Son zamanlar həkimlərə qarşı total qınaq kampaniyası aparılır. Azərbaycanda səhiyyənin bərbad duruma düşməsi haqda vaxtaşırı fikirlər eşidilir. Xəstəxanalarda pasiyentlərə yalançı diaqnozların qoyulduğu, bahalı dərmanların yazıldığı, lazımsız analizlərin verildiyi iddia olunur. Əməliyyatların həddən artıq baha olduğu, əksər vaxt xəstələrin, onların ailə üzvlərinin həkimlər, klinikalar tərəfindən “soyulduğu” bildirilir.
Təbliğat coğrafiyası artıq sosial şəbəkələri, medianı aşıb, parlamentin iclas zalına keçib. Deputatlar Musa Quliyev və deputat Aqil Abbas Milli Məclisin son iclasında çıxış edib deyiblər ki, həkimlərin reklamları qadağan edilsin. Deputatlar fikirlərini belə əsaslandırıblar ki, bu cür reklamlarla xəstələr aldadılır.
Heydər Oğuz
Globalinfo.az-a danışan jurnalist Heydər Oğuz bir müddət öncə paytaxtda yerləşən klinikalardan birində əməliyyat olunduğunu bildirib.
Onun fikrincə, Azərbaycan səhiyyəsində irəliləyiş var:
“Hər kəs mənə deyirdi ki, bu əməliyyatı Türkiyədə etdirim. Lakin mən Atatürkün məşhur sözünü xatırlayaraq fikirləşdim ki, elə öz ölkəmdə əməliyyat olunacam. Bilirsiniz, Atatürkə Avropada müalicə olunmağı tövsiyə edirlər, o da cavab verir ki, məni türk təbiblərinin ixtiyarına buraxın. İndi sözün həqiqi mənasında Azərbaycanda tibb sahəsində ciddi irəliləyiş var. Xüsusilə ürək əməliyyatlarında çox yaxşı nailiyyətlərimizin olduğunu deyə bilərəm. Əməliyyat olunduğum Mərkəzi Neftçilər Xəstəxanasında bir ay ərzində 50-60 nəfərə ürək əməliyyatı icra edirlər. Ağır əməliyyat keçirənlərin də böyük əksəriyyəti öz sağlığına qovuşur. Əslində, bütün bunlar bizim uğurumuzdur. Bunu görməmək doğru olmazdı”.
Heydər Oğuz Azərbaycanda həkimlərə olan etimadsızlığın xarici güc mərkəzləri tərəfindən yayıldığını deyib:
“Bunları xüsusilə də İran tərəfi edir. Bilirsiniz ki, bu ölkənin əsas ideoloji hədəflərindən, mübarizələrindən biri həkimlərə əsaslanır. Biz bunu “Hizbullah” hərəkatında da, Azərbaycanın özündə də görmüşük. Sirr deyil ki, Azərbaycandan İrana axın çox olurdu. İnsanlar gedir, orada müalicə, əməliyyat olunurdular. Nəticədə isə İran nüfuz, pul qazanır, Azərbaycan isə nüfuzdan düşürdü. Şükür Allaha, indi tibbi sığortanın ortaya çıxması ilə əlaqədar vətəndaşlarımız daha ucuz müalicə olunmaq imkanı əldə ediblər. Bu, yalnız ölkəmizin səhiyyə, sağlamlıq təhlükəsizliyi demək deyil, həm də Azərbaycanın milli təhlükəsizliyi məsələsidir. Çünki gedib İranda müalicə olunanların bir çoxu o ölkəyə bağlı şəxsiyyətə çevrilib, Bakıya qayıdırdı. Nəticədə burda da müxtəlif təxribatlar törədirdilər. Sevindirici haldır ki, Azərbaycan bu mərhələni artıq keçib. Tədricən tibb sahəsindəki nailiyyətlərimiz də ortaya çıxacaq, daha ciddi şəkildə dərk ediləcək və insanlar tərəfindən təqdir olunacaq”.
Sosioloq Elçin Bayramlı sovet dönəmində həkimləri reklamlarının qadağan edilməsinin düzgün addım olduğunu vurğulayıb:
“Bazar iqtisadiyyatına keçdikdən sonra tam bir anarxiya yaranıb. Televiziyalar pul müqabilində saxtakar, dələduz həkimləri reklam edir, milyonlarla insanın aldadılmasına səbəb olurlar. Bunu etməklə cəmiyyətə ciddi zərər vururlar. Bir sözlə, yalançı həkimlər vətəndaşların aldadılmasına səbəb olmaqla pul qazanır. Yaxşı, savadlı, səviyyəli həkimlər isə kölgədə qalır. Bu, dərman reklamına da aiddir. Düzdür, dərman reklamı məhdudlaşdırılıb, amma tamamilə qadağan olunmalıdır. Artıq bazar sistemindən çıxmaq lazımdır. Xalqın sağlamlığı, həyatı bazar elementi, biznes strukturu deyil”.
Elçin Bayramlı
Sosioloqun sözlərinə görə, bu gün istənilən saxtakar həkim və psixoloqlar efirlərə pul verərək, verilişlərə sponsorluq edirlər:
“Efirə çıxan bəzi dələduz həkim və psixoloqlar verilişlərə 5-10 min manat pul ödəyirlər. Bunun da müqabilində 100 min, hətta daha çox qazanırlar. Bu, insanların həyatı və sağlamlığı üzərində qurulmuş çirkin bir biznesdir. Bunlar hamısı qadağan olunmalıdır! Ona görə də deputatların fikrini dəstəkləyirəm. Sovet dönəmində həkimlər xəstələrə pasient kimi baxırdılar, indi müştəri kimi baxırlar. Artıq insanların gözündə həkimlərin heç bir müsbət obrazı qalmayıb. Buna görə də son dönəmlər xarici ölkələrə üz tutan insanların sayı sürətlə artır. Səhiyyə sistemində acınacaqlı vəziyyət yaranıb”.
Elçin Bayramlı deyib ki, səhiyyə sistemində biznes yanaşması olmamalıdır:
“Tibb sahəsində çox güclü dövlət nəzarəti olmalıdır. Bütün məsələlər qanunla tənzimlənməli, insanların sağlamlığı təminat altına alınmalıdır. Həkim və dərman reklamları ilə bağlı məsələ sərtləşdirilməli, saxtakar həkimlər, dərmanlar ifşa olunmalıdır. Yalnız bu yolla sağlam cəmiyyətin yaranmasını təmin edə bilərik”.