RU

İstedadlı gənclərin qiymətləndirilməsi dövlətin gənclər siyasətində mühüm yer tutur...

Image

Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir və gənclərə diqqət və qayğı prioritet istiqamətlərdən birini təşkil edir. “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir” fikirlərini söyləyən Ulu öndər Heydər Əliyev 1996-cı il fevralın 2-də keçirilən I Forumda gənclər qarşısında tarixi bir vəzifə qoydu. 

1996-cı il fevralın 2-də ilk dəfə müstəqil dövlətin gənclər forumu Azərbaycanın tarixinə Gənclər Günü kimi yazıldı. Beləliklə, 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb.

Gənclər siyasəti 44 günlük Vətən müharibəsində həlledici rol oynadı

Ümummilli lider Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini daha da təkmilləşdirdi. Belə ki, Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. 

2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub

Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub: “Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.

Daha sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi olub. Bununla yanaşı, 31 yanvar 2025-ci ildə Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir sıra şəxslərə 2025-ci il Gənclər üçün Prezident mükafatları verilib.

Ümumilikdə, ölkədə aparılan gənclər siyasəti və bu yöndə görülən işlərlə bağlı tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlıya bir sıra suallar ünvanladıq:

Gənclərlə bağlı siyasəti daha da genişləndirmək və inkişaf etdirmək lazımdır

- Məlum olduğu kimi, hər il fevralın 2-si ölkədə Gənclər Günü kimi qeyd edilir. Ötən 30 ildə dövlətin apardığı gənclər siyasətini necə dəyərləndirirsiniz?

- Bütün cəmiyyətlərdə gənclər həmin cəmiyyətin, dövlətin gələcəyini təşkil edir. Gənclər siyasəti də dövləti gələcəkdə etibarlı gənclərə verilməsinə xidmət edir. Ona görə də vətənə, dövlətə, millətə bağlı, vətəni ürəkdən sevən təmiz, saf əqidəli gənclərə ehtiyac var. Bu sahədə də dövlətimiz xeyli işlər görüb və görməkdədir. Məsələn, universitetlərdə Sabah qruplarının yaradılması, ölkə təhsilinə verilən qiymət bu baxımdan doğru siyasətdir. Bundan başqa gəncləri həvəsləndirmək üçün müxtəlif mükafatların verilməsi müsbət əhəmiyyət kəsb edir. Yəni bunların hamısı yaxşıdır. Ancaq gənclərlə bağlı siyasəti daha da genişləndirmək və inkişaf etdirmək lazımdır. Çünki gənclər tək Bakıda və Abşeronda deyil. Gənclər Azərbaycanın regionlarında da yaşayırlar. Ona görə də regionların inkişafı, sosial problemlərin həlli önə çəkilməlidir ki, bölgələrdə yaşayan gənclər də öz potensialını ortaya qoya və vətənə xidmət edə bilsinlər. 

- Bunun üçün nələrdən başlamaq lazımdır?

- Bunun üçün regionlarda gənclər üçün müvafiq infrastruktur olmalıdır, iş yerləri açılmalıdır, bölgələrdə təhsil müəssisələri fəaliyyət göstərməlidir. Hətta Bakıda olan universitetlərin bir hissəsi regionlara köçürülməlidir ki, gənclər ali təhsil almaqdan ötrü xərc töküb paytaxta gəlməsinlər. Müxtəlif sosial problemlərlə üzləşməsinlər, öz evlərindən ali məktəbə getsinlər. 

- Son illər istedadlı gənclərin irəli çəkilməsinə xüsusi önəm verilir. Ümumilikdə, bu siyasətin perspektivlərini necə qiymətləndirirsiniz?

- Müsbət dəyərləndirirəm. Gənclərə etimad göstərilməsi, irəli çəkilməsi onlara olan inamı artırır. Onlar bunun məsuliyyətini hiss edirlər. İdarəçilik təcrübəsi toplayırlar. Öz potensiallarını realizə edirlər. O baxımdan ki, bacarıqlı, qabiliyyətli gənclər irəli çəkilsin. Yoxsa tanışlıq və qohumbazlıq yolu ilə kimisə irəli çəkmək doğru deyil.

- Kadr siyasətində gənclərə üstünlük verilməsi, onlara fəaliyyətləri ilə bağlı fəxri adların verilməsi praktiki olaraq nə kimi səmərəli nəticələr verə bilər?

- Dövlətimiz gənclərin idman yarışlarında iştirakına da xüsusi önəm verir. Məlum olduğu kimi, Azərbaycan idmançıları müxtəlif yarışlarda böyük nəticələr göstərirlər. Hesab edirəm ki, regionlarda da bu uğurları təmin etmək lazımdır. Artıq bu sahədə də müəyyən müsbət nəticələr var. Məsələn, güləş üzrə Azərbaycanın Gəncə, Biləsuvar məktəbi var. Həmçinin, Şirvan məktəbi var ki, bunların yetişdirdiyi gənclər Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. Hesab edirəm ki, bu məsələləri daha da inkişaf etdirmək, gənclərə qayğını daha da artırmaq lazımdır. O mənada ki, ölkəmiz daha da inkişaf etsin.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Избранный
78
baki-xeber.com

1Источники