“Politico” qəzeti ABŞ Demokrat Partiyası haqqında müsbət məqalələrə görə ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) 8 milyon dollar alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Görünür, USAID və digər agentliklərdə milyardlarla dollar oğurlanıb, bunların böyük hissəsi demokratlar haqqında gözəl hekayələr yaratmaq üçün saxta mediaya "rüşvət" verilib. Görünür, “Politico” 8 milyon dollar alıb", - o, “Truth Social”da yazıb.
Prezident əlavə edib ki, bu, tarixdə ən böyük qalmaqal ola bilər və demokratlar bundan qaça bilməyəcəklər.
Qeyd edək ki, ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması İdarəsinin (Department of Government Efficiency, DOGE) rəhbəri olan iş adamı İlon Mask daha əvvəl bildirmişdi ki, ABŞ-nin icra hakimiyyəti orqanları “Politico”, “The New York Times” qəzetlərinə və “Associated Press” informasiya agentliyinə abunəliyin ödənişini dayandırır.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ötən gün bildirib ki, ABŞ hökuməti “Politico”ya illik dəyəri təxminən 8 milyon dollar olan abunəliyi ləğv edəcək. O qeyd edib ki, əslində, “Politico” Amerika vergi ödəyicilərinin hesabına subsidiyalaşdırılıb və DOGE komandası artıq qəzetə ödənişlərin ləğvi istiqamətində işə başlayıb. İndi Maskın idarəsi ABŞ federal orqanlarının digər KİV-lərə abunəlik xərclərinin yoxlanılmasına başlayıb.