RU

Paşinyan Vaşinqtonda özünü çətinə saldı- kənar qüvvələri bölgəyə gətirən kimdir?..

Image

Elşad Musayev: “Paşinyanın dediyi əməli ilə üst-üstə düşmür”

Vaşinqtonda erməni-amerikan icmasının nümayəndələri ilə görüşdə çıxış edən baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan xarici yardım və müdaxilə olmadan qonşularının əhatəsində yaşaya bildikdə təhlükədən uzaq gələcəyini təmin edə bilər: 

“Mənim qiymətləndirməmə görə, biz bunu o zaman edərdik ki, öz bölgəmizdə, xaricilərin köməyi olmadan qonşularımızın əhatəsində rahat yaşaya bilək. Bu o demək deyil ki, biz ən müxtəlif geosiyasi mərkəzlərlə ittifaqa girməyəcəyik və ya onlarla əməkdaşlıq etməməliyik. Bizim bir məqsədimiz olmalıdır ki, bölgəmizdə xaricdən kömək və xarici müdaxilə olmadan yaşamaq şansımız olsun. Buna görə də bizim yanaşmamız budur ki, özümüzü öz problemlərimizi həll etmək üçün əsas vasitə kimi qəbul etməliyik”.

Qonşularla normal yaşamağa kim mane olur? Regiondan kənar qüvvələri bölgəyə kim gətirir? Paşinyan qonşularla münasibətlərdən bəhs edir, o biri tərəfdən Rusiya sərhədçilərini ABŞ hərbçiləri ilə əvəz edir, Azərbaycanla sərhədə Aİ missiyasını gətirir. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını Konstitusiyadan çıxarmır, sülh sazişini yubadır.

“Regional əməkdaşlıqdan danışır, regiondan kənar dövlətləri Ermənistana cəlb edir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayevin fikrincə, Paşinyan qeyri-səmimidir: “Paşinyan Vaşinqtonda deyir ki, Ermənistan xarici yardım və müdaxilə olmadan qonşuların əhatəsində yaşaya bildikdə təhlükədən uzaq gələcəyini təmin edə bilər. Bunun üçün Ermənistanın ilk növbədə Azərbaycan və Türkiyə ilə normal münasibətinin olması birinci şərtdir. Bu şərtləri yerinə yetirmək üçün Paşinyan, Ermənistan hökuməti götürdükləri öhdəliyi yerinə yetirməlidir. Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Azərbaycanın 4 kəndi hələ də Ermənistanın işğalı altındadır. Həmin kəndlər geri qaytarılmalıdır. Ən başlıcası isə, Ermənistan Konstitusiyasından Azərbaycana yönəlik ərazi iddiaları çıxarılmalıdır. Balaca cırtdan Ermənistan həm Azərbaycan ərazisinə iddia edir, həm də 4 kəndimizi işğal altında saxlayır. Hətta Qars müqaviləsindən sonra Naxçıvanın 15 faiz ərazisi Ermənistana verildi. Bolşevik Rusiyası 1920-ci ilin noyabrında 20 min kvadrat kilometr ərazimizi Ermənistana peşkəş etdi. Bundan başqa, Ermənistan Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir. Gerblərində Ağrı dağın şəkli var. İllərdir yalançı “böyük Ermənistan” xülyası ilə yaşayırlar. Deməyim odur ki, Paşinyanın dediyi əməli ilə üst-üstə düşmür. Digər tərəfdən, Nikol xarici müdaxilədən danışır, o biri tərəfdən Avropa İttifaqı müşahidəçilərini, ABŞ hərbçilərini ölkəyə gətirir. Daha dəqiq desək, Avropanın casus şəbəkəsini bu bölgəyə gətirib. Regional əməkdaşlıqdan danışır, regiondan kənar dövlətləri Ermənistana cəlb edir. Belə olan halda hansı konstruktiv yanaşmadan söhbət gedə bilər? Ona görə də Paşinyana etibar etmək olmur. Ümumiyyətlə, Ermənistan rəhbərliyinin heç vaxt dediyi ilə əməli üst-üstə düşmür. Bunların əsas mübarizə üsulları məkr və hiylədir. Ona görə də Paşinyan bu gedişlə şirin və xoş sözlər desə də, ölkəsini və regionu gərginliyə sürükləməyə çalışır. Ona görə də Ermənistan təxribata gedərsə, dövlətini itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Azərbaycan da işğal altında olan bütün torpaqlarını azad edəcək. O cümlədən, tarixi ərazilərini”.

Vidadi ORDAHALLI





Избранный
4
baki-xeber.com

1Источники