Ötən il birbaşa imtahanla bağlı neqativ hallara yol verdiyi üçün 194 nəfər zal nəzarətçiləri bazasından xaric olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, həmin nəzarətçilər 2024-cü il ərzində imtahanlarda köçürməyə şərait yaratmaq, materialların səhv paylanılması, etik davranış qaydalarının pozulması, imtahana gəlməmək, zalda imtahan rəhbəri tərəfindən mobil telefonun aşkar edilməsi və s. kimi hallara yol verdiklərinə görə DİM-in zal nəzarətçisi bazasından çıxarılıblar.
Mərkəzin məlumatında qeyd edilib ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 min 661 nəfərdən ibarət olub. Onlardan 4 min 41 nəfəri - ümumi bazanın 25,8%-i zal nəzarətçisi sertifikatı almış şəxslərdir.
Ötən il respublika üzrə imtahanlara 14 min 428 nəzarətçi 55 min 133 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 3,8 dəfə imtahana cəlb edilib.