![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/bmt-ag-ev.webp)
Azər Həsrət: "Dünya doğrudan da beşdən böyükdür, TŞ daimi üzvlərinin sayı artırılmalıdır və o üzvlərdən biri də qardaş Türkiyə olmalıdır"
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların BMT-nin İnsan Haqları Şurasından və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyindən çıxması ilə bağlı fərman imzalayıb. Birləşmiş Ştatlar YUNESKO-da gələcək iştirakını da nəzərdən keçirəcək. Bu barədə Ağ Ev məlumat yayıb.
Sənədə əsasən, BMT-nin bəzi strukturları beynəlxalq sülh və təhlükəsizliyin təşviqi missiyasından kənara çıxıb və ABŞ-ın maraqlarına zidd fəaliyyət göstərir.
Trampın sərəncamında deyilir ki, Birləşmiş Ştatlar BMT-nin İnsan Haqları Şurasında iştirak etməyəcək, quruma yenidən seçilmək istəməyəcək və ABŞ-ın qurumdakı missiyasına son qoyur. Vaşinqton, həmçinin, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərq üzrə əməkdaşlarını oktyabrın 4-də Fələstin HƏMAS-ın İsrailə hücumunda iştirak etməkdə ittiham edib.
Tramp, həmçinin, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (YUNESKO) üzvlüyün davam etdirilməsinin mümkünlüyünün araşdırılmasına göstəriş verib. Tədqiqat ABŞ dövlət katibinin rəhbərliyi altında, ABŞ-ın BMT-dəki səfiri ilə razılaşdırılaraq aparılacaq. Jurnalistlər qarşısında sərəncamı imzalayan Tramp bildirib ki, ABŞ-ın BMT-yə ödəmələrini kəsmək üçün əsas olub-olmaması ilə bağlı araşdırma aparılmasına göstəriş verib. “Həddindən artıq pul ödəyirik” deyib. BMT haqqında danışan ABŞ prezidenti qeyd edib ki, “təşkilatın böyük potensialı var, lakin zəif işləyir”.
Bu o anlama gəlirmi ki, Tramp administrasiyası dönəmində BMT-nin heç bir nüfuzu olmayacaq, o dağıla bilər?
“Bakı-Xəbər” qəzetinə məsələ ilə bağlı münasibət bildirən siyasi şərhçi Azər Həsrət bildirdi ki, Donald Trampın BMT ilə bağlı bu addımları, əlbəttə, dünyada bir təlatümə səbəb olacaq: "Çunki BMT-nin ən böyük donoru elə Amerikadır. Yəni bu təşkilatın maliyyələşdirilməsində Amerikanın böyük rolu var. İndi ABŞ-in ayrı-ayrı istiqamətlər üzrə BMT ilə iş birliyini dayandırması bu qurumun maliyyə durumuna ciddi təsir edəcək. Hətta o da mümkündür ku, BMT ilə bağlı yeni bir hərəkat başlansın.
Əslinə qalanda, biz beynəlxalq tribunalardan dəfələrlə BMT-nin qeyri-səmərəli bir dövlətlərarası qurum olduğunu dilə gətirmişik. Həqiqətən də belə bir nəhəng təşkilat qətnamələr qəbul edir, həmin qətnamələr isə kağız üzərində qalır, icra edilmir. Elə Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasını buna misal gətirə bilərik. Yəni BMT-nin dörd qətnaməsi on illərlə masa üzərində qaldı, hec bir nəticə olmadı. Ən nəhayət, Azərbaycan öz gücünə torpaqlatını azad etmək məcburiyyətində qaldı. Bu baxımdan BMT səmərəsiz bir təşkilatdır və onun yenidən qurulması və ya buraxılıb başqa təşkilatın yaradılması gündəmə gələ bilər. Əslində belə da olmalıdır. BMT-də o qədər dərin bürokratiya var ki, artıq onun səmərəliliyi müzakirə edilməlidir.
Mənim də işində iştirak etdiyim İnsan Haqları Şurası Cenevrədə toplaşır, ciddi müzakirələr gedir, hesabatlar, qətnamələr qəbul edilir, amma bu sənədlərin təsiri ilə heç nə dəyişmir.
Məsələn, qonşu İranda türklərin hüquqlarının pozulması bu Şurada 2023-cü ilə qədər müzakirə edilməyib. 2023-cü ilin mart və iyul aylarında mən o Şuranın işində istirak etmişəm. Həmin ilin mart toplantısında mən güney azərbaycanlıların hüquqları ilə bağlı çıxış etdim. Hətta məruzəçiyə də yaxınlaşıb iradımı bildirdim ki, siz İranda insan haqlarının pozulması ilə bağlı bu boyda hesabat hazırlayırsınız, amma orada Azərbaycan türkləri barədə bir kəlmə də yoxdur. O da bəhanə gətirdi ki, bununla bağlı bizə məlumat verən olmayıb. Ondan sonra biz güneyli dostlarımızla birlikdə bu məsələnin üstünə getdik. Nəhayət ki, 2023-cü ilin sentiyabr ayında İranda türklərin hüquqlarının pozulması ilə bağlı məsələ məruzəyə salındı.
İndi təsəvvür edirsinizmi, bütün dünyanın gördüyü bir faktı bunlar görmür. Bu ona görə belədir ku, BMT "nə şiş yansın, nə kabab" prinsipi ilə işləyir. Yəni heç kəsin xətrinə dəymək istəmirlər. Məsələn, BMT İran kimi repressiv bir dövlətin də, Rusiya kimi təcavüzkarın da, ABŞ kimi hegemonun da xətrinə dəyməmək prinsipini tutub. Tramp da bütün bunları gözə alaraq BMT ilə üzülüşməklə bağlı fəaliyyətə keçib və bu düzgün addımdır.
Ümumiyyətlə, düşünürük ki, BMT ilə bağlı islahatlar dərinləşməlidir. Qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, dünya beşdən böyükdür. Yəni BMT TŞ-nın beş daimi üzvü dəyişdirilməlidir. Çünki Fransa, Böyük Britaniya, ABŞ, Rusiya və Çin kimi dövlətlər BMT qurulandan TŞ-də daimi üzvlərdir və dəyişmirlar. Bu beşlik bu və ya digər şəkildə dünyaya zülm edən dövlətlərdir. Məsələn, Rusiya işğalćılıqla məşğuldur, Çin doğu Türküstanda uyğurlara və tibetlilərə zülm edir, Fransa geniş müstəmləkələri ilə məşhurlaşıb, Amerikanın dünyada törətdikləri göz önündədir və s. Ona gorə düşünürəm ki, Trampın bu addımları BMT-də islahatlara başlanılmasının bir anonsu olmalıdır ki, bu qurum dağilmasın. Və ya dağılsın, yerində daha ədalətli və funksional bir qurum yaradılsın. Yəni dünya doğrudan da beşdən böyükdür, TŞ-nin daimi üzvlərinin sayı artırılmalıdır və o üzvlərdən biri də qardaş Türkiyə olmalıdır".
Dəniz NƏSİRLİ