Lənkərana yağan intensiv leysan yağışları nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilib.
Lənkəran şəhər İcra Hakimiyyətindən APA-nın cənub bürosuna verilən məlumata görə, fevralın 5-i axşam saatlarından davam edən yağışlı hava şəraiti fevralın 6-da da davam edib.
Lənkəran-Astara zonasında intensiv leysan yağışlar yağıb və yağıntının miqdarı Lənkəranda 133 mm-dək olub.
Kəskin hava şəraiti ilə bağlı Lənkəran rayonu ərazisindəki bir sıra çaylardan sel keçib, bir sıra fərdi yaşayış evlərini və təsərrüfat sahələrini sel basıb.
İntensiv yağan leysan yağışları nəticəsində suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün rayonun bəzi ərazilərində qısa müddətli subasma halları müşahidə edilib.
Hava şəraitinin kəskinləşməsi ilə bağlı Lənkəran rayon Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Rayonun subasma halları müşahidə olunan ərazilərində aidiyyəti qurumlarla birgə işlər aparılır.
Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin ağır texnikaları ərazilərə cəlb edilib, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin işçi qüvvəsi səfərbər olub, mərkəzin xilasediciləri tərəfindən bir neçə ailənin üzvü təxliyə edilib.
Bununla belə, subasma halları müşahidə olunan ərazilərdə gündəlik tələbat mallarının tədarükü tam şəkildə təmin edilib, rayon ərazisində qazın, işığın və elektrik enerjisinin verilişində heç bir problem yaranmayıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti rəhbəriliyi subasma halları müşahidə olunan ərazilərə baş çəkib, işlərin gedişatı ilə maraqlanıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, hazırda rayonun bütün aidiyyəti idarələri koordinasiyalı şəkildə bu istiqamətdə fəaliyyətini davam etdirir.
***
11.33
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonunun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə müraciətlər daxil olub.
APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Bununla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 22 nəfər vətəndaş təxliyə olunub.
***
11.26
Ötən gecədən başlayan güclü yağış Lənkəranda fəsadlar törədib.
APA-nın cənub bürosunun xəbərinə görə, şəhərin mərkəzi küçələri və bir neçə kəndi su basıb.
Su basan ərazilərə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/06/small/67a464c61ba5f67a464c61ba60173882695067a464c61ba5c67a464c61ba5e.jpg)
![Lənkəranda](https://apa.az/storage/news/2025/february/06/small/67a464c62568d67a464c62568e173882695067a464c62568a67a464c62568c.jpg)