RU

Netanyahu və Trampın son "Qəzza planı" dünya nizamını sonadək dağıda bilər...

Image

Xaqani Cəfərli: "İki dövlətli həll yolunun önünün açılması üçün İsrail dövlətinin mövcud olma, Fələstin dövlətinin yaranma haqqı tanınmalıdır"

ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb. Prezident Trampın sözlərinə görə, bu təklif fələstinlilərin ərazidən birdəfəlik çıxarılmasını və Birləşmiş Ştatların bölgəni nəzarətə götürərək onu iqtisadi baxımdan inkişaf etdirib müxtəlif millətlərin sülh şəraitində yaşaya biləcəyi "mükəmməl" bir məkana çevirməsini nəzərdə tutur.

Trampın dediyinə görə, bu plan fələstinlilərin digər ölkələrə köçürülməsindən sonra həyata keçiriləcək. O, İsrail və HƏMAS (ABŞ, Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır) arasında bir ildən çox davam edən müharibədən sonra Qəzzada dağılmış binaların yaratdığı vəziyyəti "cəhənnəm çuxuru" adlandırıb.

O, belə radikal bir addımın vacib olduğunu vurğulayaraq, fələstinlilər və israillilər arasında onilliklərdir sürən münaqişəni həll etməyə yönəlmiş əvvəlki təşəbbüslərin nəticə vermədiyini bildirib.

Britaniya, Çin, Almaniya, İrlandiya, Rusiya və İspaniya iki dövlətli həll yolunu - Qəzza və İsrailin işğalı altındakı İordan çayının qərb sahilini əhatə edəcək müstəqil Fələstin dövlətinin yaradılmasını - dəstəkləməyə davam etdiklərini bildiriblər. Yaxın Şərqdə onilliklərdir davam edən münaqişə və müharibələrə son qoymağa yönəlmiş iki dövlət təklifi uzun müddətdir ki, ABŞ-ın bölgədəki siyasətinin əsasını təşkil edir, baxmayaraq ki, Netanyahu hökuməti buna qarşı çıxır.

Məlum olduğu kimi, ötən əsrin əvvəllərinə qədər bu bölgədə yəhudilər kompakt şəkildə yaşamayıb, onlar  buraya sonradan köçürülub. Tarixi ədalət o olar ki, gəlmə yəhudilər, yəni İsrail dövləti başqa bölgəyə köçürülsün.

Beynəlxalq hüquqa görə bu, etnik təmizləmə sayılır. Hər bir xalqın dədə-baba torpaqlarında yaşamaq və inkişaf etmək hüququ var.

Onu da qeyd edək ki, Donald Trampın Benyamin Netanyahu ilə görüşü zamanı ABŞ prezidentinin İsrailin baş nazirinə ağsaqqalı kimi stul çəkməsi dünya mediasının diqqətindən yayınmayıb. Bu ona işarədir ki, Donald Tramp yəhudi mafiyasının əlində əsirdir və ona görə belə gözlənilməz təkliflər verir.

Dünyanın liderlərindən biri olan ABŞ prezidentinin dövlətin illərdir dəstəklədiyi prinsipdən geri çəkilərək belə bir biabırçı təklif irəli sürməsinin altında daha nələr gizlənir, məqsəd nədir?

Baki-xeber.com saytına açıqlamasında politoloq Xaqani Cəfərli bildirdi ki, ABŞ prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı təklifi beynəlxalq hüquqa zidd olsa da, bölgədə mövcud olan, dəyişməsi də mümkünsüz görünən reallıqlardan irəli gəlir: "Birincisi, beynəlxalq hüquq sarsılıb və dağılmaqda davam edir. Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi bu prosesi dərinləşdirib. Bu isə bütün dünyada gedən proseslərə təsir edir. 

İkincisi, HƏMAS və Qəzza zolağında fəaliyyət göstərən digər radikal təşkilatların, onları müdafiə edən xarici qüvvələrin əsas məqsədi müstəqil Fələstin dövlətinin yaranması ilə yanaşı İsrailin bir dövlət kimi məhv edilməsidir. Yəni beynəlxalq hüquq Trampdan əvvəl bu qüvvələr tərəfindən tapdanıb. Belə bir şəraitdə münaqişənin iki dövlətli həll yolu mümkün deyil. 

İki dövlətli həll yolunun önünün açılması üçün İsrail dövlətinin mövcud olma, Fələstin dövlətinin yaranma haqqı tanınmalıdır. Bunlar bir-birinə bağlı məsələdir. İsrailin mövcud olma haqqını inkar və onu məhv etməklə, hədələməklə Fələstin dövlətinin yaranmasının yolu bağlanıb. Üstəlik, münaqişənin dini tərəfi də var. Belə bir şəraitdə siyasətçilərin populyar olmayan, qeyri-standart qərarlar qəbul etməsi mümkün olur. Tramp da bu yolla getmək istəyir. Bu təklifin gerçəkləşməsi, effektli olması çətin təsəvvür edilsə də, reallıqların doğurduğu nəticədir. Xalqlar dinc yanaşı yaşaya bilmədikdə qeyri-standart təşəbbüslər üçün şərait yaranır.

Ərəblər də yəhudi xalqı ilə dinc yanaşı yaşamağa hazır olmadıqlarını tarix boyu dəfələrlə sübut ediblər.

Belə bir şəraitdə Tramp Qəzzanı boşaltmaq, orada yeni yaşayış məskənləri salmaqla İsrailin təhlükəsizliyini təmin edəcəyini düşünür. Ancaq əminəm ki, ərəb çoğrafiyasında ciddi dəyişikliklər baş verməyənə qədər, münaqişəni birdəfəlik həll etmək mümkün olmayacaq. Ərəb çoğrafiyasında isə yaxın 100-150 ildə ciddi dəyişikliyin baş verə biləcəyinə inanmıram".

Dəniz NƏSİRLİ





Избранный
29
baki-xeber.com

1Источники