RU

Marselo futbolçu karyerasını başa vurdu

Braziliya millisinin və İspaniyanın “Real” (Madrid) klubunun sabiq müdafiəçisi Marselo futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, cinah müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, 36 yaşında futbolla vidalaşıb. Braziliyalı futbolçu bunları qeyd edib: “Bir oyunçu kimi futboldakı səyahətim sona çatmaq üzrədir”.

Marselonun sonuncu iş yeri “Fluminense” olub. O, 2024-cü ilin noyabr ayında Braziliya klubundan qovulandan bəri işsiz qalmışdı.

Təcrübəli futbolçu “Fluminense”yə 2024-cü ilin fevralında Pirey “Olimpiakos”undan azad agent qismində keçmişdi. Marselonun “Fluzao” ilə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi. Braziliyalı futbolçunun “Fluminense”nin heyətində ümumi statistikası belədir: 107 oyun, 11 qol, 3 məhsuldar ötürmə.

Marselo daha öncə də “Fluminense”nin şərəfini qoruyub. Braziliyalı müdafiəçi məhz bu klubdan 2007-ci ilin yanvarında 6,5 milyon avro müqabilində “Real”a keçərək, 2022-ci ilin sentyabrına qədər İspaniya nəhəngində çıxış edib. O, məşhur braziliyalı sol cinah müdafiəçisi Roberto Karlosun xələfi kimi həm “Real”da və həm də Braziliya millisində yüksək səviyyəli sabit oyunu ilə fərqlənib.

“Mars” “Real”la 6 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Marselo 2006-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 58 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib. “Mars” “selesao” ilə 2013 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

Избранный
12
arena.az

1Источники