RU

İsveç hökuməti su ekosistemlərinin mühafizəsi proqramına ayrılan maliyyə vəsaitini azaldıb

İsveç, 7 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç hökuməti su mühitində invaziv növlərlə mübarizə aparmaq üçün ildə 10 milyon kron (təxminən 880 min dollar) ayıracağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu, reallıqda büdcənin 80 faiz ixtisarı deməkdir, çünki əvvəllər bu məbləğ hər il 50 milyon kron (təxminən 4,4 milyon dollar) təşkil edirdi.

2024-cü ildə İsveçin Dəniz və Su Təsərrüfatı İdarəsi maliyyələşdirməni hazırkı səviyyədə davam etdirmək təklifini irəli sürüb və onun kəsiləcəyi təqdirdə ciddi nəticələr barədə xəbərdarlıq edib. İnvaziv növlərlə mübarizədə gecikmələr daha baha başa gəlir və uzunmüddətli ekoloji problemlərə gətirib çıxarır. Lakin payız büdcəsində hökumət bu məqsədlər üçün cəmi 10 milyon kron ayırıb. Halbuki, 30 milyon kronluq əlavə maliyyələşdirmə ilə ümumi büdcənin 40 milyon krona çatacağı gözlənilirdi. Nəticədə ümumi büdcə 9,1 milyon kron (hər inzibati vahid üçün 39 min dollar) qədər azaldılıb.

Hökumətin bu qərarı sərt reaksiyaya səbəb olub.

Vestra-Hötaland dairəsi administrasiyasından Anna Dimming bildirib ki, 10 milyon kron vəsaitdən “yeni təşəbbüs” kimi danışmaq, əslində, qənaət edib büdcəni 80 faiz azaltmaq bu sahədə çalışan hər kəsə istehza ilə yanaşmaq deməkdir. O vurğulayıb ki, Aİ qaydalarına əsasən, İsveç invaziv növlərlə mübarizə aparmağa borcludur.

Maliyyə vəsaitinin kəsilməsi səbəbindən artıq nəzarətdən kənarda qalan növlərdən biri də İsveçdə bir sıra göllərdə yayılmış invaziv növ - bataqlıq çiçəyi otudur. Bununla mübarizə aparmaq üçün qaralmış örtüklü üzən strukturlardan istifadə olunur.

Dəniz və Su Təsərrüfatı İdarəsi ekspertləri vurğulayırlar ki, vəsaitlərin azalması ən zəruri tədbirlərin həyata keçirilməsini çətinləşdirəcək. Belə ki, artıq icrası başlanmış layihələr məhdudlaşdırılmalıdır və bu sahədə əldə edilən nəticələr itirilə bilər.

Yerli media iqlim və ətraf mühit naziri Romina Purmoxtaridən 80 faizlik azalmanın niyə təşəbbüs adlandırıldığını və bunun gələcəkdə daha da böyük xərclərə səbəb olacağı riskini necə qiymətləndirdiyini soruşub. Hələ ki, bu suallara cavab verilməyib.

Избранный
6
azertag.az

1Источники