RU

Cənubi Qafqaz bir daha hərbi poliqon ola bilməz

Ermənistandan istifadə etməklə ölkəmizə qarşı eyni mənbədən qaynaqlanan təxribatlar, işğalçının silahlandırılması davam etdirilir. İkinci Qarabağ müharibəsində Ermənistana qalib gələn Azərbaycanın Zəfərini özlərinin də məğlubiyyəti hesab edən Qərb, o cümlədən Avropa İttifaqı (Aİ), bütünlükdə hayları dəstəkləyənlər müxtəlif vasitələrlə Cənubi Qafqazı yenidən müharibə ocağına çevirməyə çalışırlar. Suverenliyini tam təmin edən Azərbaycanın güclənən siyasi, hərbi, iqtisadi qüdrətini özlərinin məhvi hesab edən Qərb, xüsusilə Fransa işğalçını dəstəkləməklə gərginliyi daha da artırır. Sözdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına tərəfdar olduqlarını bildirən Qərbin, o cümlədən Avropa İttifaqının son zamanlarda rəsmi İrəvana göstərdikləri hərbi dəstəyin demokratiyaya zərrə qədər aidiyyəti yoxdur. Aİ-nin «binokl diplomatiyası», Azərbaycanın razılığı olmadan Ermənistanda yerləşdirilən Mülki Müşahidə Missiyasının tərkibini nəzərdə tutulduğu saydan artıq olması, və onların «səlahiyyətlərinin» daha 2 il uzadılması barədə açıqlamalar, «mülkilərə» NATO statusu verilməsi kimi sərsəmləmələr, işğalçı ölkədə hərbi təlimlərin keçirilməsi… Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ayrı-ayrılıqda ciddi maneə olan bu sadalananlar, Fransanın, Hindistanın, Yunanıstanın Hayastana silah-sursat «yardımlarını» davam etmələri bu ölkənin baş naziri Nikol Paşinyanı xam xəyallara sürükləyir. Sülh sazişindən yayınmaq üçün «sülh kəsişməsi» kimi axmaq ideyanı ortaya atan Paşinyanı qorxudan digər məsələ Prezident İlham Əliyevin  Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayıtmalarında israrlı olmasıdır.

Tarixi həqiqətlərin reallaşması, haqqın, ədalətin öz yerini tutması olan bu qayıdışdan ilanın ala çatıdan qorxduğu kimi qorxan Paşinyanın özünün «Facebook» hesabında yazdığı «Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bundan xaric Qərbi Azərbaycan yoxdur və ola da bilməz» sözləri tülkü hiyləgərliyinin bir nümunəsidir. Nikol aydın başa düşür ki, sözünə imzası qədər önəm verən Prezident İlham Əliyev «İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq» vədini yerinə yetirəcək.

Sülh müqaviləsinin imzalanması üçün başlıca şərt olan Ermənistanın konstitusiyasında yer alan Azərbaycanın torpaqlarına ərazi iddiaları ilə bağlı maddənin ləğvi kimi önəmli məsələnin üstündən sükutla keçən, bu təklifi iki ildən sonraya saxlayan Paşinyanın «sülh kəsişməsi» həqiqi sülhə aparan bütün istiqamətlərdə tıxac yaradır.Bir vaxtlar beynəlxalq ictimaiyyəti artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin hərbi yolla həllinin mümkün olmadığına inandırmağa çalışanlar indi də sərsəm «sülh kəsişməsi»nə ümid bağlayırlar. Zəngəzur dəhlizinin açılması ilə bağlı ağalarının göstərişləri ilə sarsaqlayan Paşinyanın «Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil, lakin Ermənistanın yurisdiksiyası çərçivəsində» sözləri ilə savadsızlığını göstərir. Zəngəzur dəhlizini Ermənistan üçün «qırmızı xətt» adlandıran Nikol Paşinyan «Azərbaycan öz torpağı olan Naxçıvana niyə başqa yolla getməlidir» sualına real cavab tapa bilmir. Çünki həqiqəti söyləməkdən qorxur. Havadarları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilməyəcəyindən havalanır.

Reallıq budur ki, Ermənistanın pulsuz, yaxud kreditlə aldığı silahlanma yarışında Azərbaycanla rəqabət aparması köpəyin aya hürməsidir. Avropa İttifaqının dırnaqarası Sülh fondundan ayrılan vəsait də rəsmi İrəvanı üzləşdiyi bataqlıqdan çıxara bilməz. İkitərəfli danışıqlar formatının tərəfdarı olan Azərbaycan dəfələrlə bildirib ki, sülh sazişinin imzalanmasına kənardan müdaxilə heç vaxt istənilən nəticəni verməyəcək. Revanşistlərin silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. «Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər» sözləri ilə revanşist fikirlərə son qoyulmasını tələb edən Prezident İlham Əliyev faşist dövləti olan Ermənistanı region üçün təhlükə, təhdid mənbəyi, 30 illik işğal dövründə erməni silahlılarının törətdikləri Xocalı soyqırımını, dağıdılmış, viran qoyulmuş şəhər və kədlərimizin ürəkağrıdan mənzərəsini faşist ideologiyasının nəticələri adlandırır.

«Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq» söyləyən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasına göstərilən süni maneələri, bəhanələri siyasi korluq adlandırır: «Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur.» Rəsmi İrəvan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanı da unutmamalıdır.

44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra mənfur niyyətlərini başqa metodlarla davam etdirən Bayden administrasiyasının «feministlər»dən, «NO WAR»çılardan istifadə cəhdləri də baş tutmadı. Ağ Evdə səlahiyyətlərinin sona çatmasına az qalmış Ermənistanla strateji tərəfdaşlıq adlı kağız parçasını imzalayan Baydenin bu planı da Ermənistan üçün çıxış yolu olmadı. Hazırkı Prezident Donald Tramp Paşinyanı qapı arxasında saxladı. Yelisey Sarayında «Qarabağda humanitar böhranın yaşanması» kimi həqiqətdən çox uzaq gurultulu hay-küylərin qaldırılması yaxın zamanlarda baş verən anti-Azərbaycan təxribatlarının bir parçası, Nikola isə hədiyyə oldu. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, beynəlxalq hüquqla təsbit olunmuş suveren haqqımızı heçə sayan, korrursiya əməllərində ittiham edilən ermənipərəst senator Robert Menendesin erməni əsilli həyat yoldaşının ucbatından həbs olunması havadarlara nümunə olmaqla daha bir erməni kartının iflası demək idi. Bütün dünya gördü ki, qüdrətli, milli ruhu daim yüksək olan, müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirən, bəşəri dəyərlərlə paralel milli və dini dəyərləri qoruyub saxlayan, bunları inkişaf tarixində, gündəlik həyat tərzində, daxili və xarici siyasətində əks etdirən Azərbaycan unikal ölkədir və xalqımızın yenilməzlik ideyası tükənməzdir.

Cənubi Qafqazın tranzit-logistika, həmçinin regionun Qərb-Şərq və Cənub-Şimal marşrutlarının mərkəzində yerləşən, Orta Dəhliz layihəsindəki rolu və əhəmiyəti yüksək dəyərləndirilən Azərbaycan Cənubi Qafqaz Asiya və Avropa, həmçinin Yaxın Şərq arasında vacib bölgə, regionda ən strateji məkandır. Müstəqil xarici siyasət kursuna sadiq, diplomatik uğurları artan Azərbaycana ermənipərəst konqresmenlərin, lobbilərin ölkəmizə müdaxiləsi qeyri-mümkündür.

Beynəlxalq siyasətin «dəmir qanunu» hesab edilən demokratiyadan antidemokratik məqsədlərlə istifadənin özünütəkzib metodu olduğu təsdiqləndi. ABŞ-da keçirilən Demokratiya sammitlərində Azərbaycana böhtan yağdıranların, Qərbin özünəməxsus ənənəvi oyunlarının iştirakçılarının qəbul etdikləri anti-Azərbaycan qətnamələri Prezident İlham Əliyevin söylədiyi kimi, gərəksiz kağız parçasından başqa bir şey deyildi. Qanlı caynaqlarını ilişdirmək üçün «demokratiya axtarışı»na çıxanlar üçün Cənubi Qafqaz heç zaman poliqon ala bilməz. «Demokratiya nəzəriyyəçilərinin», siyasi korların söylədiklərinin əksinə sabitlik və təhlükəsizlik, nadir siyasi sabit ölkəsı olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə sürətlə inkişaf edir. Beləki, Qərbin «azadlıq və demokratiya oyunları» davam etsə də qarşılıqlı əməkdaşlıq siyasətinə sadiq, üzərinə götürdüyü öhdəliklərə əməl edən rəsmi Bakının kənar tövsiyələrə ehtiyacı yoxdur. Müstəqil daxili və xarici siyasəti olmayan, idarə olunmağı genlərində yaşadan Ermənistan isə Qərb üçün poliqon ola bilər.

Xuraman İsmayılqızı, «İki sahil»

Избранный
20
ikisahil.az

1Источники