RU

Reda Belahyane 9,5 milyon avroya “Latsio”ya keçdi

İtaliyanın “Verona” klubunun dayaq yarımmüdafiəçisi Reda Belahyane bundan sonra “Latsio”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Latsio” bu transferi 9,5 milyon avroya rəsmiləşdirib. 20 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Əslən Mərakeşdən olan Reda Belahyane Fransada dünyaya göz açıb. O, peşəkar karyerasına Fransanın “Nitsa” klubunda başlayıb. “Verona” gənc yarımmüdafiəçini 2024-cü ilin yanvar ayında 500 min avro müqabilində məhz “Nitsa”dan transfer etmişdi. O, İtaliya klubunun heyətində meydana çıxdığı 24 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.

Reda Belahyane vaxtilə Fransanın U-18 yığmasında çıxış etsə də, 2024-cü ilin oktyabrında Mərakeş millisində debüt edib. O, millidə meydana çıxdığı hələlik yeganə matçında fərqlənə bilməyib.

“Latsio” Danimarkanın “Vayle” klubunun mərkəz müdafiəçisi Oliver Provstqoru da transfer edib. İtaliya klubu bu transferi 4 milyon avroya rəsmiləşdirib. Danimarkalı 21 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Qeyd edək ki, Oliver Provstqor “Vayle”nin yetirməsidir. O, 2022-ci ildən bu klubun əsas komandasında oynamağa başlayıb. Müdafiəçi əsas komandada meydana çıxdığı 91 oyunda 3 qola imza atıb.

Provstqor Danimarkanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında da oynayıb. 2022-ci ilin noyabr ayından etibarən isə o, ölkəsinin U-21 yığmasında forma geyinir. Hazırda o, bu komandanın kapitanıdır.

Избранный
81
arena.az

1Источники