RU

Azərbaycanda "Rus Evi" bağlanır

Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya nota verib.

Nazirlik bildirib ki, buna səbəb Rus evinin hüquqi şəxs qismində qeydiyyatının olmaması və Azərbaycan qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır

Nota fevralın 3-də göndərilib.

"Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib", - Azərbaycan XİN bildirib.

Bakı "Rus Evi"nin bağlanması ilə bağlı Rusiya tərəfindən müvafiq tədbirlərin görtülməsini gözləyir, - qurum açıqlayıb.

Rossotrudniçestvo Agentliyinin rəhbəri Yevgeni Primakov Azərbaycanda fəaliyyət göstərən "Rus Evi" ilə bağlı nota aldıqlarını təsdiqləyib.

Yerli Rossiya 24 kanalına müsahibə verən Primakov deyib ki, Bakının notasında "Rus Evi"nin qeydiyyatdan keçməsi tələb olunur.

Lakin rusiyalı rəsmi mərkəzin fəaliyyətinin dayandırılması ilə bağlı hər hansı açıqlama verməyib.

Primakov deyib ki, "Rus Evi" ilə bağlı iki ölkə arasında gərginlik ilk dəfə deyil ki, baş verir.

Onun sözlərinə görə daha əvvəl bununla bağlı gərginlik 2017-ci ildə - Azərbaycan mərkəzin təcili qeydiyyatını tələb etdiyi vaxt yaşanıb.

O, mərkəzin qeydiyyatı ilə bağlı yaranmış problemə görə Azərbaycanı ittiham edib.

"Məsələ burasındadır ki, illərdir qeydiyyatla bağlı bizə kömək etmələri üçün Azərbaycandakı səfirimiz, nümayəndəlik ofisimiz, eləcə də Xarici İşlər Nazirliyimiz dəfələrlə Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edir. Biz hər zaman mədəniyyət mərkəzini qeydiyyatdan keçirməyə hazır idik, lakin bizim çağırışlarımız cavabsız qalıb. Məsələ bundan ibarətdir. Məsələnin həlli hər zaman Azəbaycan tərəfindən asılı olub", - Yevgeni Primakov deyib.

O, problemi həm də Azərbaycan qanunvericiliyindəki boşluqdan qaynaqlandığını iddia edib.

Primakov deyib ki, hüquqi şəxs kimi "Rus Evi"ni qeydiyyatdan keçirmək üçün Azərbaycan qanunvericiliyində tənzimləyici mexanizm yoxdur.

Azərbaycan Xarici İşlər Nazirliyi BBC-yə Primakovun bu iddiası ilə bağlı şərhi olmadığını, yaydığı bəyanatda mövqeyini açıq şəkildə ifadə etdiyini bildirib.

"Rus Evi" 1997-ci il iyulun 3-dən etibarən iki ölkə arasında əldə edilmiş razılaşma əsasında fəaliyyət göstərib.

Rəsmi Moskva və Bakı arasında münasibətlər ötən ilin dekabrında AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra pozulub.

Azərbaycan Prezidenti Ilham Əliyev təyyarənin Rusiyada vurulduğunu deyib, rusiyalı həmkarı Putin buna görə üzr istəyib.

Amma Bakı Moskvanın günahını etiraf etməsini və təzminat ödəməsini tələb edir.

Videoya Youtube kanalımızda baxın.

Избранный
8
bbc.com

1Источники