“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun 1/4 finalında “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Maraqlı oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Yolumuza davam edirik. Çempionat matçına hazırlaşacağıq. 4 gündən sonra oyunumuz var. Kubok oyunları fərqli olur. Üstünlük qazandığımızı düşünmürük. Mərhələ adlamaq üçün cavab oyununda da maksimum güc qoymalıyıq”.
Baş məşqçi Karlos Jatoba və yeni transfer etdikləri Əyyub Allaş barədə də fikirlərini bölüşüb:
“Jatoba bizim oyun üslubumuza uyğun futbolçudur. İlk turlarda da əsas heyət üzvü idi. Sadəcə, zədəyə görə geri düşmüşdü. Hazırlaşır, güvəndiyimiz futbolçudur. Getdikcə o da optimal formaya düşəcək.
Əyyub Allaşın transferinə gəlincə, hər bir futbolçu komandaya yeni güc qatır. Əyyub da tanıdığımız, güvəndiyimiz futbolçudur. Təklifimizə isti yanaşdı. Bizim üçün faydalı olacaq”.
Elmar Baxşıyev Premyer Liqada komanda sayının 12-yə çatdırılması və legioner limitinin ləğv edilməsi barədə qərarlara münasibət bildirmək istəməyib:
“Bu suala cavab vermək istəmirəm. Qərarı verən verib. Bizim nəsə deməyimiz nəyisə dəyişməyəcək. Nəyə əsaslanıb qərar veriblər, maraq doğurur. Premyer Liqada məşqçilərin çoxu limitin götürülməsinə qarşı idi. Bizim fikri öyrənmək istəyirsinizsə, o fikir də heç nəyi dəyişməyəcəksə, qoy cavabı bizdə qalsın”.
“Başqa qol epizodu xatırlamıram”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə qarşılaşma barədə bunları dilə gətirib:
“Kuboka uyğun oyun keçdi. Çox qol epizodundan danışa bilmərik. Hər iki komanda mübarizə apardı. Küləkli hava da futbolçulara mane olurdu. Ona görə də baxımlı futbolun şahidi olmadıq. Kubok oyunları bu şəraitdə keçir. Penaltidən qol buraxdıq. Başqa qol epizodu xatırlamıram. Biz də epizodlara girə bilmədik.
İlk oyundan sonra rəqib öndədir. Biz də udsaydıq, ikinci matçda eyni ssenari olacaqdı. “Araz-Naxçıvan” çox az qol buraxır. Etibarlı müdafiə olunmağı bacarırlar. Ola bilər ki, işimiz əziyyətli olsun. Çalışacağıq ki, evdəki matçda nəticə əldə edək, mərhələ adlayaq. Qalib gəlmək istəyirik. Sıx qrafikdə oynayırıq. Cavab matçından sonra Tovuzda oynayacağıq. Çox güc sərf edəcəyik”.
Sadıqov “Zirə”nin legioneri Salifu Sumaya təkliflərin olması barədə suala isə belə cavab verib:
“Tək Salifuya yox, bir neçə futbolçumuza təkliflər var. Rəsmi də var, rəsmi olmayan, maraqlananlar da. Hansı klublar olduğunu açıqlamayacağam. Amma rəsmi təklif də gəlib. Biz də Salifu ilə söhbət etdik, müqaviləsinin müddətini artırdıq. Onun və bizim xeyrimizə olan qərar qəbul etdik. Klubumuz hər zaman təklifə açıqdır. Vacib olan odur ki, bizdən gedən oyunçu irəli getsin, inkişaf etsin. Təkliflər futbolun bir hissəsidir. Suma bizimlədir, yenə də ciddi təklif olsa, götür-qoy edərik, həm bizim, həm də onun özü üçün uyğun qərarı verərik”.