RU

Məşhur “Aşıq  Pəri” məcliyi yazıya keçib, kitab oldu

Əlbəttə, bu hamının arzusu idi ki, “Aşıq Pəri” məclisi haqqında kitab yazılsın. Axır ki, bu arzu reallaşdı. Belə ki, 26-da Bakıda, “Şahənşah” şadlıq sarayında, tanınmış şair, sazın, sözün keşiyində yorulmadan dayanan Pərvanə xanım  Zəngəzurlunun rəhbərlik elədiyi "Aşıq Pəri" məclisinin üzvlərinin şeirlərindən ibarət "Zəfər günəşi" adlı kitabın təqdimatı oldu. Kitab Ali Baş Komandanımıza, müqəddəs şəhidlərimizə, vətənimizin bütövlüyünə, qələbəmizin sevincinə həsr olunmuş şeirləri özündə əhatə edir. Məclisin rəhbəri Pərvanə Zəngəzurlu tədbiri açıq elan etdikdən sonra, "Aşıq Pəri" məclisinin indiyə kimi olan uğurlarından və gələcəkdə görəcəkləri işlərdən danışdı.

Tədbiri idarə eləmək üçün sözü hər misrasından bal daman, Vətən ətirli şeirlərin müəllifi, tanınmış şair Südabə İrəvanlıya verdi. Xanım şairəmiz tədbirin mahiyyətindən danışıb, müəllifləri və iştirakçıları yeni çap olunmuş kitabın araya-ərsəyə gəlməsi münasibəti ilə təbrik elədi. Sonra çıxış üçün sözü türk dünyasının tanınmış şairi, Şöhrət ordenli Səadət Butaya verdi. Səadət xanım kövrək səsi ilə yeni kitaba xeyir-dua verib, maraqlı şeirlərindən səsləndirdi. Sonra Südabə xanım Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərliyə söz verdi. Xətai müəllim Azərbaycanda aşıq sənətinə olan dəyərdən danışıb, Aşıq Pəri məclisinin üzvlərinə uğurlar arzuladı. Tanınmış qəzəlxan-şair Lilpar Cəmşidqızı Qarabağ Fatehinə həsr olunmuş "Azərbaycan" rədifli və “Aşıq Pəri” məclisinin rəhbəri Pərvanə Zəngəzurluya həsr elədiyi qəzəlləri səsləndirdi. Südabə xanım növbə ilə bütün iştirakçılara söz verdi. Hər kəs məclis və yeni çap olunmuş "Zəfər günəşi" kitabı haqqında fikirlərini bildirdi. Bir-birindən gözəl saz ifaları tədbirə gözəl rəng qatdı. Hər kəsin gözündə sevinc, üzündə gülüş olan tədbir maraqlı çıxışlarla sona çatdı.  “Aşıq Pəri”  məclisinin rəhbəri, üzvləri və qonaqlar möhtəşəm “Şahənşah” da tədbirin keçirilməsinə şərait yaratdığına görə sarayın rəhbəri, hörmətli Rəşid müəllim  Süleymanova təşəkkürünü bildirdilər.

Yaxşılıq etmək doğrudan da çox  müqəddəs işdir. Dahilər bu haqda necə də gözəl kəlamlar deyiblər: Nizami Gəncəvi “Yaxşılıq insanlıq sənətidir “. Uilyam Şekspir: “ Gələcəyimiz üçün ən yaxşı sərmayə etdiyimiz yaxşılıqlardır”.  Amerika filosofu Henri Devid Toqonun dediyi bu kəlam isə bütün insanlar üçün bir ali məqsəd olmalıdır: “ Yaxşılıq yeganə libasdır ki, heç vaxt köhnəlmir”.   Arzum budur ki, belə xeyirxah, imkanlı  insanlarımız çox olsun və “Aşıq Pəri” məclisində olan çox istedadlı insanların da ayrıca kitablarının çap  olunmasına maliyyə yardımı eləsinlər. Əgər onların kitabları ayrıca çap olunsa, ədəbiyyatımıza çox yaxşı töhfələr olar.

Lipar CƏMŞİDQIZI,
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Çeşmə”  Ədəbi Məclisinin sədri



Избранный
36
herbiand.az

1Источники