RU

Sevgililər Günü necə yarandı? - ARAŞDIRMA

Sevgililər Günü xüsusi bir təntənə ilə qeyd olunur. Bəs, bu gün ilk dəfə necə qeyd olundu, Sevgililər Günü necə yarandı? Sevgililər Günü Müqəddəs Valentin Günü kimi də tanınan, başlanğıc tarixi qədim Roma İmperiyası dövrünə təsadüf edən, Katolik xristianların inancına görə bayram edilən tarixi gündür.

14 Fevral tarixi

Qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi.

15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa, o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.

III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda göstərilib.

O zamanlar Valentin Romada rahib idi. Valentin imperatorun Luperkalia bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. (Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.) İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tairixində xristian məzarlığında dəfn edilir.

Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" deyə məktublar göndərməsidir. Bu fakt ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir.

14 Fevral Müqəddəs Valentin Günü müxtəlif xristian məzhəblərində qeyd olunur; məsələn, Anglikan Birliyi təqvimində, bayram günü kimi Lüteran kilsəsinin təqvimində göstərilir . Ancaq 1969-cu ildə 14 Fevral Müqəddəs Valentin günü Ümumi Roma Təqvimindən çıxarıldı səbəb kimi isə , Müqəddəs Valentin haqqında 14 fevralda Via Flaminiya üzərində dəfn olunmasından başqa heç nə məlum olmadığı göstərilir.

Valentin günü

14 fevralın "Valentin günü"adı altında açıq-aşkar qeyd edilməsi rahib Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Papa Gelasius tərəfindən 496-cı ildə Roma bütpərəstlərindən qalan "Luperkalia" bayramının adı rahib Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin "Luperkalia" bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından, gənclərin heç olmasa xristianlığa bağlı adı olan bir şənlikdə — "Müqəddəs Valentin günü"ndə əylənmələrini təmin etdilər. Bununla da həmin "Valentin günü" meydana çıxdı. Başqa sözlə, Xristian kilsəsi Roma bütpərəstlərinin 15 fevralda keçirdikləri kütləvi aşkar əxlaqsızlıq bayramlarını Papa Gelasiusun təşəbbüsü ilə 1 gün əvvəlki tarixə — 14 fevrala rəsmiləşdirdi.

Sevgililər günü

İllər keçdikcə yavaş-yavaş 14 fevral sevgililərin, aşiqlərin bir-birlərinə eşq mesajları göndərdiyi bir günə çevrildi. Bununla pararel olaraq "Müqəddəs Valentin" də xristianlar arasında bütün sevənlərin qoruyucu əzizi halına gəlib belə xatırlanmağa başlandı. Sevgililər Günü 1800-cü illərdən sonra Amerikada Ester Hovlandın ilk Sevgililər Günü kartını göndərməsindən bu yana indiki vaxtda daha çox sayda insanın qeyd etdiyi ictimai bir hadisə halına gəldi. Bunun təbii nəticəsi olaraq hadisənin ticarət istiqaməti çox inkişaf etdi. Az qala hər kəs hər il 14 fevralda sevgililərinə və ya yoldaşlarına bu günün ruhu ilə inteqrasiya olunan, qarşı tərəfə sevgilərini izah edən hədiyyələr verir. Bu hədiyyələrin başında isə sadə, amma bir o qədər mənalı çiçəklər gəlir. Sevgililər gününü bəzi müsəlman ölkələri qeyd etmir. Özbəkistan, Türkmənistan, Malayziya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Pakistan Sevgililər Gününü qeyd etməyən ölkələrdir.

Əfsanələr

İngilis tarixçisi Con Foks qeyd edir ki, Valentinin Müqəddəs Hippolitus qəbiristanlığının yaxınlığında yerləşən Romadakı Praxedes Kilsəsində dəfn edildiyini bildirir. Bu əmrdə deyilir ki, əfsanəyə görə "Culiya özü məzarının yanında çəhrayı çiçəkli bir badam ağacı əkdi. Buna görə də indi badam ağacı məhəbbət və dostluğun rəmzidir"

Başqa bir əfsanəyə görə Müqəddəs Valentin, əsgərlərə Allahın sevgisini daim xatırlamaq üçün öz perqamentlərini ürəklərinin üzərindən kəsmələrini deyib buna görə də ürəyi sevginin simvolu hesab edirlər.

Milli Sevgililər Günü

Artıq 18 ildir ki, Azərbaycanda 30 iyun tarixi Sevgililər günü kimi qeyd olunur. Ən əsası isə bu günün tarixinin xüsusi özəlliyi var. Belə ki, 30 iyun tarixi 1990-cı ildə törədilmiş 20 Yanvar qırğını zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günüdür. 2003-ci ildən bəri onların toy günü - 30 iyun Azərbaycanda qeyri-rəsmi olaraq “Sevgililər günü” kimi yaddaşlara yazıldı.

Uşaqlıq dostları olan İlham və Fərizə əsil sevginin simvolu oldu. 30 İyun tarixində onlar həyatlarını əbədilik birləşdirməyə and içdilər – ailə qurdular. Cəmi 6 ay ailə həyatı yaşayan gənclərdən biri- İlham o qara gecənin- 20 Yanvarın qurbanı oldu.. Vətənin dar günündə evində, o soyuq yanvar gecəsində isti sobanın kənarında oturmağı yaraşdırmadı özünə, bayıra atıldı və ilk andaca həyatla vidalaşdı. İlham vətənə olan məhəbbəti uğrunda şəhid oldu.

O vətənə olan eşqinə görə göz yumdu həyata, Fərizə isə vətənin azadlığı uğrunda şəhid olan İlhamın eşqi yolunda həyatına son qoydu. Axı o söz vermişdi ruhunun yarısına, “sənsiz həyat mənə dar” demişdi.

Əgər fikir vermisinizsə, dünyanın müxtəlif dillərində “ər” və “arvad” bir cür deyilir və hamısı da bizim dilimizə tərcümədə hərfi olaraq “ər” və ya “arvad” deyə tərcümə edilir. Amma bizim öz dilimizdə bu anlam “Həyat yoldaşı” adını daşıyır.

SİA mövzu ilə bağlı araşdırma apararaq sosioloq və psixoloqun fikirlərini öyrənib.

Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev: "Sevgi, insanın qəlbinə Uca Yaradan tərəfindən yerləşdirilən fitri bir hissdir. İnsan qəlbində müxtəlif sevgi növləri mövcuddur: valideyn sevgisi, övlad sevgisi, bacı-qardaş sevgisi, dostluq sevgisi və Allaha olan sevgi. Bu sevgi növlərindən biri də cütlüklər arasındakı sevgidir — yəni qadının kişiyə, kişinin isə qadına olan sevgisi.

Əslində, insan birini sevirsə və ona hörmət edirsə, buna görə xüsusi bir günə ehtiyac yoxdur. Sevgi, kişi və qadın arasında qarşılıqlı bir hissdir. Cütlüklər əvvəlcə bir-birlərini sevər, sonra bu sevgi ailəyə çevrilir. Nəticədə, bu sevgidən övladlar dünyaya gəlir və ailə bağları sevgi və hörmət üzərində möhkəmlənir. Həm qadının kişiyə, həm də kişinin qadına hörmət etməsi, dəyər verməsi və hədiyə verməsi üçün xüsusi bir günə ehtiyac yoxdur. Bu münasibətlər təbii olaraq daim və hər zaman davam etməlidir.

14 fevral — “Sevgililər Günü” adlandırılan bu gün, həm dinimizə, həm də mentalitetimizə uyğun olmayan bir bayramdır. Gəlin, bu günün tarixinə nəzər salaq: tarixdə Roma imperatoru II Klaudiusun dövründə (miladın 3-cü əsrində) imperator əsgərlərə evlənməyi qadağa etmişdir. Çünki, evli əsgərlər döyüşməyə daha az həvəsli olurdular. Valentin adlı rahib isə bu əmrə qarşı çıxıb cütlükləri evləndirirdi. Bu səbəbdən dolayı Valentin adlı rahib 14 fevralda edam edilmişdir.

Bizim müsəlman cəmiyyətimiz və milli dəyərlərimiz belə mənasız bir tarixçəsi olan bir günü “Sevgililər Günü” adı altında bayram etməsi doğru sayılmır. Sevgi bayramı əslində sevgi və hörmətlə bağlı olan, insanların bir-birinə dəyər verdiyi, münasibətlərin sadiq olduğu hər gün hesab edilə bilər.

Biz, müsəlman bir toplum olaraq, bu cür “Sevgililər Günü”nü qeyd etmək əvəzinə, sevgi və hörməti gündəlik həyatımıza daşımalıyıq. Sevən kişi, sevən qadın daim bir-birinə hörmət etməli, bir-birlərini sevməli və mütəmadi olaraq kiçik sürprizlər və hədiyyələrlə münasibətlərini canlandırmalıdırlar. Əsl sevgi, hər zaman ehtiyac duyduğumuz, çox vaxt unudulan, lakin ən əhəmiyyətli olan dəyərdir.

Nəticə olaraq qeyd edim ki, sevgi xüsusi bir günə ehtiyac duymur, o, gündəlik həyatımızın bir parçasıdır. Sevgi, hər zaman qarşılıqlı hörmət və dəyər üzərində qurulmalıdır. 14 fevralın bizə təqdim etdiyi bayram ənənəsi isə, yalnız tarixindəki və mənasında bizə uyğun olmayan bir gündür. Bizim üçün ən qiymətli “Sevgililər Günü” — hər bir günün sevgi, hörmət və diqqətlə dolu olmasıdır".

Psixoloq Psixoterapevt Orxan Şəfizadə deyib: "Sevgililər Günü yalnız romantik cütlüklər üçün deyil, bütün insanların sevgi, hörmət və bağlılıq duyğularını yenidən kəşf etmələri üçün xüsusi bir fürsət kimi qiymətləndirilə bilər. Hər il fevralın 14-də qeyd olunan bu gün, təkcə kommersiya məqsədli tədbir olmaqdan çıxaraq, insan psixologiyasında dərin izlər buraxan və münasibətlərə yeni nəfəs gətirən bir bayram halına gəlib.

1. Romantik Simvolizm və İnsan Təbii Ehtiyacı

Sevgi insan təbiətinin ayrılmaz bir hissəsidir və hər kəs öz varlığında sevgi, dəstək və anlayış axtarır. Sevgililər Günü, insanların ürəklərindəki romantik duyğuları canlandırmaqla, yalnız romantik cütlüklərin deyil, həm də yaxın dostların, ailə üzvlərinin və hətta özünə olan sevgini təbliğ edən bir gündür. Bu günün simvolikası, insanlara sevginin müxtəlif formalarda ifadə olunmasının gözəlliyini və əhəmiyyətini xatırladır.

2. Psixoloji Təsirlər: Duyğusal Yenilənmə və Özünə Güvən

Psixoloji tədqiqatlar göstərir ki, insanlar sevilməyə və dəyər verilməyə ehtiyac duyurlar. Sevgililər Günü kimi xüsusi günlər, insanlara öz duyğularını ifadə etmək və qarşılıqlı emosional dəstək tapmaq üçün bir vasitə təqdim edir. Romantik münasibətlərdə, belə günlər cütlüklərə bir araya gəlib keçmişləri yad etmək, indiki anın dəyərini bilmək və gələcəyə ümidlə baxmaq imkanı yaradır. Bu cür emosional yenilənmə, insanların özünə güvənini artırır və həyat keyfiyyətinə müsbət təsir göstərir.

3. Sevgililər Günü Niyə Özəl Gündür?

Bir çox insan bəzən gündəlik həyatın tələsikliyi və stressi arasında sevgi və romantizmin dəyərini unutmaq təhlükəsi ilə üz-üzə qalır. Sevgililər Günü, bu monotonluğu qıraraq, münasibətlərə xüsusi bir diqqət və əhəmiyyət vermə fürsəti təqdim edir. Cütlüklər arasında paylaşılmış xüsusi anlar, unudulmaz xatirələr yaradır və münasibətləri daha da möhkəmləndirir. Həmçinin, bu gün, münasibətlərdəki problemlərin və məsafələrin aradan qaldırılması üçün bir növ emosional terapiya kimi işləyir.

4. Mədəniyyət və Ənənələrin Rolu

Tarixən Sevgililər Günü, müxtəlif mədəniyyətlərdə sevgi və bağlılığın simvolu olaraq qeyd olunub. Müxtəlif ölkələrdə və cəmiyyətlərdə fərqli adlarla qeyd edilsə də, əsas ideya eynidir: sevgi və insan əlaqələrinin dəyərini vurğulamaq. Bu gün, həm də insanların ənənələrini yeniləmək və sevgi hekayələrini gələcək nəsillərə ötürmək üçün bir vasitə kimi çıxış edir. Mədəniyyətlərarası dialoqu gücləndirən bu cür tədbirlər, ümumi insanlıq dəyərlərinə olan inamı artırır.

5. Sevgini Yenidən Kəşf Etmək Üçün Bir Çağırış

Sevgililər Günü, təkcə romantik münasibətlərin deyil, həm də şəxsi inkişafın və insanın özünə olan hörmətin təzahürü kimi qiymətləndirilə bilər. Özünə vaxt ayırmaq, sevdiklərinə dəyər vermək və öz duyğularını ifadə etmək üçün bu gün bir çağırışdır. Özünü sevərək və başqalarını da sevməyi öyrənərək, insanlar həyatın hər anından zövq almağı və daha dərin mənəvi bağlar qurmağı bacarırlar.

Nəticə

Sevgililər Günü, insan psixologiyasında sevgi, bağlılıq və emosional yenilənmənin simvolu kimi mühüm yer tutur. Bu gün, həm cütlüklər, həm də fərdi olaraq hər kəsin öz duyğularını ifadə edib, münasibətlərinə yeni bir ruh qatması üçün əvəzsiz bir fürsətdir. Romantik münasibətlərdə və gündəlik həyatda sevginin əhəmiyyətini xatırlatmaq, hər birimiz üçün mənəvi bir zənginlikdir. Nəticə etibarilə, Sevgililər Günü yalnız xüsusi bir bayram deyil, həm də həyatın özü kimi sevgi dolu anlar yaratmağa təşviq edən bir həyat fəlsəfəsidir.

Bu məqalə, Sevgililər Gününün dərin mənalarını və onun insan psixologiyasında oynadığı rolu açıqlamaq üçün hazırlanmış orijinal fikirlərin toplusudur. Hər kəsin həyatında sevgi və anlayış dolu anlar yaşamasını arzu edirəm".

Müəllif: Söylü Ağazadə
Избранный
13
sia.az

1Источники