RU

2030-a kimi Bakının bütün məktəbləri avtobusla təmin oluna bilər?...

Image

Azərbaycanda ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadə təşkil olunacaq. 

Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.

Elməddin Muradlı: “Dövlət Proqramının əsas mahiyyəti elə dövlət-özəl əməkdaşlığının səmərəli təşkil olunmağındadır”

Məsələ barədə fikir bildirən nəqliyyat eksperti Elməddin Muradlı “Bakı-Xəbər”ə şərhinə bildirdi ki, bütün məktəblər üçün bu xidmətin icrasına ehtiyac yoxdur: “Səmimi şəkildə desəm, bəzi məktəblərdə, ümumiyyətlə, buna ehtiyac yoxdur. Özəl məktəblərdə təhsilalanların bir çoxu şəxsi maşınlarla məktəblərə gəlir. Nümunə üçün deyə bilərəm ki, özəl məktəblərin birində şagirdlərin daşınması avtobuslar vasitəsilə həyata keçirilirdi. Ərazidə yaşayan insanlar küçənin dar olduğunu söyləyərək avtobusların küçəni bərbad vəziyyətə saldığını iddia etdilər. Məktəb rəhbərliyi sakinləri razı salsa da, qısa bir müddət sonra bu proses effektivliyini itirdi. İndi o məktəbə bir evdən iki şagird gəlirsə, ayrıca iki maşın gəlib-gedir. Dövlət Proqramının əsas mahiyyəti elə dövlət-özəl əməkdaşlığının səmərəli təşkil olunmağındadır. Ümumiyyətlə, bu proses səmərəli işdir. Lakin 2-3 il ərzində deyil, daha uzun bir müddət ərzində effektiv olacağını düşünürəm. Bu gün məktəbə gedən şagirdlər artıq 5 ildən sonra yuxarı sinif şagirdi olacaqlar. Məktəblərin qarşısında şəxsi avtomobillərdən istifadə edən şagirdlərə diqqət yetirsəniz, onların 95 faizinin aşağı sinif şagirdləri olduğunu görərsiniz. Onları “məktəb avtobusları” ilə aparıb-gətirmək üçün böyük bir potensial lazımdır. Sürücülərə təlim keçmək, onların iş və istirahət rejimlərinə nəzarət etmək lazımdır. Həmin nəqliyyat vasitələrində peşəkar bələdçilər olmalıdır”.

Elmin Nuri: “Bakıda məktəb avtobuslarının olması çox vacibdir”

Təhsil eksperti Elmin Nuri hesab edir ki, Bakıda məktəb avtobuslarının olması çox vacibdir: “Bu gün aşağı siniflərdə təhsil alan şagirdlərin böyük əksəriyyəti məktəbə məhz valideyn və ya başqa şəxslər tərəfindən aparılır. Bunun üçün də şəxsi minik avtomobilindən istifadə olunur. Bu da paytaxtda tıxacların yaranmasına səbəb olur. Bakıdakı nəqliyyat sıxlığını müəyyən edən əsas göstərici təhsil müəssisələridir. Bunun aradan qaldırılması, xüsusən də ibtidai sinif seqmenti üçün məktəbli avtobusunun ayrılması vacibdir”.

Günel CƏLİLOVA 





Избранный
32
baki-xeber.com

1Источники