RU

21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” – VİDEO

Sabirabad rayonunun Sarxanbəyli kəndindəki tam orta məktəbdə yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məktəbin daxilində xoruzların gəzməsi və həyətində qoyunların otlaması təhsil müəssisəsinin vəziyyəti ilə bağlı ciddi narahatlıqlar yaradıb. Sosial şəbəkələrdə paylaşılan videolarda xoruzların məktəbin sinif otaqlarında gəzdiyi, həyətində isə qoyunların sərbəst şəkildə otlayaraq məktəbin ərazisində dolaşdığı əks olunub. Bu hadisə, məktəbin infrastrukturu və təhsil şəraiti ilə bağlı ciddi suallar doğurur.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq və təhsil eksperti Elçin Bayramlı Azərbaycanın təhsil sistemindəki ciddi problemləri gündəmə gətirib.

Mütəxəssis 21-ci əsrdə belə bir vəziyyətin təhsil mühitinə uyğun olmadığını qeyd edib:

“21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər təhsil alır. Bura Afrika deyil, Azərbaycan olmalıdır! Bu biabırçı vəziyyətdir. Ümumiyyətlə, Azərbaycan dövlət büdcəsindən ən çox vəsait ayrılan sahə təhsildir. Demək olar ki, bu vəsait 5 milyard manata yaxın vəsaitdir. Amma buna baxmayaraq, bir çox ucqar kəndlərdə ya məktəb yoxdur, ya da ki, məktəblər o qədər bərbad gündədir ki, şagirdlər məcbur olur ki, uzaq olsa da, uzaq kəndlərdə oxumaq üçün kilometrlərlə yol getsinlər. Bu da elementar minimal təhsil hüququnun pozulması deməkdir”.

Ekspertin fikrincə, Elm və Təhsil Nazirliyi tərəfindən təhsillə bağlı heç bir canfəşanlıq yoxdur:

“Bunun nəticəsində də kəndlər, rayonlar boşalır, uşaqlar yaxşı təhsil ala bilmir. Regionlarda, ucqar yerlərdə tamamilə 19-cu əsri xatırladan uçuq, xaraba məktəblərlə təhsili inkişaf etdirmək olmaz. Kompüterlərin, tədris vəsaitlərin olmaması, internet çatışmazlığı, avadanlığın, laboratoriyaların və s. bütün bunların olmadığı yerdə normal təhsili düşünmək düzgün deyil. Təhsillə bağlı bütün problem bu sahəni qəsdən nəzarətsiz, özbaşına buraxmaqdır. Burada vəsaitin olmaması və s. digər bəhanələr ola bilməz. Əgər Elm və Təhsil Nazirliyinin pulu yoxdursa, açıq çıxıb desinlər ki, pul yoxdur. Təhsil Nazirliyi qəsdən tədrisin şəraitini məhv edib”.

Təhsil eksperti bildirib ki, Elm və Təhsil Nazirliyinin heç bir maliyyə vəsaiti olmasa belə, çağırış edərək imkanlı şəxslərin dəstəyi ilə bir sıra yenidənqurma, habelə avadanlıqların alınması işlərini həyata keçirə bilərlər:

“Hətta bəzi ölkələrdə xeyriyyə cəmiyyətinin yaradılması və imkanlı şəxslərin bu cəmiyyətə dəstəyi kimi təcrübələr mövcuddur. Bu xeyriyyə cəmiyyəti həmin məktəblərin tikilməsinə, yaxud şəraitsizliyin müəyyən qədər aradan qalxmasına köməklik göstərir. Amma Azərbaycanda isə bu yoxdur”.

Ətraflı videomaterialda:

Nəzrin Bünyatova

Избранный
18
yenicag.az

1Источники