sözü yazılmış dəmir lövhənin altında gizlədilən narkotik vasitəni götürüblər. Razılığa əsasən, onlar narkotiki Fərhadın dediyi adama çatdırdıqdan sonra 2 min manat pul almalı imişlər. Lakin rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar.
Zamiq məhkəmədəki ifadəsində deyib ki, dostu Mirsalehin bu işdə günahı olmayıb. O, əməlini etiraf edərək bildirib ki, Fərhad adlı İran vətəndaşı ilə özü danışıb:
“Mənə 400 qram narkotik olduğunu demişdi. 4 kiloqram olduğunu sonradan bildim. Mirsalehə zəng edib dedim ki, maşın lazımdır. Ondan xahiş etdim ki, Balıqçılar qəsəbəsinə gedək. Ona dostumun balıq gətirdiyini dedim. Qəsəbəyə çatanda Mirsaleh maşından düşmədi. Ona dedim ki, balığı götürənə qədər maşını qarşıdan döndərib gəlsin. Narkotiki götürəndən sonra “baqaj”a qoydum. Mirsaleh bunu da görmədi. Rayonda bizi polis saxlayanda Mirsaleh bildi ki, maşında narkotik var”.
Mirsaleh istintaqda fərqli ifadə veribmiş. Həmin ifadəsində Zamiqin bu işdən xəbərdar olduğunu deyibmiş.
Zamiq məhkəmədə dindirilən zaman Mirsalehin məhkəmədəki çıxışına oxşar ifadə verib. Günahsız olduğunu deyib. Amma Zamiqin də istintaqda etirafedici ifadə verdiyi məhkəmə tərəfindən elan edilib.
Məhkəmənin hökmü ilə Zamiq 6 il, Mirsaleh isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.