RU

Təcrübənin sonunda işlə təmin olunmayanlar - Hər təcrübə karyeranın başlanğıcıdır?

Sosial şəbəkələrdə gənclərin iş təcrübəsi ilə bağlı bir narazılıqlarına çox rast gəlirik. Qeyd edirlər ki, bir çox şirkətlər onları təcrübəyə götürürlər, təcrübəni uğurla keçdikləri halda işlə təminat sözü verirlər. Amma böyük çoxluq düşünür ki, təcrübə adı ilə cəlb edib onları işlədirlər, təcrübə müddəti bitəndə isə “yola salınır”lar. Yəni, təcrübə müddəti bitəndə, uyğun olmadığı bildirilir və uzaqlaşdırılır. Bu hallar nə dərəcədə doğrudur? Doğrudursa, bu vəziyyət işləmək istəyən gənclərin karyerasına necə təsir göstərir?

“Bəzi şirkətlərin yanaşması yanlışdır”

İnsan Resursları üzrə mütəxəssis Abid Səmədov Valyuta.az-a bildirdi ki, bu, insan resursları sahəsində aktual və mübahisəli mövzulardandır. Təcrübə proqramları həm şirkətlər, həm də gənclər üçün qarşılıqlı faydalı ola bilər, lakin bəzən bu proqramlardan düzgün istifadə edilmədiyi hallar da müşahidə olunur.

A.Səmədov bildirib ki, bəli, bəzi şirkətlər təcrübə proqramlarını işə qəbulun ilkin mərhələsi kimi təqdim edir, amma əslində ondan yalnız ucuz və ya ödənişsiz işçi qüvvəsi kimi istifadə edirlər. “Bu cür hallar etik baxımdan doğru deyil və şirkətin imicinə uzunmüddətli ziyan vura bilər. Əgər bir müəssisə təcrübəçilərə işə qəbul olunmaq üçün ümid verir, amma sonra onları yalnız pulsuz işçi kimi istismar edib uzaqlaşdırırsa, bu, işəgötürənlərin etibarlılığına ciddi zərbə vurur”.

“Gənclərin karyerası təsir altında olur”

A.Səmədov bu kimi hallar gənclərin motivasiyasına mənfi təsir edir: “Gənclər çox zaman təcrübə proqramlarını karyeralarının başlanğıcı kimi görürlər. Təcrübədən sonra işə qəbul olunmamaq onların inamını və motivasiyasını azalda bilər. Təəssüf ki, bəzi təcrübə proqramları real iş mühiti təqdim edir və gənclərə praktik bilik qazandırır. Ancaq təcrübə yalnız “məcburi iş” formatında keçirsə, onlar real bilik və bacarıqlardan çox uzaq qalırlar. Təcrübəçilər iş təcrübəsi kimi sadəcə bir neçə ay çalışdıqlarını göstərirlər və təbii ki, davamlı olaraq təcrübəçi statusunda olmaq və iş tapmamaq onların əmək bazarında dəyərini azalda bilər”.

“Şirkətlər real dəyərləndirmə etməlidir” 

İnsan Resursları üzrə mütəxəssis bu kimi halların baş verməməsi üçün şirkətlərin üzərinə düşən vəzifələrdən danışdı: “Şirkətlər bu kimi məsələlərdə dürüst yanaşmalı, təcrübə proqramına başlamazdan əvvəl gənclərə açıq şəkildə bildirməlidirlər ki, bu proqram işə qəbul üçün zəmanət deyil, sadəcə onların bacarıqlarını inkişaf etdirmək üçündür. Şirkətlər real dəyərləndirmə sistemi ilə təcrübəçilərin performansını obyektiv şəkildə dəyərləndirməli və işə qəbul prosesi ilə bağlı əvvəlcədən dəqiq qaydalar müəyyən etməlidir. Qeyd edim ki, qanunvericiliyin bu məsələyə nəzarəti vacibdir. Şirkətlərin təcrübə proqramlarını sadəcə ödənişsiz işçi qüvvəsi kimi istifadə etməsinin qarşısı alınmalıdır”.

“Gənclər real perspektivi dəyərləndirməlidir”

A.Səmədov gənclərə və şirkətlərə mövzu ilə bağlı məsləhət verdi: “Gənclərə məsləhətim odur ki, təcrübə seçərkən real perspektivləri dəyərləndirsinlər, şirkət haqqında araşdırma aparsınlar və gözləntilərini düzgün müəyyən etsinlər. Şirkətlər isə öz növbəsində etik standartlara riayət edərək, gələcək peşəkarları düzgün istiqamətləndirməlidirlər”.

Sərvanə Rəmixanova

Избранный
40
valyuta.az

1Источники