RU

Neymar Marseloya səsləndi: “Nə əla ki, sən braziliyalısan”

“Santos”un braziliyalı ulduz hücumçusu Neymar sol cinah müdafiəçisi Marselonunun futbolçu karyerasını başa vurması ilə bağlı danışıb.

Arena.az məlumat verir ki, “Ney” özünün “X” sosial şəbəkə hesabı üzərindən dərc etdiyi yazıda “Mars”a səslənib:

“Karyeranın necə keçdiyini təbrik edirəm, dostum. Tarixdəki ən yaxşı sol cinah müdafiəçilərindən birinin yolunun bir hissəsi olmaq mənim üçün bir şərəf idi! Nə əla ki, sən braziliyalısan. Əldə etdiyin hər şeydən həzz al, qardaş, sən buna layiqsən”, – Neymar duyğusalcasına səslənib.

Xatırladaq ki, fevralın 6-da Marselonun futbolçu karyerasını başa vurduğu məlum olub.

36 yaşlı Marselonun sonuncu iş yeri “Fluminense” olub. O, 2024-cü ilin noyabr ayında Braziliya klubundan qovulandan bəri işsiz qalmışdı.

Təcrübəli futbolçu “Fluminense”yə 2024-cü ilin fevralında Pirey “Olimpiakos”undan azad agent qismində keçmişdi. Marselonun “Fluzao” ilə müqaviləsi 2024-cü ilin dekabr ayının sonuna qədər qüvvədə idi. Braziliyalı futbolçunun “Fluminense”nin heyətində ümumi statistikası belədir: 107 oyun, 11 qol, 3 məhsuldar ötürmə.

Marselo daha öncə də “Fluminense”nin şərəfini qoruyub. Braziliyalı müdafiəçi məhz bu klubdan 2007-ci ilin yanvarında 6,5 milyon avro müqabilində “Real”a keçərək, 2022-ci ilin sentyabrına qədər İspaniya nəhəngində çıxış edib. O, məşhur braziliyalı sol cinah müdafiəçisi Roberto Karlosun xələfi kimi həm “Real”da və həm də Braziliya millisində yüksək səviyyəli sabit oyunu ilə fərqlənib.

“Mars” “Real”la 6 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kral Kubokunun, 5 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Marselo 2006-cı ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 58 oyuna çıxıb, 6 qol vurub, 12 məhsuldar ötürmə verib. “Mars” “selesao” ilə 2013 FIFA Konfederasiyalar Kubokunun qalibi olub.

Избранный
102
arena.az

1Источники